Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycan dilinin inkişafına hər zaman xüsusi diqqət göstərib

Bu barədə PAŞATv-ə Monitorinq Mərkəzindən məlumat verilib. Bildirilib ki, Mərkəzin direktoru professor Sevinc Əliyeva müasir dövlətçiliyimizin banisi, ümummilli lider Heydər Əliyevin əbədiyyətə qovuşmasından illər ötməsinə baxmayaraq, Azərbaycan xalqının öz xilaskarını heç zaman unutmadığını, daim ehtiramla yad etdiyini söyləyib. S.Əliyeva Ulu Öndərin Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən söz açıb, dahi lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi hər iki dövrü dövlətçiliyimiz tarixində əsaslı dönüş nöqtəsi adlandırıb.
Mərkəzin direktoru 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayrağımızın 70 ildən sonra ilk dəfə dalğalanmasını milli azərbaycançılıq ideologiyasının formalaşmasında başlanğıc kimi səciyyələndirib.
Sevinc Əliyeva Ümummilli Liderin xalqına, Vətəninə olan sevgisini, ana dilinə olan qayğısını xüsusi qeyd edib. O bildirib ki, məhz dahi şəxsiyyətin təşəbbüsü nəticəsində Konstitusiyada Azərbaycan dili dövlət dili kimi təsbit olunub. 2001-ci il iyunun 18-də imzalanmış “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanda isə dövlət dili sahəsində yaranmış problemlər geniş təhlil edilib və həmin problemlərin həlli yolları göstərilib. Həmin Fərmana əsasən yaradılmış Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası ana dilimizin tətbiqi işinin təkmilləşdirilməsinə daha səmərəli şəkildə nəzarət etmək və bu prosesi ümummilli maraqlar kontekstində tənzimləmək məqsədi daşıyıb.
Mərkəzin Analitik təhlil və proqramlaşdırma şöbəsinin müdiri Şahlar Məmmədov, Reklam və kütləvi informasiya vasitələrinin monitorinqi şöbəsinin müdiri Vəfa İsmayılova, baş mütəxəssis İlhamə Abasova, aparıcı mütəxəssisi Türkanə İsrafilli və digər çıxış edənlər Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində uzaqgörən siyasətçi Heydər Əliyevin müstəsna rolu olduğunu söyləyiblər. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlərə söykənən yeni bir ideologiyanın əsasının qoyulub.