Kəpəz dağında Nizami Gəncəvi Zirvəsi təsis edildi

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə Kəpəz dağında adsız yüksəklikdə Nizami Gəncəvi Zirvəsi təsis edilmişdir.
16 may 2021-ci il tarixdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə, Kəpəz Dağçılıq İdman Klubunun dəstəyi, YAP Gəncə Şəhər Təşkilatının və Göygöl Milli Parkının tərəfdaşlığı ilə Kiçik Qafqaz dağları silsiləsində yerləşən məşhur Kəpəz dağının adsız yüksəkliyində 3080 metr hündürlükdə cənab Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2021-ci ilin "Nizami Gəncəvi ili" elan olunması ilə əlaqədar zirvə təsis edilmişdir.
PAŞATv xəbər verir ki, Kəpəz dağına yürüşdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Milli Məclisin deputatı Naqif Həmzəyev, Kəpəz Dağçılıq İdman Klubunun təsisçisi Orxan Əmiraslanov, Ege Hospitalın Baş həkimi Aqil Ağakişiyev, şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşları, fəal gənclər və veteran idmançılar iştirak etmişlər. Zirvədə 44 günlük Vətən Müharibəsində şəhid olmuş qəhrəman qardaşlarımızın əziz xatirəsi yad edilmişdir.
Qeyd edirik ki, Nizami Gəncəvi Zirvəsinin vahid dövlət reyestrində qeydiyyata alınması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunmuş və müraciətə rəsmi müsbət cavab alınaraq, zirvənin dövlət reyestrinə qeydiyyata götürülməsinə razılıq verilmişdir.



