Təhsil Nazirliyindən Astaranın Diqo kəndinin şagirdlərinin problemi ilə bağlı açıqlama

Təhsil Nazirliyindən Astaranın Diqo kəndinin şagirdlərinin problemi ilə bağlı açıqlama

Astaranın Diqo kəndində yeni məktəb tikiləcək.

Bu barədə YAZTV-nin sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, bu il tikintisi planlaşdırılan modul tipli məktəblərin siyahısına Diqo kənd məktəbinin də adı təqdim olunacaq.

Eyni zamanda, nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov adıçəkilən kəndin 10 yaşlı sakini Vahabov Şindan Şəkər oğlunun təhsil probleminə münasibət bildirib. O qeyd edib ki, Astara rayon Təhsil Şöbəsi məsələ ilə bağlı araşdırma aparır: "Həmin şagird ibtidai təhsilini Şəvqo kənd ibtidai məktəbində alıb. Hazırda Pəlikəş kənd tam orta məktəbinin V sinif şagirdidir. Şagirdin valideynindən sağlamlıq haqqında arayışın istənilməsi və məsafənin uzaqlığı səbəbindən onun davamiyyətində problem yaranıb".

Qeyd edək ki, son 5 ildə Astaranın ucqar dağ kəndlərində 9 modul tipli məktəb istifadəyə verilib.

Xatırladaq ki, Astaranın Diqo kəndinin məktəb problemi tanınmış fotoqraf Orxan Əzimin çəkdiyi fotolardan sonra ictimailəşib.