Tramp Təhsil Nazirliyini ləğv etməyə hazırlaşır


ABŞ prezidenti Donald Tramp uzun müddətdir planlaşdırdığı Təhsil Nazirliyinin bağlanması ilə bağlı sərəncamı imzalamağa hazırlaşır. 

Valyuta.az “The Wall Street Journal"ın məlumatına istinadən xəbər verir ki, qərar bu gün elan edilə bilər. Ağ Ev və nazirlik isə məsələ ilə bağlı açıqlama verməyib.

Tramp Təhsil Nazirliyini "böyük bir saxtakarlıq" adlandıraraq ləğvinə çağırıb. Respublikaçılar da uzun illərdir bu qurumun təsirini azaltmağa çalışırlar. Yeni təhsil naziri Lind McMahon bu planı dəstəklədiyini bildirib.

Bildirək ki, nazirliyin tam bağlanması üçün Konqresin təsdiqi tələb olunur. McMahon nazirliyin dərhal ləğvinin mümkün olmadığını, aztəminatlı məktəblər və tələbələr üçün ayrılan vəsaitlərin hələlik davam edəcəyini vurğulayıb.

Qeyd edək ki, Təhsil Nazirliyi ölkədə 100 min dövlət və 34 min özəl məktəbi nəzarət edir. Lakin məktəblərin 85%-dən çoxu ştat və yerli hökumətlərin maliyyələşdirməsinə əsaslanır.