Xəzər dənizi offşor külək enerjisi baxımından böyük potensiala malikdir - Nazir müavini

Xəzər dənizi offşor külək enerjisi baxımından böyük potensiala malikdir - Nazir müavini

Xəzər dənizi offşor külək enerjisi baxımından böyük potensiala malikdir.

YAZTV-nin məlumatına görə, bunu energetika nazirinin müavini Elnur Soltanov 5-ci Trans-Xəzər forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan bu istiqamətdə Beynəlxalq Maliyyə Korporasiyası və BP ilə işləyir: "Azərbaycan Xəzər dənizini bərpa olunan enerji mənbəyi kimi yenidən kəşf edir. Bizim ilkin hesablamalarımız göstərir ki, Xəzər dənizi offşor külək enerjisi baxımından böyük potensiala malikdir. Təkcə Azərbaycan sektorunda 157 min meqavatt səviyyəsində enerjinin olduğunu hesab edirik. Bu, Azərbaycanda elektrik stansiyalarının ümumi gücündən 20 dəfə çoxdur. Bizim bu enerjini elektrik və ya yaşıl hidrogen qismində ixrac etmək imkanlarımız var".

Nazir müavini əlavə edib ki, Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi regionda, həmçinin energetika sahəsində əməkdaşlıq üçün böyük imkanlar yaradıb: "Biz Qarabağı yaşıl enerji məkanına çevirməyə ümid edirik. Qarabağ külək və su enerjisi baxımından böyük potensiala malikdir. Biz burada özəl investisiyalar və dövlət-özəl tərəfdaşlığı üçün bütün şərtləri yaradırıq".