ADA Universitetinin prorektoru Fariz İsmayılzadə Kiyev tələbələri üçün mühazirə oxuyub


ADA Universitetinin prorektoru Fariz İsmayılzadə Boris Qrinçenko adına Kiyev Universitetinin Jurnalistika və yeni media kafedrasının tələbələri üçün Ukrayna-Azərbaycan diplomatik münasibətləri haqqında mühazirə keçib.

PAŞATv xəbər verir ki, Fariz İsmayılzadə Ukrayna-Azərbaycan münasibətlərinin müxtəlif aspektlərindən, ADA Universitetinin beynəlxalq layihələrindən, habelə xarici tələbələr üçün qrant, təqaüd və beynəlxalq proqramlardan danışıb.

Prorektorun sözlərinə görə, Azərbaycanla Ukraynanı həmişə sıx mədəni, ticari-iqtisadi münasibətlər və strateji tərəfdaşlıq əlaqələndirib. “Ölkələrimiz pandemiyanın yaratdığı yeni problemlərə baxmayaraq, bir-birlərini hər cür şəkildə dəstəkləyir və əməkdaşlığı inkişaf etdirirlər. İkinci Qarabağ müharibəsi zamanı qardaş Ukraynadan dəstək gördük”, - deyə Fariz İsmayılzadə qeyd edib.

Boris Qrinçenko adına Kiyev Universitetinin Jurnalistika və yeni media kafedrasının dosenti, sosial kommunikasiyalar üzrə elmlər namizədi Anjelika Dosenko Fariz İsmayılzadəyə tələbələrin qarşısında çıxışına görə təşəkkür edib və Ukrayna ilə Azərbaycan universitetləri arasında əməkdaşlığın vacibliyini qeyd edib.

Görüşü Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Ukraynadakı nümayəndəsi Marina Qonçaruk idarə edib.