OPV və İPV poliomielit xəstəliyinə qarşı vurulan peyvəndlərdir

Poliomielit sinir sistemini zədələyən, əzələlərin iflicinə səbəb olan və ağırlaşmış halda ölümlə nəticələnə bilən yoluxucu xəstəlikdir.
Yoluxma fekal-oral (çirkli əllər, yoluxmuş qida, əşyalar, oyuncaqlar, çirkab sular və s.) və ya hava-damcı yolu ilə, əsasən, ağız boşluğuna virusun düşməsi ilə baş verir. Poliomielitə adətən 15 yaşa qədər uşaqlar, nadir hallarda isə böyüklər də yoluxa bilərlər. İlkin əlamətləri yoluxmadan sonra 3-35 gün ərzində müşahidə olunur.
Xəstəlik adətən soyuqdəymə simptomları və hərarətin yüksəlməsi ilə başlayır. Bir qədər sonra xəstədə möhkəm əzələ ağrıları və süst ifliclər inkişaf edir.
Bu zaman ətraflardan birinin, yaxud hər ikisinin hərəkət aktivliyi itir və tənəffüs əzələlərinin iflici nəticəsində tənəffüs çətinləşir.
Poliomielitin diaqnozu yalnız laborator müayinə nəticəsində qoyulur.
Poliomielit əleyhinə xüsusi müalicə yoxdur. Xəstənin müalicəsi yalnız xəstəliyin simptomlarının yüngülləşdirilməsindən ibarətdir. Poliomielit keçirmiş insanların çoxu ciddi iflic qalıqları ilə üzləşir. Adekvat fizioterapiya olmadıqda iflicə məruz qalmış əzələlərin funksional aktivliyi bərpa olunmur.
Hər bir uşaq 2 yaşadək mütləq poliomielit vaksininin 5 dozasını almalıdır.
Peyvəndin yalnız tam kursunu alan uşaqlar poliomielitdən qorunmuş hesab olunur.
YAZTV
YAZTV