Bakıda qardaş qardaşı qətlə yetirib

Bakıda qardaş qardaşı qətlə yetirib
 
Oktyabrın 14-də 1991-ci il təvəllüdlü Məmmədzadə Mirvaqif Elçin oğlunun bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
 
Binəqədi rayon Prokurorluğunun mətbuat xidmətindən YAZTV-ə verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
 
Aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı Mirhəbib Məmmədzadənin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Mirvaqif Məmmədzadəni qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
 
Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
 
Mirhəbib Məmmədzadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
 
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.