Heydər Əliyev Fondu tərəfindən Gəncədə aztəminatlı ailələrə yardımlar edilib (FOTOLAR)

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar elan olunan xüsusi karantin rejimi dövründə Heydər Əliyev Fondunun həyata keçirdiyi "Biz birlikdə güclüyük" sosial layihəsi davam edir. Layihə çərçivəsində fondun "Regional İnkişaf" İctimai Birliyinin könüllüləri tərəfindən Gəncə şəhərində aztəminatlı və həssas kateqoriyadan olan ailələrə ərzaq sovqatları paylanılıb.
YAZTV-nin bölgə müxbiri xəbər verir ki, ərzaq bağlamaları layihə üzrə istifadəyə verilən "bizbirlikdegucluyuk.az" və 150 Çağrı mərkəzinə daxil olan müraciətlər əsasında ünvanlara çatdırılıb. RİİB-in könüllüləri həmin ünvanlarda vətəndaşlara pandemiya ilə mübarizədə dövlətin həyata keçirdiyi qabaqlayıcı və preventiv tədbirlər, şəxsi gigiyena qaydaları, sosial təcridolmanın vacibliyi barədə məlumatlar verib, maarifləndirici materiallar paylayıblar.
Gəncə sakinləri isə öz növbəsində bu həssas və çətin dönəmdə onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. Məlumat üçün bildirək ki, portalın məqsədi karantin rejimi dövründə aztəmnatlı və digər həssas kateqoriyadan olan ailələri və onlara yardım göstərmək istəyən şəxsləri virtual məkanda bir araya gətirmək və bu işdə vətəndaş həmrəyliyini genişləndirməkdir.
RİİB könüllülərinin iştirakı ilə paytaxt və regionlarda 100 mindən çox ailəyə ərzaq bağlaması çatdırılıb. Layihənin əsas donoru Heydər Əliyev Fondudur. Aksiyanın əsas dəstəkləyicisi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), "Pasha Holding" MMC-dir.
Sənubər Qocayeva