Çinin “Çayne-6” kosmik zondu Ayın görünməyən tərəfinə enib

Çinin “Sinxua” agentliyinin yaydığı məlumata görə, iyunun 2-də “Çayne-6” zondu Ayın cənub qütbü yaxınlığında Apollon kraterində uğurlu eniş edib. Uçuşun əsas məqsədi Ay süxuru toplamaqdır.

Zondun endiyi kraterin yaşı 4 milyard il, dərinliyi 13 kilometr, diametri isə 2500 kilometrdir. Bu krater Ayın səthindəki ən yaşlı və böyük kraterlərdən biridir. Ola bilsin ki, zərbə zamanı daha ilkin və yaşlı material da səthə çıxmışdır.

Bu barədə YAZTV-yə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Kosmik zond mayın 3-də Vençan kosmodromundan buraxılıb. Dörd gün sonra Ay orbitinə çatan zond enmə üçün əlverişli anı gözləyirdi. “Çayne-6” qazma işləri aparmaq üçün alətlər və süxuru toplamaq üçün robotik qollarla təchiz olunub. Cihaz müxtəlif mənbələrdən, xüsusilə də vulkanik aktiv ərazilərdən nümunələr götürməli, təxminən 2 kiloqram Ay süxuru toplamalıdır. Toplanmış Ay süxurunun iyunun 25-də Yerə çatacağı planlaşdırılır.

Proqramda bir neçə xarici ölkə də iştirak edir və onların təqdim etdiyi müxtəlif detektorlar orbital və enmə modullarına quraşdırılıb. Əlavə olaraq Çin və Pakistan universitetlərinin birgə hazırladığı “Icube-Q” kubsat da Ayın orbitinə buraxılacaq.

2020-ci ildə “Çayne-5” zondu Ayın görünən tərəfindən süxur toplayaraq uğurla geri dönüb. Bu dəfə isə missiya daha çətindir, çünki zondla əlaqə saxlamaq üçün əlavə peykdən istifadə olunur, həm də zondun endiyi relyef daha mürəkkəbdir.

ABŞ ilə yanaşı Çin də 2030-cu ildə Aya kosmonavt göndərməyi planlaşdırır.