Prezident İlham Əliyevin Albaniya səfəri hər iki ölkə arasında əlaqələrin inkişafına böyük tövhədir

Prezident İlham Əliyevin Albaniya səfəri hər iki ölkə arasında əlaqələrin inkişafına böyük tövhədir

Ulu öndər Heydər Əliyevin xarici siyasət varisliyinin əsas prinsiplərindən biri də Azərbaycanın istər qonşu istərsədə, digər region ölkələri ilə əməkdaşlığın istənilən növünü inkişaf etdirməkdir. Bu ənənə bugün də uğurla davam etdirilir. Bu prinsiplər bizim Albaniya Respublikası ilə əməkdaşlığımızı da məqsədəuyğun edir. Buna əsas səbəb isə Albaniya Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan ölkələrdəndir. Bugün Azərbaycanla Albaniya arasında siyasi dialoq yüksələn xətlə inkişaf etməkdədir. Yəni bu ölkə Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu dəfələrlə sübut etmişdir. Buna misal olaraq 2016–2019-cu illərdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil edilən Qlobal Bakı Forumlarında bir qayda olaraq Albaniya Prezidenti, həmçinin Mərkəzin fəaliyyətində fəal iştirak edən keçmiş prezidentləri iştirak etmişlər.

Xatırladaq ki, Albaniya ¬Prezidenti Buyar Nişani 2016-cı ildə və 2017-ci ildə IV və V Qlobal Bakı Forumlarında, 2018-ci ilin və 2019-cu illərin mart aylarında isə Albaniya Prezidenti cənab İlir Meta VI və VII Qlobal Bakı Forumlarında iştirak məqsədilə ölkəmizə işgüzar səfər etmişdir.
Fikrimizcə, Azərbaycan ¬Prezidentinin dünən noyabrın 16-da Tiranaya reallaşdırdığı dövlət səfəri məhz həmin istiqamətdə daha əhatəli və inkişaf edəcək addımların atılmasını təmin etmək məqsədi daşıyırdı. Xatırladaq ki, Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən, Albaniya ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biri olduğu dəfələrlə vurğulanıb. Bu səfər ölkələrarası münasibətlərin 30-cu ildönümü ilə əlaqədar gələn il Albaniyada keçiriləcək “Azərbaycan Həftəsi”nə hazırlıqla üst-üstə düşdüyünə görə də əlamətdardır. Görüş zamanı ¬Prezident İlham Əliyev bildirdi ki, IX Qlobal Bakı -Forumunda iştirak edən Albaniya Prezidenti İlir Meta ilə söhbət zamanı Albaniyanın həmişə olduğu kimi, İkinci Qarabağ müharibəsində də Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstəyi yüksək qiymətləndirib və vurğulayıb ki, bu, Albaniyanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu bir daha göstərir. Məlum olduğu kimi, Albaniya Azərbaycanın enerji sahəsində əməkdaşlıq etdiyi əsas ölkələrdən biridir.

Hamımıza məlumdur ki, Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin həyata keçirilməsi strateji əhəmiyyət daşıyır və hər iki ölkə bu istiqamətdə uğurla əməkdaşlıq edib. Eyni zamanda, Tiranada deyirlər ki, Albaniya Azərbaycan tərəfinin ölkənin enerji infrastrukturunda aktiv iştirakında maraqlıdır. Elə ona görə də, Albaniyanın yüksək səviyyəli rəsmiləri Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bütün iclaslarında iştirak edib və layihənin icrasına töhfə veriblər. TAP layihəsinin həyata keçirilməsi çərçivəsində Albaniya öz tranzit imkanlarından faydalanması ilə yanaşı, layihənin icrası bu ölkədə məşğulluğun artmasına böyük töhfə verib.
Noyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyev Albaniyada rəsmi səfərdə olub. Tiranada Albaniya prezidenti və baş naziri ilə görüşən İlham Əliyev ölkələr arasındakı münasibətlər, qarşılıqlı əlaqələrin perspektivləri barədə fikirlər səsləndirib.Hazırda Azərbaycan Avropa İttifaqı ilə bu kəmərin ötürücülük gücünün artırılması istiqamətində müzakirələr aparır. Bu yay Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin Bakıya səfəri zamanı Azərbaycanla Aİ arasında enerji əməkdaşlığına dair memorandum imzalanıb. Memorandum 2027-ci ilədək Azərbaycandan Avropaya qaz ixracının 20 milyard kubmetrə çatdırılmasını nəzərdə tutur. Bu həcmin təmin olunması üçün TAP kəmərinin ötürücülük gücünün ikiqat artırılması lazımdır. Bu baxımdan, Azərbaycanın kəmərin keçdiyi ölkələrlə münasibətlərinin dərinləşməsi prosesin sürətləndirilməsinə ciddi töhfə verə bilər.

Prezident İlham Əliyev Albaniyalı həmkarı Bayram Beqayla görüşdən sonra mətbuata verdiyi bəyanatda qeyd edib ki, hazırda Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verir: “Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir və Cənub Qaz Dəhlizinin icrasında bizim ölkələrimiz çox önəmli rol oynayırlar. Azərbaycanın və Avropa İttifaqının sədrliyi ilə bu günə qədər keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bir çox toplantısında Albaniya nümayəndələri həmişə çox fəal iştirak etmişdilər. Bu ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır. Beləliklə Albaniya enerji, infrastruktur, turizm, kənd təsərrüfatı və sənaye sahələrində əməkdaşlığın genişləndirilməsində olduqca maraqlıdır. Əlbəttə ki, enerji sahəsində İon–Adriatik boru kəməri Albaniyanı, Monteneqronu, Xorvatiyanı birləşdirərək, ölkələrimizin geosiyasi əhəmiyyətini artırır və regional, o cümlədən Avropa səviyyəsində qaz təchizatının şaxələndirilməsini nümayiş etdirir.

Əslində, Prezident İlham Əliyevin son səfəri iki ölkə arasındakı əlaqələri daha da inkişaf etdirməklə yanaşı, Azərbaycanın regional enerji təhlükəsizliyinin formalaşmasındakı rolunu daha da artıracaq. 2015-ci ildə SOCAR rəsmiləri Albaniya ərazisinin qazlaşdırılması üçün bir neçə yüz milyon dollarlıq sərmayə qoyuluşuna ehtiyac olduğunu elan etmişdilər. Ondan bəri dünyada baş verən bahalaşma fonunda bu məbləğin azı ikiqat artacağını gözləmək olar. Əsasən dağlıq ərazilərdən ibarət Albaniyanın qazlaşdırılması xeyli zəhmət və güclü sərmayə tələb edəcək. Bu səfər bizə imkan verəcək ki, Avropadakı mövqeyimizi həm gücləndirək, həm də bunu uzunmüddətli davam etdirək. Formalaşan müştərək əlaqələr ölkəmizin gələcək inkişafına böyük tövhələr verməklə yanaşı, eyni zamanda artan beynəlxalq nüfuzumuza müfəssəl təsiri olacağına hamılıqla əminik. Getdikcə qloballaşan dünyamızın bir parçası olan doğma Vətənimiz Avrasiyanın mühüm dayaq nöqtəsi olaraq sərgilədiyi beynəlxalq mövqeyi, onun artıq nüfuzlu bir regiona çevrilməsindən xəbər verir.

Prof. Azad Mustafa oğlu Bayramov ADAU-nun İctimai Fənlər kafedrasının müdiri