Monday, 11 Dekabr 2023 06:43
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Bərdə-Ağdam avtomobil yolunun tikintisi yekunlaşır

Bərdə-Ağdam avtomobil yolunun tikintisi yekunlaşır

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan yol infrastrukturu layihələrindən biri olan Bərdə-Ağdam avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

AZƏRTAC xəbər verir ki, məlumata əsasən, başlanğıcını Bərdə şəhərindən götürən Bərdə-Ağdam avtomobil yolunun uzunluğu 44,5 kilometr təşkil edir. Avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olaraq inşa edilir.

“İnşaat Norma və Qaydaları”na uyğun olaraq yol boyu torpaq işləri və yeni torpaq yatağının inşası, layihə üzrə nəzərdə tutulmuş qalınlıqda və lazımi materiallardan istifadə olunmaqla yol əsasının və asfalt-beton örtüyünün 2 layının tikintisi yekunlaşıb. Layihə üzrə süni qurğular, yol qovşaqları və körpülər üzrə tikinti işləri, həmçinin yol boyunca suların ötürülməsini təmin etmək məqsədilə nəzərdə tutulan dairəvi suötürücü boru, düzbucaqlı su keçidi və zəruri yerlərdə yeraltı keçidlərin inşası da 100 faiz yerinə yetirilib.

Belə ki, Bərdə-Ağdam avtomobil yolunun 25 və 40-cı kilometrlik hissəsində 91.3 və 18.2 metr uzunluğa malik avtomobil körpülərin, yolun 14 və 42-ci kilometrlik hissəsində 66 və 43 metr uzunluğa malik yol qovşaqlarının və yolun 4, 14 və 16 kilometrlik hissələrində nəzərdə tutulan yerüstü piyada keçidlərinin tikintisi tamamlanıb.

Yolun 29-cu kilometrində “Pit stop” (Dayan Dincəl) məntəqəsinin yerləşəcəyi ərazidə tikinti işləri isə davam edir.

Hazırda yol boyu aşınma qatının (asfalt-beton örtüyün 3-cü layının) tikintisi, işıq dirəklərinin quraşdırılması istiqamətində işlər həyata keçirilir. Artıq avtomobil yolunun ilk 10 kilometrlik hissəsində aşınma qatının (asfalt-beton örtüyün 3-cü layının) döşənməsi işləri yekunlaşıb.

Ümumilikdə layihə üzrə nəzərdə tutulan işlərin 88 faizi icra olunub. Yaxın müddət ərzində yeni yolun tikintisinin başa çatdırılması nəzərdə tutulub. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Bərdə-Ağdam avtomobil yolu işğaldan azad edilmiş Ağdam şəhərinə qədər inşa edilir. Avtomobil yolunun ilk 14 kilometrlik hissəsi Bərdə şəhəri və rayonun bir neçə yaşayış məntəqəsinin daxilindən keçir. Ümumilikdə isə yol Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, sözügedən rayonların 20-dən çox yaşayış məntəqəsini əhatə edir.

Mərkəzi Bankın sədri özünə daha bir müşavir təyin edib

Mərkəzi Bankın sədri özünə daha bir müşavir təyin edib

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov özünə daha bir müşavir təyin edib.

YazTV AMB-yə istinadən xəbər verir ki, bu, Şahin Mahmudzadədir.

Yeni təyinatla sədrin müşavirlərinin sayı 3-ə çatıb.

Ş.Mahmudzadə 1992-ci ildə Bakıda anadan olub, 2015-ci ildə Ankara Universitetini “Maliyyə” ixtisası üzrə bakalavr, 2016-cı ildə Sabancı Universitetini “Maliyyə” ixtisası üzrə magistr dərəcələri ilə bitirib, 2013-cü ildə Erasmus Proqramı çərçivəsində Belçikanın KU Leuven universitetində “İqtisadiyyat və İdarəetmə” ixtisası üzrə 1 illik təhsil alıb, həmçinin "Chartered Financial Analyst" (CFA) sertifikatına yiyələnib.

O, əmək fəaliyyətinə 2016-cı ildə AMB-nin Pul siyasəti departamentində başlayıb, 2018-ci ildən “Paşa Həyat Sığorta” ASC-nin Risklərin idarə edilməsi departamentinin Kredit bazar və likvidlik risklərinin idarəedilməsi şöbəsinin baş mütəxəssisi, 2020-ci ildə şöbənin müdiri, 2021-cil ildən isə departamentin direktoru işləyib, bu aydan isə AMB-nin komandasına qoşulub.

Nyu-York birjasında təbii qaz 8,82 faiz bahalaşıb

Nyu-York birjasında təbii qaz 8,82 faiz bahalaşıb

Nyu-Yorkun əmtəə birjasında təbii qazın qiyməti bahalaşıb.

YAZTV xəbər verir ki, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında təbii qaza olan qiymət 1 milyon BTU (British thermal unit – Britaniya termal vahidi) üçün 0,24 ABŞ dolları və ya 8,82 faiz bahalaşaraq 3,01 dollar təşkil edib.

Dövlət Gömrük Komitəsinin sədri Naxçıvan şəhərində vətəndaşları qəbul edib

Dövlət Gömrük Komitəsinin sədri Naxçıvan şəhərində vətəndaşları qəbul edib

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbirlər görürlər.

YAZTV xəbər verir ki, iyulun 22-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Naxçıvan Baş Gömrük İdarəsində Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşları qəbul edib.

DGK sədri qəbuldan öncə Naxçıvan şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Eyni zamanda Ulu Öndərin adını daşıyan muzey də ziyarət edilib.

Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonları sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

“Qlobal iqlim dəyişikliyi şəraitində dəmyədə taxılçılığın problemləri və həlli yolları”

“Qlobal iqlim dəyişikliyi şəraitində dəmyədə taxılçılığın problemləri və həlli yolları”

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Qlobal iqlim dəyişikliyi şəraitində dəmyədə taxılçılığın problemləri və həlli yolları” mövzusunda tədbir keçirilib

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi (KTN) və Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ) Qobustan Bölgə Təcrübə Stansiyasında birgə təşkil etdiyi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Qlobal iqlim dəyişikliyi şəraitində dəmyədə taxılçılığın problemləri və həlli yolları” mövzusunda tədbir keçirilib.

Tədbiri Qobustan rayonu İcra Hakimiyyətinin başçısı Adil Məmmədov açıb. Sonra KTN-nin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov “Taxıl istehsalında innovativ texnologiyaların rolu”, ƏETİ-nin direktoru Faiq Xudayev “Yeni sortların yaradılması və toxumçuluğun təşkili” və Qobustan BTS-nin direktoru Atabəy Cahangirov “Yeni taxıl sortları və toxumçuluğun təşkili” mövzuları üzrə çıxış ediblər.

Tədbirin keçirilməsində əsas məqsəd son illər qlobal iqlim dəyişikliyi ilə bağlı dəmyə əkinçiliyində olan problemlərin həlli yolları, quraqlığa davamlı sortlardan istifadə və innovativ resursqoruyucu texnologiyaların taxılçılıqda tətbiqinin əhəmiyyətini tədbir iştirakçılarına bildirməkdən ibarət olub.

Tədbirdə “Fructus” MMC, “Aqro Dairy” MMC, “Moran Aqro”, Azorganik KT İİ Kooperativi, Ağstafa ASK, Azəraqrar, “Qarabağ” Taxıl MMC, “Şabran Aqro Kompleks” MMC, Aqrovit, Aqrolab, “ELKIYAR” MMC, “Yalama Aqroparkı” MMC, “Şəmkir-Aqropark” MMC, Gilan Holdinq, “Goranboy Agropark” və digər şirkətlərin, Yeni Azərbaycan Partiyasının Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, ƏETİ-nin Yardımçı Təcrübə Təsərrüfatı Birliyinin, bölgə təcrübə stansiyalarının, təcrübə sınaq stansiyalarının rəhbərləri və nümayəndələri, Qobustan, Kürdəmir, Hacıqabul və digər rayonlardan olan fermerlər və mütəxəssislər iştirak ediblər.

Sonda taxıl və toxum istehsalçıları ilə birgə müzakirələr aparılıb, taxıl əkinlərinə baxış keçirilib.

SİMA ilə “Premium Bank” tərəfdaş oldu

SİMA ilə “Premium Bank” tərəfdaş oldu

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imzanın tərəfdaş qurumların sistemlərinə inteqrasiya prosesi davam edir.

MMC-dən YAZTV-ə bildirilib ki, növbəti inteqrasiya prosesi “Premium Bank”ın sistemində reallaşıb və beləliklə, SİMA ilə sözügedən bank arasında tərəfdaşlıq əlaqələri qurulub. Tərəfdaşlığa əsasən, “Premium Bank”ın mobil tətbiqi üzərindən plastik kartların sifarişi zamanı sənədlərin SİMA ilə imzalanması mümkün olub. Bu da müştərilərə banka gəlmədən, zaman itkisinə yol vermədən müqavilələri imzalamağa imkan verir.

SİMA vasitəsilə bank xidmətləri ilə yanaşı, digər sahələr üzrə də elektron xidmətlərdən yararlanmaq mümkündür. Bunlara rəqəmsal dövlət, BOKT, sığorta, mobil operatorlar, elektronika, məişət, TV və internet provayderlər, bir sözlə, imza tətbiq olunan bütün sahələr daxildir.

Yeni nəsil rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var. Maliyyə xərclərinin azaldılması və vaxt itkisinin qarşısının alınması isə hər iki seqment üzrə xüsusi üstünlüklər yaradır. Bundan əlavə, SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma istifadəçilər üçün sürətli və istənilən sayda imzalama imkanı da qazandırır.

Mobil tətbiqlə işləyən imzanı əldə etmək üçün SİMA tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.

SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı şirkətin rəsmi saytından və “157” “AzInTelecom” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

Şahin Bağırov Naxçıvanda vətəndaşları qəbul edəcək

Şahin Bağırov Naxçıvanda vətəndaşları qəbul edəcək

Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov iyulun 22-də Naxçıvanda vətəndaşları qəbul edəcək.

YazTV-nin DGK-ya istinadən verdiyi xəbərə görə, qəbul saat 10:00-da Naxçıvan Baş Gömrük İdarəsinin inzibati binasında (ünvan: Naxçıvan şəhəri, Əziz Əliyev küç. 110) baş tutacaq.

Qəbulda Naxçıvan şəhərindən, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur rayonlarından olan vətəndaşlar iştirak edə bilər.

Qəbul zamanı vətəndaşların gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar “195” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq və ya Komitənin rəsmi internet səhifəsinin “Müraciətlər” və “Virtual qəbul” bölmələrindən daxil olmaqla (https://customs.gov.az/az/muracietler/sedre-mektub/) qəbula yazıla bilərlər.

Azərbaycan və Litva prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Azərbaycan və Litva prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Mayın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nauseda mətbuata bəyanatlarla çıxış ediblər.

Yaztv.az Apa- ya əsasən xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Alüminium və ondan hazırlanan məmulatların ixracı azalıb.

Alüminium və ondan hazırlanan məmulatların ixracı azalıb.

Cari ilin yanvarında 5 min 121 ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib.

YAZTV Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən alüminium və ondan hazırlanan məmulatların dəyəri 13,1 milyon ABŞ dolları olub.

Xatırladaq ki, ötən ilin eyni dövründə dəyəri 21,6 milyon dollar olmaqla 6 min 616 ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib.

Özəlləşdirilən “Azərtütün” ASC yenidən qurulub

Özəlləşdirilən “Azərtütün” ASC yenidən qurulub

Azərbaycan Respublikası Prezidentinin “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanına və bu istiqamətdə tapşırıqlarına uyğun olaraq, özəlləşdirilən müəssisələr yenidən qurulur, müasir texnologiya və avadanlıqlarla təchiz olunur, fəaliyyəti genişlənir, yeni iş yerləri yaradılır. Belə müəssisələrdən biri də 2021-ci ildə investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilən “Azərtütün” Açıq Səhmdar Cəmiyyətidir.

Müqaviləyə əsasən, qalib şirkət üzərinə bir sıra öhdəliklər götürüb. Öhdəliklərin icra vəziyyəti ilə yerində tanış olmaq, görülən işlərlə bağlı ictimaiyyəti məlumatlandırmaq məqsədilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin təşkilatçılığı ilə müəssisəyə mediatur təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, KİV nümayəndələrinə müəssisənin tarixi, istehsal prosesi, quraşdırılan yeni avadanlıqlar və tətbiq olunan texnologiya barədə məlumat verilib. Bildirilib ki, “Azərtütün” ASC-nin özəlləşdirilməsi üzrə elan edilən investisiya müsabiqəsinin qalibi “Tabaterra Leaf” Qapalı Səhmdar Cəmiyyəti üzərinə götürdüyü öhdəliklərin alqı-satqı müqaviləsində müəyyən edilmiş qaydada icrasını artıq başa çatdırıb. Belə ki, dövlət büdcəsinə 6,4 milyon manat məbləğində vəsaitin köçürülməsi, ümumi həcmi 8,2 milyon manat təşkil edən İnvestisiya Proqramının icrası təmin edilib. İnvestisiya Proqramına əsasən, müəssisədəki istehsal avadanlıqları əsaslı təmir olunub, yeni avadanlıqlar quraşdırılıb, tütün qəbulu məntəqələrində və emal zavodunda təmir-tikinti işləri aparılıb, nəqliyyat və texnika alınıb. Müəssisənin yenidən qurulması istehsal olunan tütün məhsullarının keyfiyyətinin artmasına və ixrac imkanlarının genişlənməsinə imkan verir. Yerli tütünün keyfiyyətinin artırılması isə onun ölkədə istehsal olunan yerli və beynəlxalq brend siqaretlərdə istifadəsini təmin edəcək və beləliklə, tütünün idxalından asılılığın azalmasına əhəmiyyətli təsir göstərəcəkdir.

Qeyd edək ki, müəssisədə 20 daimi, 150 mövsümi olmaqla, 170 yeni iş yeri yaradılıb. Ümumilikdə, hazırda müəssisədə 130 nəfər daimi işçi çalışır, mövsümi işlərə 250 nəfər cəlb edilib. Müəssisədə orta aylıq əməkhaqqı 700 manatdır.

Şirkət tərəfindən 2021-ci ilə nisbətən 2022-ci ildə dövlət büdcəsinə ödənilən vergilər 135 faiz artaraq 500 min manat, sosial sığorta ödənişləri 70 faiz artaraq 420 min manat, işsizlikdən sığorta ayırmaları 85 faiz artaraq 17 min manat təşkil edib.

Şirkət xarici ölkədən yeni, tez yetişən, keyfiyyətli məhsul verən toxum sortları gətirib. Fermerlərə aşağı faizlə (4,5%) kreditlər verilib. Fermerlərdən 1 kiloqram yaşıl tütünün alış qiyməti artıb. 2023-cü ildə bu göstərici I növ üzrə 36 qəpik, II növ üzrə 25 qəpik, III növ üzrə isə 20 qəpik olub.

Yetişdirilən tütünə aqrotexniki xidmətin düzgün təşkili məhsuldarlığın yüksəldilməsinə imkan yaradır. Həyata keçirilmiş tədbirlər nəticəsində ötən il məhsuldarlıq 20 faiz artıb.

“Kənddən şəhərə” yarmarkası açıldı

“Kənddən şəhərə” yarmarkası açıldı

Novruz bayramı ilə əlaqədar təşkil olunan “Kənddən şəhərə” yarmarkası fəaliyyətə başlayıb. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil olunan yarmarka 11-19 mart tarixlərində fəaliyyət göstərəcək.

Kənd Təsərrüfatı Nazirliyindən (KTN) YAZTV-ə verilən məlumata görə, “Kənddən Şəhərə” Novruz yarmarkalarında satışa çıxarılacaq məhsullar yarmarkada iştirak üçün əvvəlcədən qeydiyyatdan keçən fermerlər tərəfindən alıcılara təqdim olunur.

Yarmarkaya ümumilikdə 50 regiondan 82 fermer qatılıb. Fermerlər yarmarkada alıcılara 90-dan artıq çeşiddə kənd təsərrüfatı və qida məhsulları təklif edir. Satışa çıxarılan məhsulların kеyfiyyətinə nəzarət etmək məqsədi ilə yarmarkalarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyası fəaliyyət göstərir. Vətəndaşlar yarmarkada satışa çıxarılan hər hansı bir məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən faydalana bilərlər.

“Kənddən Şəhərə” Novruz yarmarkalarında fermerlər heç bir ödəniş etmədən piştaxta, tərəzi, soyuducu və digər ləvazimat və avadanlıqlarla tam təchiz olunmaqla öz məhsullarını şəhər sakinlərinə təqdim edirlər. Məhsullarının daşınmasında çətinlik yaşayan fermerlərə isə təşkilatçı qurum tərəfindən loqistika dəstəyi göstərilib.

“Kənddən Şəhərə” Novruz yarmarkaları aşağıdakı ünvanlarda fəaliyyət göstərir:

- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı);
- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı).

“Qarabağ”ın oyunu ilə əlaqədar metropolitenin üç stansiyasında iş vaxtı uzadılacaq

“Qarabağ”ın oyunu ilə əlaqədar metropolitenin üç stansiyasında iş vaxtı uzadılacaq

Fevralın 16-da “Qarabağ” Futbol Klubunun UEFA Konfrans Liqası turniri çərçivəsində “Gənclik” stansiyası yaxınlığında yerləşən Tofiq Bəhramov adına Respublika stadionda keçirəcəyi oyunla əlaqədar “Bakı Metropoliteni”nin 3 stansiyası gücləndirilmiş və dəyişdirilmiş iş rejimində çalışacaq.

“Bakı Metropoliteni”ndən YAZTV-ə bildirilib ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) müraciətinə əsasən, matçın gec başa çatacağı ilə əlaqədar metropolitenin “Gənclik”, “Nərimanov” və “28 May” stansiyalarında iş vaxtı bir saat uzadılacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda təşkil edilən kütləvi tədbirlərlə əlaqədar, bu qarşılaşmaya tamaşaçı marağı nəzərə alınmaqla, metropolitendə sərnişinlərin təhlükəsiz və rahat daşınması, azarkeşlərin oyun qurtardıqdan sonra mənzil başına rahat çatmaları üçün bir sıra tədbirlər görüləcək. Stadionun yaxınlığında yerləşən “Gənclik” stansiyasında “Bakı Metropoliteni” QSC-nin müvafiq əməliyyat planına uyğun olaraq, nəzarət mexanizmləri gücləndiriləcək və əlavə işçi qüvvəsi ayrılmaqla növbətçilik cədvəli tərtib olunacaq.

“Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirləri görüləcək. Zərurət yaranacağı təqdirdə ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq.

Qeyd edək ki, “Qarabağ” – “Gent” oyunun fevralın 16-da saat 21:45-də başlayacaq.