Ukraynanın İnfrastruktur naziri Aqrar Universitetdə olub


Ukraynanın infrastruktur naziri Vladislav Krikliy Gəncə şəhərinə səfəri çərçivəsində nümayəndə heyəti ilə birlikdə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub.

ADAU-dan PAŞATv-ə bildiriblər ki, görüşdə universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov Prezident İlham Əliyevin son 5 ildə 3 dəfə Aqrar universitetdə olması, Şərqi Avropada analoqu olmayan yeni tədris korpusu, təhsil müəssisəsinin maddi-texniki bazası, beynəlxalq əlaqələrin inkişafı, ikili diplom proqramları haqqında naziri ətraflı məlumatlandırıb.

Nazir V.Krikliy ADAU barədə təəssüratlarının müsbət olduğunu, Odessa Dövlət Aqrar Universiteti ilə başlayacaq əməkdaşlığın da gələcək əlaqələrin inkişafına böyük səmərə verəcəyini bildirib.

Sonra Odessa Dövlət Aqrar Universitetinin rektoru, baytarlıq elmləri doktoru, professor Mixayıl Broşkov əməkdaşlıq və imkanlar barəsində geniş məlumat verib, ADAU ilə yaxın əlaqələr qurmaqda maraqlı olduqlarını bildirib.

Sonda müəllim, tələbə mübadilələri, qarşılıqlı dərsliklərin yazılması, ixtisaslaşmış şuraların yaradılması barəsində əməkdaşlıq memorandumu imzalanıb.