Gənc tədqiqatçıların IV beynəlxalq elmi konfransı keçirilib

Gənc tədqiqatçıların IV beynəlxalq elmi konfransı keçirilib

Təhsil Nazirliyinin və Bakı Mühəndislik Universitetinin (BMU) birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr edilən gənc tədqiqatçıların IV beynəlxalq elmi konfransı onlayn formatda keçirilib. Hər il ənənəvi olaraq təşkil edilən konfrans mühəndislik, təbiət, iqtisadiyyat, filologiya elmləri və pedaqogika üzrə keçirilib.

YAZTV xəbər verir ki, konfransa ölkəmizin 30-a yaxın elmi-tədqiqat müəssisəsindən (Azərbaycan Dövlət İqtisad Universiteti, AMEA-nın müxtəlif institutları, Bakı Dövlət Universiteti və s.), eyni zamanda, 10-dan çox ölkədən 850-ə yaxın məqalə və tezis göndərilib. Elmi heyətin qərarı ilə konfransın proqramına 450-ə yaxın tədqiqat daxil edilib. Ümumi həcmi 800 səhifəyə yaxın olan materiallar ikicildlik topluda nəşr edilərək konfransın veb-saytında yerləşdirilib.

Konfransın əsas məqsədi dünyanın müxtəlif universitet və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək, həmçinin bu sahədə əldə olunan elmi nailiyyətləri və təcrübələri bölüşməkdir.

Tədbirdə iştirak edən Təhsil nazirinin müavini, BMU-nun Himayəçilər Şurasının sədri İdris İsayev dördüncü ildir keçirilən konfransın bu il pandemiya səbəbindən onlayn qaydada təşkil olunduğunu, bunun elm və elmi tədqiqatların sərhəd və məhdudiyyət tanımadığını göstərdiyini diqqətə çatdırıb. Gəncliyimizin sağlam ruhlu, istedadlı və mənəvi tərbiyəyə malik olmasının dövlət üçün önəmini qeyd edən nazir müavini cəmiyyətin aparıcı qüvvəsinin gənclər olduğunu vurğulayıb.

İ.İsayev ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə yüzlərlə təhsil müəssisəsi və gənclər mərkəzinin açıldığını, 15 mindən artıq gəncin nüfuzlu ali təhsil müəssisələrində oxumaq imkanları qazandığını bildirib. Diqqətə çatdırıb ki, həmin şəxslər Azərbaycanda müstəqil dövlət quruculuğunda iştirak edir, təhsil, elm, iqtisadiyyat və digər sahələrdə əvəzsiz xidmətlər göstərirlər. Bir sıra dövlətlərin, xüsusilə inkişaf etmiş ölkələrin elmin tərəqqisinə ciddi sərmayələr ayırdığına toxunan nazir müavini Azərbaycanda bu sahəyə Prezident İlham Əliyev tərəfindən yüksək diqqət və qayğı göstərildiyini vurğulayıb.

Tədbirdə son üç ay ərzində tələbə elmi cəmiyyəti, Texnopark və İnnovasiya Mərkəzi tərəfindən hər həftə təşkil olunan vebinarlardan söz açılıb və onların əhəmiyyəti vurğulanıb.

Konfrans işini dörd bölmə iclasında davam etdirib.