Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradılıb – FƏRMAN

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradılıb – FƏRMAN

Yanvarın 15-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin yaradılması haqqında” Fərman imzalayıb.

YAZTV xəbər verir ki, Fərmana əsasən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əsasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradılıb.

Müəyyən edilib ki, Agentlik işğaldan azad olunmuş ərazilərin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi, həmçinin onların müvəqqəti saxlanılması, daşınması, zərərsizləşdirilməsi sahəsində fəaliyyət göstərən, habelə bu sahədə digər zəruri işlərin təşkilini, fəaliyyətin planlaşdırılmasını, əlaqələndirilməsini və idarə edilməsini həyata keçirən publik hüquqi şəxsdir.

Agentliyin fəaliyyətinə rəhbərlik etmək üçün üç üzvdən – sədr və onun iki müavinindən ibarət İdarə Heyəti yaradılır. Agentliyin fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri dövlət büdcəsinin vəsaiti və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

Nazirlər Kabinetinə tapşırılıb ki, dövlət qeydiyyatına alındığı gündən Agentliyin inzibati bina ilə təmin olunması və maddi-texniki təminatı məsələlərinin həlli üçün bir ay müddətində tədbirlər görsün.