Azərbaycan Cüdo Federasiyası kütləvi yoluxma ilə bağlı açıqlama yayıb

Azərbaycan Cüdo Federasiyası kütləvi yoluxma ilə bağlı açıqlama yayıb

Qran-pri turnirində iştirak etmək üçün Portuqaliyanın Almada şəhərinə yollanan Azərbaycanın kişi və qadın cüdoçulardan ibarət milli komandaları səfərdən öncə Beynəlxalq Cüdo Federasiyasının (IJF) müəyyən etdiyi protokola uyğun olaraq test verib.

Azərbaycan Cüdo Federasiyasından (ACF)  verilən məlumata görə, peyvənd olunmuş heyət üzvlərindən bir, vaksin edilməmiş şəxslərdən (cəmi 3 nəfər) isə iki dəfə PCR testi götürülüb.

Daha sonra müvafiq sənədlər IJF-nin elektron qeydiyyat sistemi üzərindən təşkilatçılara göndərilib və bütün müvafiq prosedurlar yerinə yetirildikdən sonra analiz nəticələri neqativ çıxmış heyət üzvləri Portuqaliyaya yola düşüblər.

Qaydalara əsasən, iştirakçılar yarışın keçiriləcəyi yerə çatdıqdan sonra daha bir dəfə test verməlidirlər. Yanvarın 26-da Almada şəhərində bütün digər ölkələrin yığmalarından olduğu kimi, Azərbaycan millisinin üzvlərindən də yenidən PCR testi götürülüb. Bakıda nəticələri neqativ çıxmış bəzi idmançıların cavabları bu dəfə pozitiv olub.

Qaydalara görə, koronavirus aşkarlanmış heyət üzvləri yarışlara buraxılmır və ayrıca otaqlarda karantinə alınır. Bu səbəbdən onlar 7 günlük təcrid olunublar.

Heyət üzvlərinin özlərini yaxşı hiss etdikləri, sağlamlıqları ilə bağlı ciddi problem olmadığı və daimi həkim nəzarəti altında olduqları bildirilib. Federasiyanın onların müalicəsi üçün bütün lazımi tədbirləri həyata keçirdiyi vurğulanıb.

Qeyd edək ki, pozitiv PCR nəticələri tək Azərbaycanı təmsil edən idmançılarda deyil, digər ölkələrin nümayəndələrində da aşkar edilib və onlar da yarışlardan kənarlaşdırılıb.

Azərbaycan yığmasında analizləri müsbət çıxmış heyət üzvlərinin sayı 2 nəfərdən çox olduğundan ilk testdə neqativ PCR nəticəsi olan təmsilçilərdən test götürülüb. Həmin testlərin nəticəsinə əsasən, yanvarın 28-də başlayacaq yarışda kimlərin mübarizə aparacağı dəqiqləşəcək. Bundan sonra Qran-pridə Azərbaycanı təmsil edəcək heyət üzvləri barədə ayrıca məlumat veriləcək.