Məktəblilər narkotik vasitələrin səbəb olduğu fəsadlar barədə məlumatlandırılıblar
Lerik Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Günəşli kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.
PAŞATv AZƏRTACA istinadən xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə narkotik vasitələrin səbəb olduğu fəsadlar və dağıdıcı təsirlər barədə videoçarxı izləyiblər.
Tədbirdə çıxış edən Lerik Rayon Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Müşfiq Eyvazov ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan qətiyyətli mübarizədən və əldə olunan nəticələrdən danışıb.
O, çıxışında əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni effektiv şəkildə təmin etmək məqsədilə bu cür maarifləndirici tədbirlərin keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu qeyd edərək bildirib ki, bu gün hər birimiz gənc nəslin sağlam böyüməsinə, valideynlərinin etimadını doğrultmasına, Vətənə layiqli övlad kimi yetişməsinə çalışmalıdır.
Digər çıxışlarda qeyd olunub ki, təhsil müəssisələrində, ayrı-ayrı kollektivlərdə narkomaniya ilə bağlı izahat və maarifləndirmə işləri müntəzəm aparılmalı, hər bir şagird təhsilə və idmana diqqətli yanaşmalı, vətənpərvər olmalı, valideynlərinin və dövlətimizin onlara bəslədiyi etimadı doğrultmağa çalışmalıdır. Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.