Gəncə Dövlət Dram Teatrına yeni baş rejisor təyin edilib

Gəncə Dövlət Dram Teatrına yeni baş rejisor təyin edilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirinin müvafiq əmri ilə Əhmədov Elşad Eldar oğlu teatra baş rejissor təyin olunub. 

YAZTV məlumatı Gəncə Dövlət Dram Teatrının rəsmi facebook səhifəsinə istinadən bildirir. Bununla əlaqədar olaraq, Gəncə Dövlət Dram Teatrının direktoru Aqil Bəhramlı baş rejissoru kollektivə təqdim edib. Təqdimat mərasimində iştirak edən Xalq artistləri Alim Məmmədov, Pərvanə Qurbanova, Əməkdar artistlər Elxan Yunis, Ramiz Vəliyev, Novruz Cəfərov və digərləri çıxış edərək Elşad Əhmədovu yeni təyinat münasibətilə təbrik edərək yaradıcılığında uğurlar arzulayıblar.

Aqil Bəhramlı çıxışında Mədəniyyət naziri Anar Kərimova teatra göstərdiyi etimada görə təşəkkürünü bildirib və baş rejissora gələcək fəaliyyətində uğurlar diləyib.

Qeyd edək ki, Elşad Əhmədov uzun illərdir teatrda rejissor vəzifəsində çalışıb. O, 1 noyabr 1981-ci ildə Gəncə şəhərində anadan olub.1998-ci ildə AzDMİU-nun Teatr və Kino sənəti fakültəsinin Dram-Kino aktyorluğu ixtisası üzrə Həsənağa Turabovun kursuna qəbul olunmuş və 2002-ci ildə ali təhsilini başa vurub , elə həmin ildə Hərbi xidmətə yollanmışdır. Universitetdə təhsil aldığı illərdə (2000 - 2002 ci il ) Azərbaycan Akademik Milli Dram Teatrının truppasında 2-ci dərəcəli aktyor işləmişdir. 2002-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının keçirdiyi A.M.Şərifzadə adına “ÜFÜQ XXI” Eksperimental Tamaşalar Festivalında S.Bekketin “İlk məhəbbət” hekayəsi əsasında hazırlanmış eyniadlı mono tamaşadakı ifasına görə,festivalın “Ən cəsarətli yaradıcılıq işi” nominasiyası ilə təltif olunmuşdur. 2003-cü il sentyabrın 1-dən Gəncə Dövlət Dram Teatrında aktyor kimi əmək fəaliyyətinə başlamışdır. 2006-cı ildə “Açıq Cəmiyyət İnstitutu” və “YUĞ” Teatrının birgə təşiklatçılığı ilə “MƏN , SƏN , BİZ “ Beynəlxalq Teatr Layihəsinin iştirakçısı olub. 2007-ci ildə Hüseyn Cavidin 125 illiyinə həsr olunmuş “Deyilən söz yadigardır” II Ümumrespublika bədii qiraət müsabiqəsinin III dərəcəli diplomu ilə təltif edilmişdir. Kamal Abdullanın “İstintaq” hekayəsinin motivləri əsasında səhnələşdirdiyi və quruluşçu rejissoru olduğu “Sərgərdan” psixo-dramtik-zikr tamaşası ilə 2011-ci ildə AzTXİ-nin keçirdiyi “Eksperimental tamaşalar” festivalının iştirakçısı olmuş və festivalın diplomu ilə təltif edilmişdir.

Elşad Əhmədov 2014-cü ildən Gəncə Dövlət Dram Teatrında quruluşçu rejissor kimi fəaliyyətə başlamış və bir çox tamaşalara quruluş vermişdir.

 

Yaztv.a