Müstəqilliyimizin 2-ci ilini qeyd edən Gəncə  

Müstəqilliyimizin 2-ci ilini qeyd edən Gəncə  

İndi söz açacağımız millətimizin ləyaqət və mərdlik tarixinin növbəti silinməz hissəsidir. Çünki Sovet işğalına qarşı 1920-ci il mayın 26-31-də Gəncədə baş vermiş xalq üsyanı Cavad xan ruhunun əyilməzlik, qürür və azadlığa aparan yolda milli istiqlal mübarizəsinin növbəti igidlik nümunəsini göstərdi. Üsyanın məqsədi Azərbaycanı sovet işğalından azad etmək, kommunistlərin özbaşınalığına son qoymaq idi. Bu üsyan XX əsrdə Azərbaycanın işğal edilməsinə qarşı baş vermiş ən böyük və ən çox itkiyə səbəb olmuş üsyandır.

Beləliklə, üsyandan iki həftə əvvəl Samuxda yerləşən Şahmalinskinin mülkündə baş verən gizlin görüşdə keçmiş baş nazir Nəsib bəy Yusifbəyli, Qazax qəzasının general-qubernatoru Əmir xan Xoyski, keçmiş Daxili İşlər naziri Mustafa bəy Vəkilov, Cahangir bəy Kazımbəyli və türk general Nuru Paşa iştirak edərək üsyana hazırlıq görməyə başlayırlar. Üsyanın təşkilatçıları və istiqamətverici qüvvəsi Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabitləri idi. Mayın 23-də üsyan başçılarının sonuncu müşavirəsi keçirilir. Müşavirədə Azərbaycan ordusunun təchizat rəisi general Məhəmməd Mirzə Qacar, 1-ci piyada diviziyasının komandiri general-mayor Cavad bəy Şıxlinski, süvari diviziyasının komandiri Teymur bəy Novruzov, 3-cü Şəki süvari alayının komandiri polkovnik Cahangir bəy Kazımbəyli və başqaları iştirak edirdilər.

Üsyanın təşkilində başlıca olaraq, Azərbaycan ordusunun 1-ci piyada diviziyası, 3-cü Gəncə alayının şəhərdə olan bölmələri, 3-cü Şəki süvari alayının təlim komandası, bir topçu batareyası, diviziya qərargahına tabe olan komendant bölməsinin şəxsi heyəti iştirak edirdi. Qaçaq Qəmbər, Sarı Ələkbər, qaçaq Qasım Kolaxani, qaçaq Mikayıl və başqaları da öz silahlıları ilə birlikdə Gəncə üsyanında iştirak edirdilər. Üsyan etmiş orduya ətraf kəndlərin də ordusu qoşuldu. Üsyana qalxmış əsgərlərin sayı 2 min nəfərə yaxın idi. Sonradan şəhər əhalisindən formalaşan könüllülərin sayəsində üsyançıların sayı 10-12 min nəfərə çatır. Elə həmin gecə ruhanilər müsəlmanları bolşevik hökumətinə qarşı cihada çağırdılar. Şəhər bolşeviklərin əlindən azad edildikdən sonra bolşeviklər üsyanı yatırmaq üçün şəhərə əlavə ordu hissələri yeritdilər. Gəncədə yaşayan satqın ermənilər rusların ordusuna lazımı bütün köməkliyi edirdilər. Beləliklə üsyan mayın 31-də böyük qəddarlıqla yatırıldı. Bir həftə ərzində hər iki tərəfdən üst-üstə təxminən 20 min adam öldü. Minlərlə gəncəli doğma yurdunu tərk etməyə məcbur oldu. Şəhər, demək olar ki, boşaldı. Əgər 1916-1917-ci illərdə Gəncədə 60.291 nəfər əhali var idisə, 1923-cü ildə bu rəqəm 38.880-ə endi. Üsyan yatırılandan sonra erməni və ruslar üç gün ərzində Gəncədə qanı su yerinə axıtdılar. Qeyri-rəsmi məlumatlara görə 20 min nəfərdən artıq dinc əhali qətlə yetrildi. Qətliamlar sonrakı günlərdə də davam etdi. İyun-avqust aylarında üsyanda iştirak etməkdə və ya onlara yardımda şübhəli bilinən 13 min adam məhkəməsiz güllələndi. Qırmızı ordu isə Gəncə döyüşlərində 900 nəfərdən artıq əsgərini itridi. 6 mindən artıq Qırmızı ordu əsgəri isə yaralandı.

Bundan başqa üsyanda iştirakla bağlı 12 min müsəlman həbs edildi, onlardan 8 mini azadlığa çıxsa da 4 mini güllələndi.Bolşeviklər tərəfindən Güllələnənlər arasında general-mayor Məhəmməd Mirzə Qacar, Qaçaq Qəmbər, hüquqşünas İsmayıl xan Ziyadxanov, ədəbiyyatçı Firidun bəy Köçərli, mühəndis Abuzər bəy Rzayev, Qafqazın VII şeyxülislamı Məhəmmədəli Pişnamazzadə və müəllim Mirzə Abbas Abbaszadə kimi şəxsiyyətlərlə yanaşı Azərbaycan ordusunun 12 generalı, 27 polkovnik və podpolkovniki, 46 kapitan, ştabskapitan, poruçik və podporuçiki, 146 praporşik və podpraporşiki, 267 digər hərbi qulluqçusu da var idi. Onların bir hissəsini də Nargin adasına apararaq orada güllələdilər. Bir neçə yüz insan Xalq Daxili İşlər komissarı Həmid Sultanovun əmri ilə edam olundular. Üsyanın yatırılmasında göstərdiyi xidmətlərə görə Həmid Sultanov Qırmızı bayraq ordeni aldı. Gəncə şəhərinin sakinlərinin kollektiv yaddaşında isə onun adı xəyanət sözü ilə sinonim idi.

Üsyanın 3-cü günü milli şərəf və namus məsələsi olan üç rəngli bayrağımızın bir daha dalğalanması üçün dövlətimizin və millətmizin azadlıq uğurunda bolşeviklərə qarşı güclü döyüşlərin getməsinə baxmayaraq üsyançılar 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasının ikinci ilini qeyd etmək haqqında qərar vermişdilər. Həmin gün səhər saat 8-də şəhərin nüfuzlu adamları, Gəncə üsyanının təşkilatçılarının nümayəndələri və şeyxülislam dairə məhkəməsinin binasına toplaşdılar, Azərbaycanın müstəqilliyinin ildönümünü qeyd etməklə bərabər, şəhərdə yaranmış vəziyyətlə bağlı öz fikirlərini bölüşdülər. Mərasim iştirakçıları hamını sona qədər mübarizəyə səslədilər. Bu hadisə ilə bağlı Cahangir bəy Kazımbəyli öz xatirələrində yazırdı:

Hamı sona qədər mübarizəyə səsləyirdi. Qoy bizə qalib gəlsinlər, lakin qoy düşmən öz qələbəsinə özünün yüzlərlə, minlərlə meyiti üzərindən çatsın. Qoy 28 may günü bizim tariximizə yalnız bizim müstəqilliyimizin elan edildiyi gün kimi yox, həm də Vətən naminə böyük qurbanlar günü kimi yazılsın. Qoy 28 may günündə düşmən ağır, amansız, ölüm-dirim mübarizəsi ilə qarşılaşsın. 28 may günündə layiqli müqavimət bizim iradəmizin böyüklüyünün simvolu, mənəvi qələbəmizin simvolu olacaqdır.

Üsyanda mərd qadınlarımız da qəhrəmanlıq dastanı yazmışdır. XI Qırmızı ordunun piyada inspektoru Melnikov Orconikidzeyə verdiyi hesabatında qeyd edirdi ki:

Üsyana qalxanların demək olar ki hamısı müsəlman idi. Bəzən hətta qadınların belə tüfəngdən atəş açdığına şahid olurduq. Sonradan apardığımız axtarışlarda da bəzi qadınların paltar qatlarının arasından revolverlər tapırdıq. Hətta bir bolşevikin mənə dediyinə görə qadınlardan birini evin damında pulemyot arxasında tapıblar.

Beləliklə Gəncə üsyanı tez bir zamanda Azərbaycanın hər yerinə yayıldı. Bunu görən XI Qırmızı ordu komandanlığı gizli direktiv imzaladı. Direktivdə deyilir:

 Bakı, 26 may. Xüsusi gizli operativ direktiv nömrə 60. Yelizavetpolda (Gəncə) üsyan baş verib. Tərtərdə yenicə üsyan yatırılıb. Onlar Bakı üzərinə yürüşə hazırlaşırdılar. Ölkənin hər yerində üsyan təhlükəsi gözlənilir. Biz bu mübarizəyə hazır olmalıyıq.

Üsyanda iştirak edən və bolşevik mühasirəsini yararaqşəhər sakinlərinin bir hissəsi ilə dağlara çəkilməyi bacaran Qaçaq Məmmədqasımın sözlərinə görə 1920-ci ilin may ayında Gəncədə başlayan üsyan ondan sonra 12 il boyunca da davam edib.Gəncə üsyanı bütün respublika ərazisində zəncirvari şəkildə üsyanlara səbəb oldu. Sonradan Tərtər üsyanı , Lənkəran üsyanı , Qarabağ üsyanı, Zaqatala üsyanı , Quba üsyanı və digər bölgələrdə müxtəlif üsyanlar baş tutsa da 1924-cü ildə qədər heç bir üsyan Gəncə üsyanı qədər böyük olmadı.

Gəncə üsyanından bəhs edərkən Cümhuriyyət lideri Məhəmməd Əmin Rəsulzadə belə qeyd edirdi:

 İxtilaldan bir ay sonra artıq bütün Azərbaycan, məmləkətinin müdhiş bir istilaya məruz qaldığını acı bir surətdə dərk eyləmişdi. Türkiyəyə gediyor – deyə təhəmmül eylədiyi rus ordusunu məmləkətində fəsad iqa etməklə bir davam görüncə, sevgili ordusunun, kəndisinə hər yürüşü ilə dünyalar qədər ruh və izzətinəfs edən bu gənc əsgərlərin mürəttəb bir surətdə dağıldığını, münəvvəranının kəndisi ilə münasibətdən mən edildiyini, sərvət və samanının yağmaya getdiyini, ədəb və əxlaqi-milliyyəsinin fəna surətdə təhqirə məruz qaldığını duyunca, bittəb xalq təhəmmül edəmədi. Üsyan etdi. Bu üsyan ibtida Gəncədə başladı. Çarizmin qəddar generalı Knyaz Sisyanova parça-parça doğranıncaya qədər müqavimət göstərən Cavad xanın şəhəri bu dəfə də kəndisini göstərdi. Millətin təhəmmül edəmədiyi təcavüzlərə qarşı üsyankar ruhilə köpürdü. Burada daha silahlarını təslim etməmiş bulunan Azərbaycan əsgərləri üsyanın kökünü təşkil etdilər. Üsyan bir həftə qədər davam etdi. Ruslar burada divizyonlarını qeyb etdilər. Bakıdan qüvayi-imdadiyyə gəldi. Digər tərəfdən də Gəncə erməniləri qiyamiləri arxadan vurmağa başlayınca şəhər süqut etmək məcburiyyətində bulundu. Xətti-ricətləri daşğın nəhrlə kəsilən əhali müdhiş bir qətli-ama məruz qaldı. Şəhər yaxıldı. Bazar qarət edildi. Hətk edilmədən irz və namus buraxılmadı.

Məşhur bəstəkarımız Üzeyir Hacıbəylinin qardaşı Ceyhun Hacıbəyli 1952-ci ildə çapdan çıxmış "Azərbaycan" dərgisində Gəncə üsyanına layiqli qiymət verərək onun haqqında belə yazırdı:

 Gəncə üsyanı millətimizin şərəf və namusunun yenidən kəsbi-etibar qazandığı bir dastandır. Gəncədə may ayında tökülən türk qanı 27 aprel hadisəsi hərəkatında millətimizə atılan ləkəni silib-götürdü.

Beləliklə tariximizin bu şanlı səhifəsi ilə bağlı, cəmiyyətimizi daha çox məlumatlandırmaq əsas amalımız və borcumuz olmalıdır. Bu şanlı və qürurlu tariximizi əbədiləşdirilməsi üçün 1995-ci ilin aprel ayının 11-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elsevər İbrahimov Gəncə döyüşlərin 75 illiyi ilə bağlı şəhərin görkəmli yerlərindən birində Gəncə üsyanında həlak olmuş həmyerlilərin xatirəsinə abidə ucaldılması haqqında sərəncam imzalamışdı. Üsyanı rəhbərlərinin adlarının əbədiləşdirilməsi məsələlərinə baxmaq isə Gəncə şəhər İcra Hakimiyyəti yanında fəaliyyət göstərən “Adların əbədiləşdirilməsi” üzrə komissiyaya həvalə edilmişdi. Abidəsinin qoyulması üçün Gəncənin Quru Qobu adlanan ərazisi seçilib və həmin yerə burada gələcəkdə abidənin ucaldılacağı barədə ağ mərmərdən lövhə vurulur. Lakin üzərindən illər keçsə də bununla bağlı heç bir iş aparılmamışdır. Tariximizə sahib çıxmaq və bu döyüşlərin 100 illiyinin qeyd edildiyi zamanda onu əbədiləşdirərək milli irsimiz barədə cəmiyyətimizi məlumatlandırmaq hər birimizin borcudur!

Pərvin Mehdiyev