Arnold Şvartseneqqer vətəni Avstriyada ali fəxri mükafata layiq görülüb

Arnold Şvartseneqqer vətəni Avstriyada ali fəxri mükafata layiq görülüb

Avstriyanın Federal Prezidenti Aleksander Van der Bellen məşhur kinoaktyor, ABŞ-ın Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Şvartseneqqeri "Avstriya Respublikasına xidmətlərinə görə" Böyük Qızıl Fəxri Nişanla təltif edib.

YAZTV xəbər verir ki, iqlim dəyişikliklərinə həsr olunmuş “Avstriya Dünya Sammiti” çərçivəsində keçirilən mərasimdə A. Van der Bellen əslən Avstriyanın Ştiriya əyalətindən olan dünya şöhrətli kinoaktyorun onilliklər boyu vətəni Avstriyanın ABŞ-da və ümumilikdə dünyada müsbət imici üçün fəaliyyətini yüksək qiymətləndirib. Eyni zamanda onun qlobal istiləşməyə qarşı mübarizəyə verdiyi töhfə, ətraf mühitin qorunması üçün həyata keçirdiyi layihələr və həmtəsisçisi olduğu “Avstriya Dünya Sammiti”nin uğurları da qeyd edilib.

Arnold Şvartseneqqer bu mükafatı bir avstriyalının həyatda ala biləcəyi ən yüksək fəxri ad kimi dəyərləndirib. O, özünü qəlbində daim avstriyalı kimi hiss etdiyini və vətəni Avstriyaya bağlılığını hər zaman nümayiş etdirdiyini vurğulayıb. Dünya şöhrətli aktyor vətənə bağlılığın simvolik tərənnümü olan bu mükafatın onu bundan sonrakı fəaliyyətində də ruhlandıracağını ifadə edib.

Qeyd edilməlidir ki, koronavirus pandemiyası ilə əlaqədar A. Şvartseneqqer “Avstriya Dünya Sammiti”ndə iştirak üçün Avstriyaya səfər edə bilməyib, mükafatın təqdimatı videoformatda keçən mərasimdə baş tutub. (AZƏRTAC)