Müdafiə nazirinin yeni müavini Nizam Osmanovun dosyesi

Müdafiə nazirinin yeni müavini Nizam Osmanovun dosyesi

Bildiyimiz kimi Müdafiə Nazirliyində mühüm kadr təyinatları həyata  keçirilib. Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamı ilə yeni vəzifəyə təyin olunanlardan biri general-leytenant Nizam Osmanovdur.

Ölkə başçısının sərəncamına əsasən, general-leytenant Osmanov Nizam Ramazan oğlu – Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi təyin edilib.

 Nizam Osmanovun dosyesi

YAZTV-nin məlumatına görə, general-leytenant Nizam Osmanov 16 iyun 1965-ci ildə Ermənistanın Kalinino rayonunda anadan olub. 1986-cı ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirib. 1986-1992-ci illərdə Uzaq Şərq Hərbi Dairəsində taqım, bölük, tabor komandirləri vəzifələrində xidmət edib.

1992-ci ilin avqust ayından Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətə başlayıb. 1992-2002-ci illərdə motoatıcı tabor komandiri, hərbi hissənin əməliyyat şöbəsi rəisinin baş köməkçisi, qərargah rəisi, alay komandirinin müavini, motoatıcı briqadanın qərargah rəisi və komandiri, hərbi birlik komandirinin müavini vəzifələrində xidmət aparıb.

N.Osmanov 2002-2014-cü illərdə hərbi birlik komandiri olub. 2014-2020-ci illərdə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi vəzifəsində xidmət edib.

General-leytenant Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib. Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb.

Belə ki, o, Azərbaycan Respublikası Prezidentinin 24.06.2003-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni, 25.06.2011-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 24.06.2016-cı il tarixli Sərəncamı ilə “Vətən uğrunda” medalı, 25.06.2018-ci il tarixli Sərəncamı ilə “İgidliyə görə” medalı, 27.05.2019-cu il tarixli Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı, 09.12.2020-ci il tarixli Sərəncamı ilə “Qarabağ” ordeni ilə təltif olunub.

2020-ci ilin 8 iyul tarixində Müdafiə nazirinin müvafiq əmri ilə Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsinin icrasına buraxılıb.

Ailəlidir. İki övladı var.

YAZTV.az saytının kollektivi adından Nizam Osmanovu təbrik edir, işlərində müvəffəqiyyətlər arzulayırıq.