Elvar Osmanov: Bu gün Azərbaycanda idman uğurla inkişaf edir
5 Mart - Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günüdür. Bu tarix Prezident İlham Əliyevin Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsinə dair 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir. Məhz 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalib və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub.
Bu sözləri qadın voleybolçulardan ibarət “Gəncə” klubunun prezidenti Elvar Osmanov AZƏRTAC-a müsahibəsində deyib.
Ölkəmizdə idman siyasətinin təməlinin Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu deyən “Gəncə” klubunun rəsmisi hazırda bu siyasəti Prezident İlham Əliyevin uğurla davam etdirdiyini vurğulayıb: “Bu diqqət və qayğının nəticəsidir ki, idmançılarımız beynəlxalq arenada böyük uğurlar qazanır, Azərbaycanı layiqincə təmsil edirlər. Ölkəmiz dünyanın ən mötəbər idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edir. İndi Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilib”.
“Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan Ulu Öndər Heydər Əliyevin çoxsaylı fəaliyyətində idman sahəsində gördüyü işlər də bu ölkənin vətəndaşlarını qürurlandırır. Ümummilli Lider deyirdi: “İdman hər bir ölkənin inkişafı üçün çox vacib olan sahədir. Bu elə bir sahədir ki, idmançılarımız müxtəlif ölkələrdə yarışlarda iştirak edir, qələbələr qazanırlar və hər dəfə müstəqil Azərbaycanın adını ucaldırlar. Müstəqil Azərbaycanın himni çalınır, bayrağı qaldırılır və Vətənimiz dünyanın müxtəlif ölkələrində tanınır. Demək olar ki, idman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur”.
Bu gün Azərbaycanda idman uğurla inkişaf edir. Azərbaycan dünyada idman ölkəsi kimi tanınır və idmançılarımızın qələbələri xalqımızı ürəkdən sevindirir. Əminliklə deyə bilərik ki, Azərbaycanın idman şöhrəti yüksək səviyyədədir. Təsadüfü deyil ki, son illər ərzində ölkəmizdə müxtəlif mötəbər beynəlxalq idman yarışları keçirilir, Vətənimiz dünya və Avropa çempionatlarına ev sahibliyi edir. İdman sahəsində ən böyük nailiyyətlərimizdən biri ölkəmizin Olimpiya və Paralimpiya oyunlarında iştirakıdır. Olimpiya və Paralimpiya Oyunları dünyanın nəinki ən mötəbər idman yarışıdır, hətta bəlkə də, dünyanın diqqətini cəlb edən birinci dərəcəli tədbirdir”, - deyə Elvar Osmanov əlavə edib.
Ölkədə voleybolun da yetərincə sevildiyini qeyd edən klub prezidentinin sözlərinə görə, hazırda Azərbaycan Voleybol Federasiyası uğurlu layihələri ilə fərqlənir: “Azərbaycanda idmanın bu növünün inkişaf etdirilməsi və kütləviləşdirilməsi istiqamətində mühüm addımlar atılır. Təkcə paytaxtda deyil, bölgələrdə də yeni istedadların üzə çıxarılması üçün vacib işlər görülür. “Gəncə” klubu da bu təşəbbüsə qoşularaq, aşağı yaş qruplarından ibarət komandaların formalaşdırılması üçün yeniyetmə oğlan və qızları məşqlərə dəvət edir. Gəncə orta məktəblərində ulduz voleybolçuların və məşqçilərin iştirakı ilə görüşlər təşkil olunur, oyunçular şagirdləri sağlam həyat tərzinə, voleybolla məşğul olmağa dəvət edirlər".
Elvar Osmanov qeyd edib ki, qarşıda duran əsas hədəflərdən biri isə “Paris 2024” Yay Olimpiya Oyunlarında uğurlu çıxış etməkdir. Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, idman cəmiyyətləri, klublar, federasiyaların birgə fəaliyyəti əsl uğur düsturudur.