Pərvin Kərimzadə: 10 noyabr Bəyanatı ilə Ermənistanın hərbi kapitulyasiyası rəsmiləşdirildi

Pərvin Kərimzadə: 10 noyabr Bəyanatı ilə Ermənistanın hərbi kapitulyasiyası rəsmiləşdirildi

2020-ci il noyabrın 8-i strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi Azərbaycan tarixinə ən şanlı bir gün kimi yazılmaqla yanaşı ölkəmizin hərb meydanında Zəfərinin təntənəsi oldu.

Bunu açıqlamasında YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib. Millət vəkili qeyd edib ki, Azərbaycanın hərbi-diplomatik Qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi nəticəsində 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat münaqişənin hərbi-siyasi həllini müəyyənləşdirdi. Tarixi Bəyanat Azərbaycanın parlaq hərbi qələbəsinin, Ermənistanın isə məğlubiyyətinin hüquqi-siyasi təsdiqi oldu. Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. 44 günlük müharibə Azərbaycanın tam Qələbəsi ilə nəticələndi. Azərbaycanın şanlı Zəfəri, Ermənistanın isə hərbi kapitulyasiyası rəsmiləşdirildi.

Ölkəmizin Prezidenti, Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 10-da xalqa müraciətində qeyd edir: “Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır”.

Rusiya Prezidenti Vladimir Putin də 2020-ci ilin noyabrında müsahibəsində bildirdi ki, Ermənistanın Qarabağla bağlı razılaşmadan imtina etməsi ölkə üçün intihar olar. Ona görə də Ermənistanın reallıqlarla barışmaqdan, region dövlətləri ilə sivil əməkdaşlıq etməkdən başqa yolu yoxdur.

Milli Məclisin deputatı qeyd edib ki, tarixi Bəyanatın 3-cü və 4-cü bəndlərinə uyğun olaraq, Qarabağda təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirildi. Bəyanatın 9-cu bəndinə əsasən tərəflər üzərlərinə öhdəlik götürdülər. 10 noyabrda imazalanmış bu sənəd “status-kvo”nu dəyişdi. Əsas məqam isə ondan ibarət idi ki, məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq üçün çıxış qrafikini təqdim etməyə məcbur oldu. Qarabağa heç bir status verilmədi.

2020-ci il noyabrın 10-da imzalanan sənəd də, sonralar Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin iştirakı ilə keçirilən üçtərəfli görüşlər də Azərbaycanın növbəti diplomatik nailiyyəti oldu. Bu görüşlərin gündəliyinə çıxarılan və müzakirə olunan məsələlər, əldə olunan razılaşmalar bir daha respublikamızın milli maraq və mənafelərinin qətiyyətlə təmin edildiyini, regionda sülhün, təhlükəsizliyin və inkişafın təmin olunmasını göstərdi.

Qalib komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi Zəfərdən sonra da ölkəmiz sülhün, qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanımaqla Cənubi Qafqazda sabitliyin bərqərar edilməsi üçün konkret addımlar atır. Regionda gərginliyin qalmasında maraqlı olan Ermənistan sülh prosesindən yayınır.

Noyabrın 8-də Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə Müzəffər Ali Baş Komandan İlham Əliyev bir daha bu məsələlərə toxunaraq Ermənistana və onun havadarlarına növbəti xəbərdarlığını etdi: “İki il ötməsinə baxmayaraq Ermənistan 2020-ci ilin 10 noyabr Bəyanatına əməl etməyib və öz silahlı qüvvələrini Qarabağdan tam çıxarmayb. Həmçinin Zəngəzur dəhlizini Azərbaycana təqdim etməyən bu ölkə vaxtaşırı hərbi təxribatlar törətməklə məşğul olub. Dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan isə hər zaman olduğu kimi, bu beynəlxalq razılaşmaya da hörmətlə yanaşıb: “Biz ədalətli insanlarıq və ədalətli ölkəyik. Əgər biz hansısa öhdəliyi öz üzərimizə götürmüşüksə, onu yerinə yetiririk. Biz 2020-ci ilin 10 noyabr Bəyanatında üzərimizə götürdüyümüz bütün öhdəlikləri yerinə yetiririk… Bir güllə atılmadan Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal altında olan əraziləri bizə qaytarıldı. Əgər qaytarmasaydı, yenə də başlarını əzəcəkdik”.

44 günlük Vətən müharibəsində Azərbaycan təkcə ərazi bütövlüyünü yox, milli qürurumuzu bərpa etdi, Ermənistana tarixdə unuda bilməyəcəyi dərsi verdi. Azərbaycan uzunmüddətli sülhün, əməkdaşlığın, iqtisadi inkişafa aparan layihələrin gerçəkləşməsinin tərəfdarıdır və fəaliyyətini də məhz bu istiqamətdə qurur, – deyə Milli Məclisin deputatı qeyd edib.