Gəncədə “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq” mövzusunda seminar keçirilib

Gəncədə “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq” mövzusunda seminar keçirilib

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq” mövzusunda seminar keçirilib. Seminarda DQİDK-nin sədr müavini Gündüz İsmayılov, DQİDK-nin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov, DQİDK-nin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşı Azər İbrahimov iştirak ediblər.

Gündüz İsmayılov bildirib ki, ölkədə hazırda dini durum sabitdir və son illərdə bu sabitlik daha da möhkəmlənib. Həm beynəlxalq miqyasda, həm də ölkə səviyyəsində gölürən tədbirlər, radikalimzlə mübarizənin komplkes şəkildə həyata keçirilməsi öz bəhrəsini verir. Ölkədə radikalizmlə mübarizə üç istiqamətdə həyata keçirilir – ideoloji, iqtisadi və hüquqi müstəvidə.

Radikalizmin mərhələli şəkildə yarandığını bildirən sədr müavini, ilkin mərhələdə qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyini vurğulayıb: “İlkin meyillərin yaranması dedikdə, buna xurafatı misal gətirmək olar. Əgər xurafat varsa, onun növbəti mərhələsi mütləq radikalizm olacaq. Bu səbəbdən də ideoloji müstəvidə təbliğatın gücləndirilməsi daha vacibdir”.

Gəncədəki dini vəziyyəti təhlil edən Gündüz İsmayılov bildirib ki, radikalizmin yaranmasının əsas səbəblərindən biri də insanların əhvali-ruhiyyəsi ilə yanaşı, onların etnik kimliyidir. Azərbaycan xalqının xüsusiyyətləri elədir ki, onları radikalizmə yönəltmək heç də asan deyil. Azərbyacanda radikal idea və dini düşüncələrin, habelə radikal və ekstremist qrupların özünə köklü yer tapması mümkün deyil. Xüsusilə də Gəncə kimi, öz milli mənəvi dəyərlərinə, soy-kökünə sadiq olan bir şəhərdə.

DQİDK-nin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov çıxış edərək, Azərbaycandakı dinlərarası tolerantlıq mühitindən söz açıb. O qeyd edib ki, ölkəmizdə mövcud olan multikultural dəyərlər və tolerantlıq ənənələri dünyaya nümunə ola biləcək səviyyədədir. O öz çıxışında dini maarifləndirmə işinin təşkilinə, bu işdə dini ədəbiyyatın yeri və roluna da toxunub.

DQİDK-nin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov bildirib ki, Komitənin əsas fəaliyyət istiqamətlərindən biri maarifləndirmə işinin həyata keçirilməsidir. Gəncədə dini radikalizmlə mübarizə çərçivəsində aparılan maarifləndirmə tədbirləri mütəşəkkil qaydada həyata keçirlir. O qeyd edib ki, aparılan təhlillərlə radikalizm və ekstremizmin əsas qurbanlarının məhz gənclər olduğu müəyyən edilib. Bu fakt nəzərə alınaraq keçirilən maarifləndirmə tədbirlərinə şagird və tələbələrin cəlb olunmasına xüsusi diqqət yetirilir.

Seminarda yeniyetmə və gənclərə dini radikalizm və ekstremizm barədə ətarflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, seminarın davamı olaraq DQİDK tərəfindən Məhsəti Gəncəvi Mərkəzində kitab sərgisi təşkil olunub. Milli Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən çap edilmiş 50 adda 1000-dən artıq kitab sərgi iştirakçılarına hədiyyə edilib.