Ramil Orucov: Ulu Öndər ölkəmizin zamanın ağır sınaqlarından şərəflə çıxmasına nail olub

Ramil Orucov: Ulu Öndər ölkəmizin zamanın ağır sınaqlarından şərəflə çıxmasına nail olub

Azərbaycanı bütün dünyaya tanıdan görkəmli siyasətçi, müdrik dövlət xadimi, türk dünyasının böyük oğlu Heydər Əliyev ölkəmizin və millətimizin müqəddəratının həll olunduğu son dərəcə mürəkkəb və təhlükəli məqamlarda öz üzərinə düşən xilaskarlıq missiyasını ləyaqətlə yerinə yetirərək ölkəmizi zamanın ağır sınaqlarından şərəflə çıxmasına nail olub.

Unutmaq olmaz ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda siyasi böhran ən yüksək həddə çatdığı bir vaxtda ölkəmizin parçalanmasına və müstəqilliyimizin itirilməsinə yönəldilmiş cəhdlərin qarşısını almağı bacaran yeganə şəxsiyyət Ulu Öndər Heydər Əliyev oldu.

Bunu YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov bildirib. O, qeyd edib ki, 1993-cü il oktyabrın 3-də qədirbilən xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi. Həmin gün ölkəmizdə keçirilən prezident seçkilərində xalqımızın böyük əksəriyyəti Ulu Öndər Heydər Əliyevə etimad göstərdi, özünün Prezidenti seçdi. Beləliklə, Azərbaycan xalqının gələcək taleyini müəyyən edən mühüm başlanğıcların əsası qoyuldu.

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin, müstəqilliyimizin qorunub saxlanmasına nail oldu. Ölkə fəlakətdən xilas oldu, əmin-amanlıq bərpa edildi, böyük quruculuq işlərinə başlanıldı.

Ramil Orucov vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev zəkası sayəsində milli Konstitusiya qəbul edildi, Şərqdə ilk dəfə ölüm cəzasını ləğv edildi, mətbuatda senzura götürüldü. İlk dəfə olaraq ölkəmizdə özünüidarəetmə orqanı – bələdiyyələr yarandı, Azərbaycan Avropa Şurasına qəbul edildi, Bakıda dünya azərbaycanlılarının qurultayı keçirildi, ən əsası azərbaycançılıq ideyası, milli özünüdərk gücləndirildi. Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü və nüfuzu sayəsində ölkəmizin iqtisadi müstəqilliyini və əhalinin yüksək rifah halını təmin edəcək inkişaf strategiyası işlənib hazırlandı, “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqavilələri imzalandı, tarixi İpək Yolunun bərpasına başlandı.

Ulu Öndərin müstəqil gənc respublikamıza rəhbərlik etdiyi 34 illik tarixi bir dövrdə gördüyü əvəzsiz işlər Azərbaycanı çox qısa müddətdə beynəlxalq arenada böyük nüfuza və söz sahibinə malik bir ölkəyə çevirdi. Dövlətçiliyimizi, müstəqilliyimizi qoruyub saxlamağı bacaran Ulu Öndər Heydər Əliyevin iti zəkası, fədakar əməyi, böyük zəhməti sayəsində Azərbaycanın beynəlxalq aləmdəki imici yüksəldi, ölkəyə xarici investisiyalar daxil olmağa başladı. Bu da müstəqil Azərbaycanın inkişafına böyük təkan verdi. Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin amalı, qayəsi olan doğma Azərbaycanın tərəqqisi dahi şəxsiyyətin fitri istedadı sayəsində mümkün olub. Ümummilli Lider Heydər Əliyev yolu dövlətimizin davamlı inkişafının qarantıdır və bu yol xalqımızın hələ bundan sonra da yaxşı yaşamasını, ölkəmizin daha da qüdrətlənməsini təmin edəcək.

“Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident cənab İlham Əliyevin Azərbaycanda bərqərar olan siyasi, iqtisadi və sosial inkişaf siyasətini uğurla davam etdirməsi hər birimizdə parlaq gələcəyimizə böyük inam hissi yaradıb. Böyük iftixar hissi ilə bu gün tam əminliklə demək olar ki, Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan dövləti yüksəlişi ilə müşayiət olan şərəfli bir dövrünü yaşayır. Ölkə Prezidenti cənab İlham Əliyevin Ulu Öndərimizin dövləti idarəetmə ənənələrini, siyasi kursunu uğurla davam etdirməsi Azərbaycan xalqında parlaq, qüdrətli gələcəyə inamı daha da artırır” – deyə YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov bildirib.