Azərbaycanla Pakistan arasında hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə olunub


Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Məhəmməd Amcad Xan Niazi ilə görüşüb.

PAŞATv xəbər verir ki, İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı tarixi Zəfər münasibətilə təbriklərini çatdıran Məhəmməd Amcad Xan Niazi Pakistanın ölkəmizin haqlı mövqeyini daim dəstəklədiyini, ölkələrimizin bir-birinə göstərdiyi köməyin hər hansı maddi maraqlardan deyil, xalqlarımızın tarixi köklərindən, dini və mədəni əlaqələrindən, ortaq bağlardan qaynaqlandığını vurğulayıb, Kəşmir məsələsində Azərbaycanın Pakistana dəstəyini yüksək qiymətləndirib.

Admiral Pakistan Hərbi Dəniz Qüvvələri tərəfindən keçirilən AMAN-21 beynəlxalq hərbi dəniz qüvvələri təlimində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin zabitlərinin iştirak etdiyini və gələcəkdə Azərbaycandan iştirakçıların sayının daha da artırılmasını arzu etdiklərini vurğulayıb. Diqqətə çatdırıb ki, Pakistanın Hərbi Dəniz Qüvvələrinin mövcud təhsil, təlim və hərbi-texniki imkanlarının Azərbaycan Hərbi Dəniz Qüvvələri üçün daim açıqdır.

Amcad Xan Niazini Pakistanın Hərbi Dəniz Qüvvələri komandanı vəzifəsinə təyin olunması münasibətilə təbrik edən Əli Əlizadə Vətən müharibəsində Azərbaycanın Qələbəsi ilə əlaqədar təbriklərə görə təşəkkürünü bildirib, Pakistan dövlətinin və xalqının ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyin Azərbaycan dövləti və xalqı tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

Səfir Azərbaycanın ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlıqda maraqlı olduğunu, hərbi dəniz qüvvələri sahəsində də ikitərəfli əməkdaşlığın uğurla davam etdiyini və daha da inkişaf edəcəyinə əmin olduğunu bildirib.

Görüşdə regional təhlükəsizlik və ikitərəfli əlaqələrdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.(AZƏRTAC)