Xalqın birliyi Zəfərimiz oldu
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli ordumuzun qazandığı qələbə Azərbaycanın hərb tarixində şanlı bir səhifə açdı. Qəhrəman hərbçilərimiz təqvimdə qara rəqəmlərlə əks olunan işğal tarixlərinin üstündən öz qanları ilə xətt çəkərək, qırmızı rəqəmlərlə Zəfər günlərini yazdılar.
27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verdi və 30 illik işğal altında olan əzəli torpaqlarımız - Cəbrayıl, Füzuli, Zəngilan, Ağdam, Qubadlı, Kəlbəcər, Laçın rayonları, Şuşa şəhəri, Hadrut qəsəbəsi, digər qəsəbələr, yüzlərlə kənd, strateji yüksəkliklər işğaldan azad edildi. Bu müddət ərzində Ermənistan ordusu haqqında ermənilərin özlərinin yaratdıqları "məğlubedilməzlik" mifi darmadağın oldu. Düşmən ordusunun yüzlərlə texnikası, minlərlə canlı qüvvəsi məhv edildi. Düşmənlərimizin illərlə qurduğu, qürurla öyündükləri "yarılmaz istehkam"lar, "keçilməz sədd"lər, xərclədiyi vəsaitlər və pulsuz aldıqları hərbi texnikalar Azərbaycan ordusunun qarşısında aciz qaldı. Nəinki, ermənilərin özləri, hətta onlara bu müharibədə havadarlıq edən, silahlandıran qüvvələr də belə tez bir vaxtda igid hərbçilərimizin, ağır texnikasız, bıçaqla, süngü ilə Şuşaya qalxmasını və üçrəngli bayrağımızı Şuşada dalğalandırmasını güman edə bilməmişdi. Erməni silahlı birləşmələrinin ordumuz qarşısında duruş gətirə bilmədiyini anlayan Ermənistanın baş baş naziri Nikol Paşinyan məğlubiyyətini etiraf edərək, çarəni yalnız hərbi kapitulyasiya aktını imzalamaqda gördü.
Apardığımız haqq mübarizəsində qazanılan parlaq qələbənin memarı isə sözsüz ki, tarix yazan sərkərdə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev oldu. Prezidentimizin illər sonra ata vəsiyyətini yerinə yetirməsi bütün Azərbaycanı sözün əsl mənasında özünün layiq olduğu şöhrət zirvəsinə qaldırdı. 44 günlük Vətən müharibəsi torpaqlarımızın işğaldan azad olunması ilə yanaşı, həm də AXC-Musavat cütlüyünün yarıtmaz əməllərinin nəticələrini, bu qara ləkəni Azərbaycanın üstündən sildi. 1992-ci ildə hakimiyyəti qanunsuz yollarla zəbt etmiş, Azərbaycanı uçuruma aparan bu antimilli dəstənin xəyanəti nəticəsində itirilən torpaqlarımız dövlətimizin və xalqımızın birliyi sayəsində, şəhidlərimizin qanı bahasına azad olundu.
Bu müharibə, həm də bizə vətənpərvərlik ruhunda böyüyən, ana Vətəni canlarından da çox sevən qəhrəman oğullarımızı tanıtdırdı. Belə ki, hələ Tovuz döyüşlərindən sonra, minlərlə gənc könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmişdi. Heç vaxt Qarabağda olmayan, amma ürəyi Vətən eşqi ilə döyünən qəhrəman hərbçilərimizin igidliyi, mərdliyi Azərbaycan gəncliyinin vətənpərvərlik və dövlətə sədaqət ruhunda yetişdiyini bir daha sübut etdi.
Vətən torpaqlarının azadlığı uğrunda davam edən bu savaş milli həmrəyliyimizin rəmzinə çevrildi, tariximizə qürur mənbəyimiz kimi həkk olundu. Möhtəşəm zəfər tariximizi, dövlətçilik irsimizi daha da şərəfləndirdi. Bu Qələbə dövlətimizin qüdrətini bütün dünyaya nümayiş etdirdi. Xalqımız öz haqqı uğrunda mübarizə aparmaq əzmini nümayiş etdirdi, məğlubiyyət damğasını üzərindən götürdü. Bu savaşın nəticəsində dünya bizi həm də qalib dövlət, məğrur xalq kimi tanıdı.
Beləliklə, əldə etdiyimiz bu tarixi zəfər, torpaqlarımızın azad edilməsi həm də Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Dünyanın harasında olmasından, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz dövləti, onun zəfərləri ilə haqlı olaraq qürur duyur, azərbaycanlı olmağı ilə fəxr edir. Bu xoşbəxtliyi, bu qüruru bizə Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusu yaşatdı. Bu müharibə Azərbaycan xalqının, onun Liderinin, Şanlı Ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. Qətiyyətli Lider, müzəffər ordu, yenilməz xalq birliyi Azərbaycanın yeni və möhtəşəm tarixini yaradır.
Naftalan şəhər Gənclər və İdman İdarəsinin rəisi, DİİXİ Hİ Naftalan şəhər Komitəsinin sədri, Dövlət Qulluğunun kiçik müşaviri Samir Qocayev