Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü keçirilir, Prezident görüşdə iştirak edib

Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü keçirilir, Prezident görüşdə iştirak edib

İyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşü keçirilir.

YAZTV.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

-Hörmətli nazirlər.

Xanımlar və cənablar.

Əziz qonaqlar.

Mən sizin hamınızı Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə salamlayıram.

Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün sədrliyi öz üzərinə götürdü və yenidən yekdil qərarla sədrliyimiz daha bir il uzadıldı.

Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə “Bandunq prinsipləri” əsasında ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qorudu.

Beynəlxalq ictimaiyyət COVID-19 pandemiyası ilə necə mübarizə aparacağı barədə çaşqın vəziyyətdə olarkən, misli görünməmiş bu çağırışla mübarizədə qlobal səyləri birləşdirən Qoşulmama Hərəkatı oldu.

2020-ci ilin mayında Azərbaycanın təşəbbüsü ilə təşkil edilmiş Qoşulmama Hərəkatının liderlər səviyyəsində onlayn sammiti 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə nəticələndi. Bundan əlavə, Qoşulmama Hərəkatının bəzi zəngin ölkələr tərəfindən yürüdülən “peyvənd millətçiliyi”nə güclü etirazı və bunun ardınca bütün ölkələr üçün peyvəndlərə ədalətli və universal çıxışla bağlı BMT qətnamələrinin qəbul edilməsi Qoşulmama Hərəkatının koronavirusla mübarizədə liderliyinə dəlalət edir.