Yaponiyanın iqtidar və müxalifət partiyaları referendum barədə qanunun qəbuluna razılaşıblar

Yaponiyanın iqtidar və müxalifət partiyaları referendum barədə qanunun qəbuluna razılaşıblar

Mayın 6-da Yaponiyanın hakim Liberal Demokratik Partiyası (LDP) və aparıcı müxalifət partiyaları parlamentin hazırkı sessiyası zamanı ümumxalq referendumunun təşkili ilə bağlı qanun layihəsinin qəbulu barədə razılığa gəliblər.

YAZTV NHK telekanalına istinadla xəbər verir ki, bu, ölkə Konstitusiyasına yenidən baxılması istiqamətində mühüm addım hesab edilir. Bildirilir ki, həmin sənəd parlamentin aşağı palatasının müvafiq komitəsi tərəfindən artıq qəbul edilib və mayın 11-də keçiriləcək plenar iclas zamanı təsdiqlənəcək.

Qeyd olunur ki, Yaponiyada indiyədək Konstitusiyaya düzəlişləri təsdiqləmək üçün ümumxalq referendumunun keçirilməsi qaydaları qəbul edilməyib. Müvafiq qanun layihəsi 2018-ci ilin iyununda parlamentin müzakirəsinə təqdim edilsə də, onun müzakirələri böyük çətinliklə aparılıb. İrəliləyişə yalnız LDP-nin müxalifətin Konstitusiyaya dəyişikliklərlə bağlı təbliğat kampaniyasının təşkili zamanı məhdudiyyətlərlə əlaqədar təklifləri qəbul etməsindən sonra nail olunub.

Bununla yanaşı, müxalifətin hakim partiyanın Konstitusiyaya konkret dəyişikliklərlə bağlı real müzakirələrin başlamasına qarşı olduğu da qeyd edilir. Bu dəyişikliyin Konstitusiyanın 9-cu maddəsində nəzərdə tutulduğu kimi, ölkənin silahlı qüvvələrə malik olmaması ilə əlaqədar olduğu bildirilir. Həmin maddə Yaponiyanın quru, dəniz və hərbi-hava qüvvələrinə malik ola bilməsindən, həmçinin müharibədən xalqın suveren hüququ kimi istifadəsindən imtinanı nəzərdə tutur. Eyni zamanda, 1947-ci ildə qəbul edilən əsas qanunda əlavə dəyişikliklərin aparıla biləcəyi də ehtimal edilir.

Son vaxtlar Yaponiyada aparılan sosial sorğuların nəticələri seçicilərin Konstitusiyaya yenidən baxmaq barədə təklifi bəyəndiklərini təsdiq etsə də, 9-cu maddənin dəyişdirilməsinə ehtiyatla yanaşıldığını göstərir. Ölkə qanunvericiliyinə görə Konstitusiyada dəyişiklik yalnız ümumxalq səsverməsi yolu ilə mümkündür. Referendum isə parlamentin hər iki palatasının deputatlarının üçdəikisinin razılıq verməsindən sonra təşkil edilə bilər. (AZƏRTAC)