DİN: ötən gün ərzində törədilmiş 25 cinayətin üstü “isti izlər”lə açılıb

Daxili İşlər Nazirliyi (DİN) aprelin 12-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
DİN-in mətbuat xidmətindən PAŞATv-ə bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 25 cinayətin üstünü “isti izlər”lə açıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 30 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.