AQTA-da ictimai iaşə müəssisələrinin rəhbərləri ilə görüş keçirilib


Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində (AQTA) ictimai iaşə müəssisələrinin rəhbərləri ilə növbəti görüş olub.

Tədbir Agentlik tərəfindən ictimai iaşə müəssisələrində həyata keçirilən yoxlamalar və bu yoxlamalar zamanı aşkar edilən nöqsanları nəzərdən keçirmək, sahibkarları mövcud qanunvericilik tələbləri barədə bir daha məlumatlandırmaq, onlar tərəfindən göstərilən xidmətlərin qida sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun təşkilinə metodiki kömək göstərmək, həmçinin təkliflərini dinləmək və müvafiq işlərin həyata keçirilməsini təmin etmək məqsədilə keçirilib.

Görüşdə sahibkarlar “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası  Qanununda, eləcə də qüvvədə olan digər qanunvericilik aktlarında iaşə müəssisələrinə dair tələblər barədə məlumatlandırılıb. Tədbir zamanı ictimai iaşə müəssisəsində sanitar-gigiyenik tələblər, sanitar-texniki normalar və işçi heyət üçün gigiyena qaydaları və s. bir daha müəssisə rəhbərlərinin diqqətinə çatdırılıb. Agentlik tərəfindən bu istiqamətdə fəaliyyət göstərən subyektlər üçün bütün lazımi metodiki dəstəyin göstərildiyi vurğulanıb.

Görüşün sonunda sahibkarların fikir və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb, aidiyyəti üzrə müvafiq göstərişlər verilib.