“Xəzər” jurnalının yeni nömrəsi çapdan çıxıb

Azərbaycan Tərcümə Mərkəzinin “Xəzər” dünya ədəbiyyatı jurnalının yeni nömrəsi işıq üzü görüb.

YAZTV xəbər verir ki, jurnalın bu nömrəsində “Nobel kürsüsü” rubrikasında Mo Yanın “Nağılçı” mühazirəsi, Nobel nitqi və “Xalanın möcüzəvi bıçağı” hekayəsi, “Bəşəri poeziya” rubrikasında “Din kimi poeziya, peyğəmbər kimi şair” yazısı, Rayner Maria Rilke poeziyasından seçmələr və “Gənc şairə məktub” essesi, “Azərbaycan ədəbiyyatı” rubrikasında isə Mikayıl Müşfiqin şeirləri yer alıb.

Oxucular “Esse” rubrikasında Uilyam Folknerin “Şervud Anderson haqqında” essesi, “İlin yazıçısı” rubrikasında isə Yun Fossenin “Sənə deyə bilmədim” hekayəsi ilə tanış ola bilərlər.

“Antiutopiya” rubrikasında oxucular Andrey Platonovun “Çevenqur” romanın davamını oxuya biləcəklər.

“Çağdaş İsrail nəsri” rubrikasında Anna Faynın “İlahi Səfed” və “Medalyon” əsərləri, “Hekayə” rubrikasında Oskar Yelinekin “Aktyor” hekayəsi, “Türk xalqları ədəbiyyatı” rubrikasında Serkan Soyalanın şeirləri və “Epistolyar” rubrikasında Tomas Vulfun məktubları təqdim olunub.

Jurnalın “Müdrik kəlamlar” rubrikasında oxucular Uilyam Şekspir, Mark Tven, Anton Çexovun əsərləri ilə tanış ola biləcəklər.