Gəncədə “Nizami və vətənpərvərlik” mövzusunda tədbir keçirilib

Gəncədə “Nizami və vətənpərvərlik” mövzusunda tədbir keçirilib
Gəncə Regional Mədəniyyət İdarəsinin və Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun Nizami Gəncəvi Məqbərə filialının birgə təşkilatçılığı ilə  “Nizami və vətənpərvərlik” mövzusunda tədbir keçirilib. Tədbir Nizami Gəncəvi Muzeyinin qarşısında gerçəkləşib.

Əvvəlcə Nizami Gəncəvi Məqbərəsi ziyarət olunub,  məzarı üzərinə təzə-tər qərənfillər düzülüb. Sonra Nizami Gəncəvi Muzeyinə ekskursiya təşkil edilib.

Tədbirdə II Qarabağ Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Azərbaycan övladlarının əziz xatirəsinə ehtiram yad olunub.

Mərasimdə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Gəncə şəhər “Maarif evi” İctimai Birliyinin sədri İmamverdi Vəliyev, Gəncə şəhər “Gənclər evinin” direktoru Amil Qurbanov, Gədəbəy rayon Təhsil İdarəsinin aparıcı məsləhətçisi Şahzadə Qəhrəmanlı və digərləri iştirak edib.

Vasif Cənnətov tədbir iştirakçılarını salamlayaraq, ölkə rəhbəri  İlham Əliyevin 05 yanvar 2021-ci il tarixli Sərəncamı ilə bu ilin “Nizami Gəncəvi ili” elan olunmasından, Sərəncamın icrası ilə bağlı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin müvafiq əmrindən və Gəncə Regional Mədəniyyət İdarəsinin Tədbirlər planından danışıb. O bildirib ki, regional idarənin təşəbbüsü və təşkilatçılığı ilə Nizami Gəncəvi ili çərçivəsində bir çox silsilə tədbirlər canlı və ya onlayn şəkildə keçirilib. Eyni zamanda, Regional İdarənin tabeliyində fəaliyyət göstərən Gəncə, Naftalan şəhər, Goranboy, Samux, Kəlbəcər və Xocalı rayonlarındakı mədəniyyət müəssisələrində də silsilə tədbirlərin davam etdiyini diqqətə çatdırıb. 
 
Milli Elmlər Akademiyasının Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə elmlər doktoru, dosent Təhminə Bədəlova “Nizami yaradıcılığında vətənpərvərlik”  mövzusunda ətraflı çıxış edib. 

Daha sonra F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Muğam” üçlüyünün ifasında (Gəncə şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin səs-muğam sinfinin müəllimi, Filarmoniyanın solisti Xəyal Əliyev, tar ifaçısı Çoşğun Süleymanov, kamança ifaçısı Ayxan Məmişov) məşhur “Xudayar təsnifi” təqdim olunub. Həmçinin, məktəblilərin bir--birindən rəngarəng çıxışları tədbir iştirakılarına xoş anlar bəxş edib.  Gədəbəy şəhər 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi Nərmin İbrahimlinin sulu boya ilə çəkdiyi Nizami Gəncəvinin portreti isə böyük maraqla qarşılanıb.

“Nizami və vətənpərvərlik” mövzusunda keçirilən tədbir Gəncə Dövlət Filarmoniyasının Muğam üçlüyünün Nizami Gəncəviyə həsr etdiyi musiqi nömrəsi ilə başa çatıb.

Sonda xatirə şəkli çəkdirilib.