Ağdam rayonunda ümumi məhsul buraxılışı 39,2 faiz artıb


Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası nəticəsində ölkəmizin bütün bölgələrində olduğu kimi, Ağdam rayonunun da sosial-iqtisadi göstəriciləri yüksəlib, rayon iqtisadiyyatının inkişafı təmin edilib.

Ağdam Rayon Statistika İdarəsindən PAŞATv-ə  bildiriblər ki, 2021-ci ilin yanvar-mart aylarında ilkin məlumata görə, iqtisadiyyatın bütün sahələri üzrə 34 milyon 678,1 min manatlıq məhsul istehsal olunub. Bu, əvvəlki ilin müvafiq dövründəkindən 9 milyon 774,6 min manat və ya 39,2 faiz çoxdur.

Məhsul buraxılışının 11 milyon 598,6 min manatı və ya 33,4 faizi aparıcı sahə olan kənd təsərrüfatının payına düşür. Bu dövrdə 5 milyon 325,7 min manatlıq sənaye məhsulu istehsal olunub, 12 milyon 122,8 min manatlıq tikinti-quraşdırma işləri görülüb. Ümumi məhsulun 140,1 min manatı nəqliyyat və anbar təsərrüfatından, 179,6 min manatı informasiya və rabitədən, 5 milyon 311,3 min manatı ticarət sektorundan əldə edilib.