Co Baydenin hakimiyyəti dövründə dünyada ABŞ-a münasibət necə dəyişib?


Co Baydenin inauqurasiyasından sonra ötən 100 gün ərzində dünyanın əksər ölkəsində Birləşmiş Ştatlara münasibət yaxşılaşıb.

PAŞATv yerli KİV-lərə istinadla xəbər verir ki, bu barədə məlumat “Morning Consult” kompaniyasının keçirdiyi sosial sorğunun nəticələrində əksini tapıb.

Kompaniyanın əməkdaşları tədqiqatlarında 14 ölkədə yetkin yaşlı əhalinin rəyini soruşub. Onlardan 12-də Co Baydenin hakimiyyəti dövründə ABŞ-a münasibətin yaxşıya doğru dəyişildiyi məlum olub.

Sorğuya əsasən, Ağ Evin yeni administrasiyanın üç aylıq fəaliyyəti ərzində ABŞ-ın obrazı Almaniyada 47 faiz yaxşılaşıb. İctimai fikirdə ABŞ-a qarşı ən mənfi dəyişikliklər isə Çində qeydə alınıb. Baydenin hakimiyyətə gəlməsindən sonra Birləşmiş Ştatlara münasibət 13 faiz pisləşib. Ümumilikdə isə Çin əhalisinin 74 faizi ABŞ-a mənfi, 17 faizi isə müsbət yanaşır. Rəyi soruşulan çinlilərin 9 faizi isə bu barədə müəyyən fikrə malik olmadıqlarını bildiriblər.

Hindistanda əhalinin 79 faizinin Amerikaya münasibəti yaxşıdır. Onlar bu məsələdə hətta amerikalılardan da çox loyallıq nümayiş etdiriblər. Belə ki, ABŞ sakinlərinin yalnız 78 faizi öz ölkəsindəki dəyişikliklərə müsbət yanaşır.

Qeyd edək ki, aprelin 16-25-də keçirilən sorğuda tədqiqata qatılan hər ölkədən azı 1100 nəfər iştirak edib.