Sunday, 01 Avqust 2021 23:57
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Bu il Azərbaycan 14 mln ton neft ixrac edib

Bu il Azərbaycan 14 mln ton neft ixrac edib

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan təxminən 14 mln ton neft (kondensatla birlikdə) ixraca nəql olunub.

Bu barədə  Energetika Nazirliyinin bu ilin yanvar-iyun ayları üzrə ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.

Məlumata görə, bunun 13,3 mln tondan çoxu konsorsiumun, 738,7 min tonu isə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payına düşür.

Neftin (kondensatla birlikdə) ixraca nəqli 2020-ci ilin müvafiq ayına nisbətən, təxminən 667 min ton, yəni 4,8 % azdır.

Gömrükdə qanunsuz keçirməyə cəhd zamanı saxlanılan pulların aqibəti necə olur? - AÇIQLAMA

Gömrükdə qanunsuz keçirməyə cəhd zamanı saxlanılan pulların aqibəti necə olur? - AÇIQLAMA

Fiziki və ya hüquqi şəxs tərəfindən az miqdarda valyuta vəsaitləri gömrük orqanlarına bəyan edilmədən və ya düzgün bəyan edilmədən gömrük sərhədindən gizli keçirildikdə, şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-482-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə icraat başlanılır.

Bu barədə YAZTV-nin sorğusuna cavab olaraq Dövlət Gömrük Komitəsindən bildirilib. Qeyd olunub ki, İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin qeyd hissəsinə əsasən, “az miqdar” dedikdə, 50 000 manatadək olan məbləğ başa düşülür.

İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsi ilə bu sahədə hüquqi şəxslər tərəfindən törədilmiş inzibati xətalara baxılması və inzibati xəta haqqında iş üzrə müvafiq qərarın qəbul edilməsi məhkəmələrin səlahiyyətinə aid edilib.

Qeyd edilən inzibati xətanı törətmiş fiziki şəxslər barəsində isə həmin Məcəllənin 479-482-ci maddələrinə əsasən, müsadirə və ya cərimə növündə inzibati tənbeh tətbiq edilir. Fiziki və ya hüquqi şəxslər tərəfindən gömrük sərhədindən gömrük orqanlarına bəyan edilmədən və ya düzgün bəyan edilmədən xeyli miqdarda, külli miqdarda və ya xüsusilə külli miqdarda valyuta vəsaitlərinin gizli keçirilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı maddəsinə əsasən cinayət məsuliyyəti yaradır.

Məcəllənin 206-cı maddəsinin qeyd hissəsinə əsasən, “xeyli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə, iki yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür.

Aşkar olunan cinayət faktı üzrə ibtidai araşdırma başlanılır, ibtidai istintaqı aparan müstəntiq toplanmış sübutların kifayət olduğunu hesab etdikdə cinayət işi üzrə ittiham aktı tərtib olunaraq ibtidai araşdırmaya - prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslər barəsində başlanmış cinayət işi üzrə yekun qərar qəbul etmək məhkəmələrin səlahiyyətindədir.

İyulun 29-da xarici valyutaların manata qarşı məzənnələri

İyulun 29-da xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı 29 iyul tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan  verilən məlumata görə, bu günə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 2.0154 manat təşkil edir. 1 türk lirəsi 0.1987 manat, 1 rus rublu 0.0231, 100 İran rialı 0.0040 manat, 1 gürcü larisi 0.5488 manatdır.

Azərbaycanda Aİ-98 markalı benzin niyə tapılmır? - Rəsmi AÇIQLAMA

Azərbaycanda Aİ-98 markalı benzin niyə tapılmır? - Rəsmi AÇIQLAMA

Azərbaycanda 20 gündür ki, Aİ-98 markalı benzin satılmır.

Bunu a "SOCAR PETROLEUM" QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli deyib.

Onun sözlərinə görə, Aİ-98 markalı benzin Rumıniyadan idxal edilir, bunda nəqliyyat çətinliyi var:

 

"Artıq Gürcüstandan Aİ-98 benzini sifariş etmişik və 4-5 avqustdan etibarən satışa çıxarılacağı gözlənilir. Gələcəkdə belə halların qarşısını almaq üçün benzin saxlama anbarlarının sayı artırılacaq".

Azərbaycanın 187 müəssisədən Rusiyaya pomidor ixracına icazə verilib

Azərbaycanın 187 müəssisədən Rusiyaya pomidor ixracına icazə verilib

Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların birgə tədbirləri davam etdirilir.

AQTA-dan  verilən məlumata görə, həyata keçirilən birgə tədbirlər çərçivəsində Agentliyin mütəxəssisləri və Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") əməkdaşlarının iştirakı ilə respublika ərazisi üzrə fəaliyyət göstərən pomidor istehsalı müəssisələrində birgə videomonitorinqlər davam etdirilir. Bununla yanaşı, müəssisələrdə həyata keçirilən sağlamlaşdırıcı tədbirlər və aparılan araşdırmaların nəticələri ilə bağlı məlumatlar mütəmadi qaydada Rusiya tərəfinə təqdim olunur. Görülən işlərin məntiqi nəticəsi olaraq “Rosselxoznadzor" tərəfindən 3 avqust 2021-ci il tarixindən daha 34 pomidor istehsalı müəssisəsi və 1 kooperativdən (kooperativə 8 müəssisə daxildir) də bu ölkəyə pomidor ixracına icazə verilib.

 

Beləliklə, bu günə qədər ümumilikdə Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən 187 pomidor istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib. Hazırda Rusiyaya pomidor ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 329729 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan pomidor məhsulunun 184.5 %-ni təşkil edir.

Təyyarə ilə Azərbaycana giriş-çıxışına icazə verilən şəxslər müəyyənləşib

Təyyarə ilə Azərbaycana giriş-çıxışına icazə verilən şəxslər müəyyənləşib

Nazirlər Kabineti “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında dəyişiklik edib.

YAZTV-nin məlumatına görə, qərara əsasən, hava nəqliyyatı vasitəsilə aşağıdakı şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə veriləcək:

- Azərbaycan Respublikasının vətəndaşlarına, həmçinin diplomatik pasport sahiblərinə, Azərbaycan Respublikasında xarici ölkələrin diplomatik nümayəndəliklərinin və konsulluqlarının rəhbərlərinə, əməkdaşlarına və onların ailə üzvlərinə, Azərbaycan Respublikasında iş icazəsi olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə və onların ailə üzvlərinə (arvadı (əri), himayəsində olan valideynləri və 18 yaşına çatmamış uşaqları, habelə 18 yaşına çatmış sağlamlıq imkanları məhdud uşaqları), habelə ölkəyə girişinə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi icazə verilmiş şəxslərə münasibətdə – müvafiq təsdiqedici sənədlər və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında;

 

- yaxın qohumu Azərbaycan Respublikasının vətəndaşı (valideynlərindən biri, bacısı, qardaşı, əri, arvadı və ya övladı, babası, nənəsi və nəvəsi) olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, o cümlədən onların ailə üzvlərinə (əri, arvadı, valideynləri, uşaqları) münasibətdə – qohumluq dərəcəsini təsdiq edən sənəd və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında.

Azərbaycanda “Aİ-95” markalı benzinin qiyməti qalxdı

Azərbaycanda “Aİ-95” markalı benzinin qiyməti qalxdı

Azərbaycanda bu gündən etibarən “Aİ-95” markalı benzinin qiymətində dəyişiklik edilib.

YAZTV xəbər verir ki, “Aİ-95” markalı benzinin 5 qəpik bahalaşaraq 1.45 AZN-dən satışına başlanılıb.

Məsələ ilə bağlı Trend-ə açıqlamasında “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli bildirib ki, Aİ-95 markalı benzin Azərbaycanda istehsal olunmur, əsasən Ruminiyadan Azərbaycana idxal olunur. Benzinin alış qiymətinin artması səbəbindən Azərbaycanda da qiymət 5 qəpik bahalaşıb.

Azərbaycan pomidoruna qadağa qoyulmayıb - Rəsmi

Azərbaycan pomidoruna qadağa qoyulmayıb - Rəsmi

Hazırda qonşu ölkələr də daxil olmaqla, dünyanın bir çox ölkələrində kənd təsərrüfatı məhsullarına ciddi ziyan vurmaq potensialına malik olan pepino mozaika virusu və pomidor məhsulunun qonur qırışıqlıq virusu yayılıb. Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.

Adı çəkilən virus xəstəliklərinin əsas sahib bitkisi pomidor bitkisidir, lakin bu viruslar badımcançiçəklilər və digər fəsilələrə aid olan bitkilərdən badımcan, bibər, kartof və tütünə daha çox zərər vurur. Son illərdə xüsusən, Avropada virusların yayılma arealı daha da genişlənib. 

Hazırda bu virus xəstəliklərini səmərəli şəkildə idarə etməyə imkan verən mübarizə metodu yoxdur və yoluxmuş bitkinin sağlamlaşdırılması mümkün deyil. Bu səbəbdən bir sıra ölkələrdə pepino mozaik virusunun və pomidor məhsulunun qonur qırışıqlıq virusunun ölkəyə daxil olmasının qarşısını almaq məqsədilə idxal zamanı məhdudiyyətlər tətbiq edilir.

Rusiya virusun Avrasiya İqtisadi Birliyi ölkələrində yayılmasının qarşısını almaq üçün 2020-ci ildə Belarusdan idxal olunan pomidor və bibər məhsulunda, Mərakeşdən və Ermənistandan idxal olunan pomidor məhsulunda pepino mozaik virusunun aşkarlanması ilə əlaqədar, o cümlədən pomidor məhsulunun qonur qırışıqlıq virusunun aşkarlanması səbəbindən Özbəkistan, Qazaxıstan və Türkiyədən idxal olunan pomidor məhsullarına müvəqqəti məhdudiyyətlər tətbiq edib.

Eyni zamanda Rosselxoznadzor tərəfindən agentlik əməkdaşlarının iştirakı ilə real vaxt rejimində keçirilən videomonitorinqlər zamanı “Can agro” MMC-yə məxsus təsərrüfatda və ixrac zamanı “Geotermal aqro” MMC-yə məxsus yük partiyasında pepino mozaik virusunun, “Local Garden” MMC-yə məxsus yük partiyasında isə qonur qarışıqlıq virusunun aşkarlanması ilə bağlı müvafiq məktub və bildiriş göndərilib. Həmin müəssisələrdə agentlik əməkdaşlarının iştirakı ilə şitillərin zərərsizləşdirilməsi və müəssisənin dezinfeksiya edilməsinə nəzarət tədbirləri həyata keçirilib.

Ölkəmizdə fəaliyyət göstərən “Gözəl təbiət” MMC tərəfindən Rusiyaya tədarük olunan pomidor məhsulunda pepino mozaik virusunun aşkarlanmasına dair daxil olan bildiriş əsasında nümunələr götürülərək, həm ölkəmizdə, həm də Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin müvafiq laboratoriyalarında analiz edilib və virus faktı öz təsdiqini tapmadığı üçün Rusiya tərəfindən “Gözəl təbiət” MMC-nin pomidor ixracına 30 iyun 2021-ci il tarixində icazə verilib.

Virusun yayılmasının qarşısının alınması məqsədilə idxal olunan toxumlara agentlik tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində İspaniyadan gətirilən pomidor toxumunda qonur qırışıqlıq virusu aşkar edilib və bu ölkənin müvafiq qurumuna bildiriş göndərilib. 

Qeyd edək ki, virusun yayılmasının əsas mənbəyi yoluxmuş toxumlardır və agentlik tərəfindən yalnız gömrük rəsmiləşdirilməsindən keçərək idxal olunmuş toxumlara nəzarət edilir. Hazırda ölkəyə əl yükləri və poçt daşımaları vasitəsilə dövlət reyestrində qeydiyyatda olmayan və sınağa cəlb edilməmiş xeyli miqdarda toxumlar da daxil olur. 

Belə ki, bu sahədə fəaliyyət göstərən sahibkarlar tərəfindən müvafiq müayinələrdən keçməmiş və qanunsuz yollarla ölkəyə gətirilən toxumlardan istifadə olunması, həmçinin toxumların əl yükləri və minik avtomobilərinin yük yerlərində ölkəyə gətirilməsi yolverilməzdir və bu kimi halların qarşısını almaq üçün qanunvericilik çərçivəsində ən sərt tədbirlər həyata keçiriləcək. 

AQTA ölkəmizdə bitki mənşəli virusların yayılmasının qarşısının alınması, gələcəkdə bitkiçilik məhsullarının ixracı zamanı problemlərin yaşanmaması və ölkə ərazisində fitosanitar nəzarətin daha səmərəli təşkilini təmin etmək üçün bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərini, həmçinin müvafiq icra orqanlarını məsələyə daha məsuliyyətlə yanaşmağa və üzərinə düşən vəzifələri yerinə yetirməyə çağırır.

Bu il qeyri-neft sektorunun artım tempi proqnozları üstələyib

Bu il qeyri-neft sektorunun artım tempi proqnozları üstələyib

Bu ilin ilk altı ayında Azərbaycanda qeyri-neft sektorunda 5,1 faizlik artım qeydə alınıb.

YAZTV xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İslahat icmalı” jurnalının növbəti buraxılışında qeyd olunub. Məlumata görə, hansı ki, bu il BVF Avropanın inkişaf etməkdə olan ölkələrində 4,4 faiz, Latın Amerikası və Karib ölkələrində 4,6 faiz, Yaxın Şərq və Mərkəzi Asiyada 3,7 faiz və Sub-Sahara Afrikada 3,4 faiz iqtisadi artım proqnozlaşdırıb.

Beləliklə, Azərbaycanın qeyri-neft sektorunun bu ilin ilk altı ayındakı artım tempi sadalanan ölkə qrupları üzrə 2021-ci ildə iqtisadi artım proqnozlarını üstələyib.

Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,5 ABŞ dolları, yaxud 0,66% artıb.

YAZTV xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 75,86 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

İsraildə Azərbaycanın Ticarət Nümayəndəliyi açıldı

İsraildə Azərbaycanın Ticarət Nümayəndəliyi açıldı

İsrailin Təl-Əviv şəhərində Azərbaycanın Ticarət Nümayəndəliyi ofisinin açılış mərasimi olub.

Bu barədə İsrailin Azərbaycandakı səfirliyinin "Twitter" hesabında bildirilib.

"Bu gün Azərbaycan İsrail əlaqələrinin tarixində vacib bir gündür" - deyə, səfirlik qeyd edib.

Açılış mərasimində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İsrailin turizm naziri Yoel Razvozov iştirak edib.

Azərbaycan-Serbiya biznes forumu keçirilib

Azərbaycan-Serbiya biznes forumu keçirilib

Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclası çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Serbiya biznes forumu keçirilib.

YAZTV xəbər verir ki, iki ölkənin rəsmilərinin də qatıldığı forumda Azərbaycan və Serbiyanın iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən şirkətləri iştirak edib.

Əvvəlcə Azərbaycanda qeyri-neft sektorunun, sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində görülən ardıcıl və məqsədyönlü işlər, əldə olunan uğurlu nəticələr barədə məlumat verilib.

Serbiyanın Ticarət və Sənaye Palatası Prezidentinin müşaviri Srdjan Popovic ölkəsinin Azərbaycanla münasibətlərinin inkişafından bəhs edib. Bu pozitiv dinamika ilə paralel olaraq iki ölkənin iş adamları arasında əlaqələrin də genişlənməkdə olduğunu diqqətə çatdırıb.

Biznes forumda Azərbaycan tərəfindən Ələt Azad İqtisadi Zonası İdarə Heyətinin sədri Valeh Ələsgərov Ələt Azad İqtisadi Zonasına dair ətraflı təqdimatla çıxış edərək, bu zonanın investorlar üçün mühüm əhəmiyyətini diqqətə çatdırıb. Eləcə də Serbiyalı iş adamları təqdimatlar ediblər.

Azərbaycan ilə Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev iki ölkənin dövlət başçılarının səyləri, imzaladıqları mühüm sənədlər nəticəsində Azərbaycan-Serbiya əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, əməkdaşlıq gündəliyinin getdikcə genişləndiyini deyib. İki ölkənin ticarət dövriyyəsində ötən il 6,3%, bu ilin yanvar-may aylarında 55,4% artım olduğunu qeyd edib.

Nazir əməkdaşlığın daha geniş miqyas alması üçün böyük potensialın mövcud olduğunu diqqətə çatdırıb. Bu potensiala uyğun olaraq və qarşılıqlı səylər nəticəsində əlaqələrin qarşıdakı dövrdə daha da inkişaf edəcəyinə əminliyini bildirib. Hökumətlərarası Komissiyanın bu gün keçirilmiş 6-cı iclasının, iclasın yekunlarına dair imzalanmış Protokolun da qeyd edilən istiqamətdə mühüm töhfə vermək məqsədi daşıdığını bildirib.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qələbəsini, ərazilərimizin Ermənistanın işğalından azad edildiyini bildirən S.Babayev qeyd edib ki, Ermənistan tərəfindən dağıdılmış həmin ərazilərdə aparılan quruculuq işlərində dost ölkələrin iştirakı bu gün ölkəmiz üçün prioritet önəm kəsb edir.
Nazir Serbiya şirkətlərinin də bu prosesə fəal şəkildə qatılacağına ümidvar olduğunu bildirib. O, Azərbaycanda əlverişli biznes mühitinin mövcud olduğunu qeyd edib.

Ölkəmizdə dayanıqlı iqtisadi inkişafın təmin olunması, qeyri-neft sektorunun genişlənməsi istiqamətində əldə olunan irəliləyişləri diqqətə çatdırıb. Yaradılmaqda olan Ələt Azad İqtisadi Zonasının da qeyri-neft sektoru üzrə investorlar üçün cəlbedici olacağını deyib.
S.Babayev iki ölkənin iş adamları arasında biznes forumların, bu görüşlərdə qarşılıqlı maraq doğuran təqdimatların əlaqələrin daha da genişlənməsi, yeni əməkdaşlıq istiqamətlərinin formalaşması baxımından xüsusi önəm kəsb etdiyini vurğulayıb.

Serbiya tərəfindən həmsədr, xarici işlər naziri Nikola Selakoviç ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verdiyini və ikitərəfli əməkdaşlığın genişlənməkdə olduğunu, bu prosesdə iş adamlarının da fəal rola malik olduqlarını deyib. O, keçirilən belə görüşlərin işgüzar əməkdaşlıq üçün mövcud imkanları müzakirə etməyə, faydalı nəticələrə imkan yaratdığını bildirib.

Serbiya şirkətlərinin nümayəndələri ilə gələcək əməkdaşlıq məsələlərinə dair fikir mübadilələri aparılıb.