Çəltik sahəsinin sığortalanması qaydası açıqlanıb


Azərbaycanda çəltik bitkisi təqribən 3 min hektar ərazidə əkilir. Bunun böyük hissəsi – təqribən 1800 hektarı Aran regionu, 1200 hektarı Lənkəran regionunun payına düşür. Ölkənin əsas çəltikçilik rayonları Lənkəran, Masallı, Astara, Ağdaş, Ucar, Zərdab, Biləsuvar, Göyçay və Yevlaxdır. Ölkə üzrə çəltik sahələrinin orta məhsuldarlığı 32,8 sentner, təmizləndikdən sonra isə 31 sentner təşkil edir.

Aqrar Sığorta Fondundan PAŞATv-ə bildiriblər ki, 1 kiloqram düyünün orta satış qiyməti orta hesabla 2,2 manatdır. Bu hesabla hər 1 hektardan alınan məhsulun ümumi dəyəri təqribən 6800 manat təşkil edir.

Aqrar sığorta qaydalarına əsasən, Azərbaycanda bitkilərin sığorta tarifləri iqlim və təbiət hadisələrini nəzərə alaraq, ölkənin regionları üzrə fərqlənir.

Belə ki, çəltik məhsulu üzrə sığorta tarifi Lənkəran regionunda 0,78 faiz, Aran regionunda 0,93 faiz təşkil edir. Məhsuldarlıq göstəricisi, qiyməti və sığorta tarifini nəzərə alsaq, 1 hektar çəltik sahəsinin orta sığorta haqqı aşağıdakı kimidir:

Aran regionu üzrə təqribən 63 manat.

Bunun 31,5 manatını fermer, 31,5 manatını isə dövlət ödəyəcək.

Lənkəran regionu üzrə təqribən 53 manat.

Bunun 26,5 manatını fermer, 26,5 manatını isə dövlət ödəyəcək.

Hesablama ölkə üzrə orta statistik məlumatlar nəzərə alınmaqla aparılıb, ayrı-ayrı təsərrüfatlarda məhsuldarlıq və məhsulun qiymətindən asılı olaraq hesablanmış sığorta haqqı fərqli ola bilər.

Bütün hallarda fermer sığorta haqqının yalnız 50 faizini ödəyəcək, məbləğin qalan 50 faizi fermerlərə dəstək üçün dövlət ödəyəcək.