Dünya çempionatında həmyerlimiz Oxçu Şahmuradov fərqlənib


28 Fevral - 31 Mart tarixlərində onlayn olaraq Dünya Kapoeyra Federasiyasının (WCF) təşkil etdiyi JOGA MANEİRO dünya çempionatı baş tutmuşdur. Bu çempionatda Koreya, italiya, Yaponiya, Polşa, Amerika, Estoniyada daxil olmaqla 20-yə yaxın ölkə iştirak edib. Bu ölkələr arasında Kapoeyranın vətəni olan Brazilya idmançıları da çoxluq təşkil edib. Həmçinin,  Azərbaycan Kapoeyra Federasiyasının yığma komandasının idmançıları da bu yarışda özlərini sınayıblar. Komandanın üzvü Oxçu Şahmuradov yarışa qatılaraq finala addımlamağı bacarıb. Belə ki, o, finalda 0.4 % fərqlə Polşalı rəqibindən geri qalaraq 2 -ci yerə çıxıb. Buna baxmayaraq Oxçu Şahmuradov dünya sıralamasında öz çəki dərəcəsində olan bir çox rəqibini geridə qoyaraq layiqli yerə yüksəlib.

PAŞATv bildirir ki, Oxçu Şahmuradov 1990-cı il mayın 11-də Rusiya Federasiyasının Omsk vilayətində dünyaya göz açıb. Əslən Zəngilandan olan Şahmuradovlar ailəsi 1993-cü ildə dədə-baba yurdundan didərgin salınıblar. O, ağır günlərin ağrıları balaca Oxçunun yaddaşına ata-anasından eşitdiyi acı xatirələrlə həkk oldu.

Məcburi köçkün düşdükdən sonra Bakı şəhəri Suraxanı rayonunun Əmircan qəsəbəsindəki yataqxanada məskunlaşıblar. Oxçu 5 yaşından idmanla məşğul olmağa başlayıb.  On iki yaşınadək idmanın karate növü üzrə məşğul olub,  mükafatlara layiq görülüb.  Aldığı zədə nəticəsində Oxçu bir müddət karatedən uzaqlaşdırsa da, idmandan ayrıla bilməyib. Valideyinlərinin istəyi ilə Oxçu bir müddət tennislə və boksla məşğul olub.
2004-cü ildə 14 saylı Bakı peşə liseyinə qəbul olub. Erkən yaşlarında hər iki valideyinin itirən Oxçu, on altı yaşlı bacısına himayədarlıq etməli olur. Oxçu Şahmuradov o günləri belə xatırlayır: "Həyatımın çətin günlərində əmin oldum ki, hələ uşaq yaşlarımdan atam həyat yolumu düzgün istiqamətləndirib. İdman mənə mənəvi güc verdi və üzərimə düşən məsuliyyətin öhdəsindən gələ bildim. Bacımın on səkkiz, mənim iyirmi yaşım olanda, 2009-cu ildə hərbi xidmətə çağırıldım. Onda bacım oxuyurdu. Dayımgil ona himayə durdular, gözüm arxada qalmadı. Mən Murovda manqa komandiri kimi xidmət etdim. Əsgərlik də çox şeylər öyrətdi. Vətənə uğurla xidmət etdik”.

2011-ci ildə hərbi xidmətini başa vurduqdan sonra bir neçə yerdə işləyir. Daha sonra SOCAR-TTSİ Təlim tədris mərkəzinə qəbul olur. Təhsilini bitirdikdən sonra öz ixtisası üzrə Nəzarət Ölçü Cihazları və Avtomatika üzrə çilingər kimi SOCAR NQTT Dəmir-Beton Məmulatları İdarəsi bölümündə işə başladı. Oxçu öz bacarıqlarını SOCAR-ın təşkil etdiyi İdman Spotakiadalarında çox sayda qızıl medalla təltif olunub NQTT trestinin idman sahəsində adını yüksəldib. Artıq altı ildir çalışdığı bu kollektivə doğmalaşıb. Eyni zamanda, idmançı kimi də fəaliyyətini uğurla davam etdirir. 
Oxçu Şahmuradov Karate Do - Qara kəmər 2-ci dan sahibi, Azərbaycan kuboku çempionatının yeniyetmələr arasında keçirilən yarışın, kikboks üzrə dünya və Avropa, boks üzrə "Neftçi” çempionları, Bakı birincisi, Free Fighting üzrə Avropa çempionu, yüngül atletika üzrə respublika çempionu, 2-ci dərəcəli idman ustası, kapoeyra üzrə dördqat respublika çempionu, Azərbaycan kuboku çempionudur. Dünya 2-cisi, Avropa 3-cüsüdür. Yaşıl-ağ kəmər sahibi, 1-ci dərəcəli idman ustası, 1-ci dərəcəli idman hakimidir. 

Kapoeyraya marağı isə uşaqlıq illərində "Ən güclülər” filminə baxdıqdan sonra yaranıb. 2006-cı ildən həmin idman növü ilə məşğul olmaa başlayıb. Hazırda o, Azərbaycan Kapoeyra Federasiyası 2-ci dərəcəli idman hakimi, Dünya Kapoeyra Federasiyası 2-ci dərəcəli idman hakimi, Azərbaycan Kapoeyra Federasiyasının müəllimi və Storm Kapoeyra İdman klubunun rəhbəridir. Rəhbərlik etdiyi klubda 70-dən çox idmançı fəaliyyət göstərir. Tələbələri arasında respublika və dünya çempionları var.
Oxçu Şahmuradov gənc idmançılara hər zaman dəstək olur. O hər bir gəncin plan və hədəflərinin olduğunu vurğulayıb. "Məni ruhdan salmaq asan deyil. Məqsəd varsa, hədəflərimi müəyyənləşdirir, sonuna qədər gedirəm. Mənim həftəlik və gündəlik planlarım olur. Əgər o planlara riayət edirəmsə və hər şey öz yolunda gedirsə, vaxtdan şikayətim olmur. Hər gün işdən sonra məşqlərə gedirəm. İdman mənim üçün həm də hobbidir. Çünki idmanla məşğul olmaqdan, tədris etməkdən, gənclərə düzgün yol göstərməkdən zövq alıram”-deyə Oxçu əlavə edib. 
Oxçu Şahmuradov həmçinin, Azərbaycandan kənarda yaşayan həmyerlilərimizə də çağırış edib. Şahmuradov: "İndi bəzi gənclərimiz şikayətlənir, iş yoxdur, yaxud qayğıları çoxdur. Torpağı sevmək lazımdır. Çünki bura vətəndir. Gedənlər nə vaxtsa geri dönmək istəyəcəklər. Gənclərə arzum budur ki, heç vaxt ruhdan düşməsinlər. Məqsədlərini, hədəflərini müəyyənləşdirsinlər və unutmasınlar ki, onlara çatmamış ruhdan düşmək, geri çəkilmək uğurun bir addımlığından geri qayıtmaqdır...”
Biz isə öz növbəmizdə gənc idmançıya uğurlar diləyir, işlərində müvəffəqiyyətlər arzu edirik!