Müşfiq Cəfərov: Azərbaycan Vətən müharibəsindəki Qələbəsi ilə regionda yeni reallıq yaratdı

Azərbaycan 44 günlük Vətən müharibəsində Zəfər qazanaraq öz torpaqlarını erməni işğalından azad etdi. Azərbaycan Ordusu ermənilərə 200 ildə görmədikləri ən ağır zərbəni vurdu, düşmən ordusunu yerlə-yeksan etdi. Azərbaycan Vətən müharibəsindəki Qələbəsi ilə regionda yeni reallıq yaratdı.
PAŞATv xəbər verir ki, AZƏRTACA açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
Deputat diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin Zəngəzur məsələsindəki qətiyyəti, bu amili müntəzəm olaraq gündəmə gətirməsi Azərbaycan xalqının öz tarixi torpaqlarından əl çəkmək fikrində olmadığını göstərir. Zəngəzur dəhlizi Azərbaycanın maraqlarına tam şəkildə cavab verən bir məsələdir. Bu dəhlizin açılması Azərbaycanın Türkiyə və türk dünyası ilə qovuşması, iqtisadi fayda deməkdir. Zəngəzur dəhlizi həm də mədəni, mənəvi, tarixi bağlarımızın genişlənməsinə, daha da möhkəmlənməsinə vəsilə olacaq. Zəngəzurun bir vaxtlar Ermənistana verilməsi böyük ədalətsizlik və ölkəmizə qarşı qərəzli münasibətin təzahürü idi. Zəngəzur tarixi Azərbaycan torpağıdır. Zəngəzurun o vaxtkı əhalisinin mütləq əksəriyyəti azərbaycanlılar idi. Bu ərazinin Ermənistana verilməsi ilə Azərbaycan coğrafi baxımdan iki yerə bölündü. Həmçinin böyük türk dünyası iki yerə ayrıldı. Bu ədalətsizlikdir, bu sağalmayan yaradır. Həqiqətən də 1800-cü illərin əvvəllərinə qədər Zəngəzurda erməni adında nəinki bir tayfa, ailə olmayıb, heç bir nəfər də erməni yaşamayıb. Göründüyü kimi, indiki Ermənistanda yaşayan ermənilərin sələflərinin demək olar ki, əksəriyyəti vaxtilə xarici ölkələrdən köçüb gələnlərdən ibarətdir.
Deputat qeyd edib ki, Zəngəzur dəhlizinin açılması həm də azərbaycanlıların tarixi torpaqlarına qayıtması deməkdir.