Bu işə başlayanda bizim bir şüarımız olub: “Əsas niyyətdir”

Bu işə başlayanda bizim bir şüarımız olub: “Əsas niyyətdir”

"Ölkəmizdə xeyriyyə fəaliyyəti göstərən bir çox birliklər var. Keçən illərdə belə bir nəticəyə gəldim ki, əgər məqsəd dövlətə və millətə dəstək olmaqdırsa və burada hansısa şəxsi maraqlar yoxdursa, o zaman insanlar da sizə inanır"

Bunu YAZTV-ə  müsahibəsində “Kimsəsizlərə Gənc Kimsə” komandasının rəhbəri  Vüsal Məhəmmədoğlu deyib.

İlk növbədə dəvətimizi qəbul etdiyiniz üçün təşəkkür edirik. Fəaliyyətinizlə daha yaxından tanış olmaq istərdik.

Mən, Vüsal Məhəmmədoğlu SOCAR-ın Neft Emalı zavodunda elektrik olaraq çalışıram,həmçinin, 2017-ci ildən təsisçisi olduğum “TEL Travel” şirkətinin də rəhbərliyini edirəm.

Necə qərara gəldiniz ki, bu işə başlamalısınız?

İlhamlandığım hadisə bir video ilə bağlıdır. Video Lili adlı qızın həyat hekayəsindən bəhs edirdi.  Təxminən 8 yaşlı bu qız xəstə qonşusu üçün 100 dollar məbləğində pul toplayır və sonra avtomobil qəzasında ölür. O, öldükdən sonra isə onun təşəbbüsü ictimailəşərək adına fond açılır. Bu fond minlərlə ehtiyaclı insana dəstək olur.

Həmin videodan sonra 2014-cü ildə bakalavr təhsili aldığım zaman dostlarım- Anar Hüseynov və İlkin Hüseynzadə ilə birlikdə bu fəaliyyətimizə başladıq.

Bu yolda motivasiyanız nə oldu?

Əsas motivasiyam bizimlə eyni fikirdə olan gənclərin ideyaları və bizə dəstəyi oldu.

Hal- hazırda icra etdiyiniz layihələr hansılardır?

“Kimsəsizlərə Gənc Kimsə” komandası ilə 7 illik dəyişməyən fəaliyyətimiz aztəminatlı ailələrə (maddi, mənəvi, sənədləşmə işlərində, övladlarının təhsilində) dəstək göstərməkdir.

İkinci bir layihəmiz isə TDTP (Təhsilə Dəstək Təqaüd Proqramı) layihəsidir ki, bu layihəni də 2019-cu ildə başlatmışıq və aztəminatlı ailələrin övladlarına təhsillə bağlı dəstək veririk. Eyni zamanda, həmin gənclərin sosial aktivliyini təmin etmək üçün onları təlimçi kimi layihələrə cəlb edirik.

Digər layihəmiz isə iş tapmaqda çətinlik çəkən insanların işlə təmin olunması ( mühafizə, fəhlə, ofisiant, usta köməkçisi və s.) və əl qabilliyəti olanlar üçün lazımi vəsaitlərin (tikiş maşını və s.) alınması kimi məsələlərdə onlara dəstək oluruq. Bunu etməkdə məqsədimiz onları aztəminatlılar siyahısından çıxartmaqdır. Artıq 3 ilə yaxındır ki, bu layihəni icra edirik.

Gələcəkdəki layihələriniz hansılardır?

Əsas hədəflərimizdən biri TDTP layihəsini daha da inkişaf etdirməkdir. Çünki, savadlı bir övlad ailəsinin xilaskarı ola bilər.

Və 4 ildir başlatdığımız “Hər şey Vətən” üçün layihəsini də davam etdirmək istəyirik. Məqsədimiz bu layihə çərçivəsində hərbi hissələrdə olan əsgərlərimizi bayram günlərində az da olsa sevindirmək və insanların diqqətini sosial layihələrə cəlb etməkdir.

Bildiyimiz kimi, yardımlaşmaq həssas mövzudur və bu kimi məsələlərdə sui-istifadə halları daha çox olur. Sizə ianə göndərmək istəyən insanların inamını necə qazanırsınız?

Bu işə başlayanda bizim bir şüarımız var idi: “Əsas niyyətdir”. Bu yolda olduğumuz müddətdə təmiz və saf niyyəti həmişə ön planda tutmağa çalışırıq. Bizə gələn kiçik ianələri və bu ianələrlə etdiyimiz yardımları çekləri ilə bərabər paylaşaraq hesabat veririk. Böyük məbləğli ianələrə ehtiyacı olan ailələr üçün isə hesab açmağa çalışırıq ki, nağd pullar birbaşa ailələrə çatsın, biz sadəcə vasitəçi olaq.

Ölkəmizdə xeyriyyə fəaliyyəti göstərən bir çox birliklər var. Keçən illərdə belə bir nəticəyə gəldim ki, əgər məqsəd dövlətə və millətə dəstək olmaqdırsa və burada hansısa şəxsi maraqlar yoxdursa, o zaman insanlar da sizə inanır. (https://www.facebook.com/GencKimse/)

Yardımla bağlı ideyası olan insanlara nə məsləhət görərdiniz?

Məsləhətim odur ki, çalışın niyyətinizi sona qədər təmiz saxlayın və bu fikrinizdən nə olursa, olsun dönməyin. Biz də yardımla bağlı ideyası olan gənclərə hər zaman dəstək olmuşuq və bundan sonra da gücümüz çatan bütün köməyi göstərəcəyik.

Bir daha sizə təşəkkür edirik. Başladığınız iş məsuliyyətli və cəmiyyət üçün faydalı işdir. Bu yolda sizə və komandanıza uğurlar arzu edirik.

Çox sağ olun!

Lalə Kərimova
Yeni Azərbaycan Televiziyası