Sunday, 17 Oktyabr 2021 09:32
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Hikmət Hacıyev: Suqovuşanı işğal etməklə Ermənistan geniş əraziləri susuz qoymuşdu

Hikmət Hacıyev: Suqovuşanı işğal etməklə Ermənistan geniş əraziləri susuz qoymuşdu

Suqovuşanı işğal etməklə Ermənistan geniş əraziləri susuz qoymuşdu.

YAZTV xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Suqovuşan və Talış kəndlərinə səfərlə bağlı "Twitter" səhifəsindəki paylaşımında deyib.

 

H.Hacıyev qeyd edib: "Prezident İlham Əliyevin tapşırığı ilə diplomatik korpusun nümayəndələri ilə birgə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə 2020-ci il noyabrın 10-dan etibarən 7-ci dəfə səfər edirik. Bu dəfə səfər Suqovuşan və Talış kəndlərinə olacaq. Suqovuşanı işğal etməklə Ermənistan geniş əraziləri sudan məhrum etmişdi".

İlham Əliyev Müstəqillik Günü haqqında qanunu təsdiq etdi

İlham Əliyev Müstəqillik Günü haqqında qanunu təsdiq etdi

Prezident İlham Əliyev Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanununu təsdiq edib.

YAZTV  xəbər verir ki, sənəddə deyilir:

“1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir.

 

Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, sərhədləri müəyyən edilmiş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir.

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunmuşdur. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunmuş, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Beləliklə, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etmişdir.

2021-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb edir.

Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsi ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin elan olunduğunu, 1991-ci il oktyabrın 18-də isə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunduğunu nəzərə alaraq qərara alır:

Maddə 1. Mayın 28-i Müstəqillik Günü elan edilsin.

Maddə 2. Oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edilsin.

Maddə 3. Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü hər il bayram günləri kimi qeyd edilsin”.

Milli Məclis Prezident İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib

Milli Məclis Prezident İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib

“İclasımız tarixi gün ərəfəsində keçirilir. Bu il Azərbaycanın müstəqilliyinin bərpa edilməsindən 30 il ötür”.

YAZTV-nin xəbərinə görə, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, həmin vaxt ölkəmizin qarşısında duran ən vacib məsələlərdən biri dəyişən şəraitə uyğun dövlət quruculuğu yaratmaq idi: “Həmin dövrdə hərc-mərclik, hakimiyyət davası dövləti idarəedilməz hala gətirmişdi. Erməni silahlı birləşmələri fürsətdən istifadə edərək işğalı günü-gündən genişləndirirdi. 1993-cü ilin iyununda Heydər Əliyevin hakimiyyətə qayıtması Azərbaycanı xilas etdi. Xilaskarlıq missiyasını yerinə yetirmək yolunda onun fəaliyyəti bu binadan başlamışdı”.

Spiker bildirib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bölgədə söz sahibi olan qüdrətli dövlətdir: “Əminliklə demək olar ki, qarşıdakı dövrlərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz daha böyük uğurlara imza atacaq”.

S.Qafarova təklif edib ki, Müstəqilliyin Bərpası Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlansın.

Deputatlar sədrin təklifini dəstəkləyiblər.

Əməkhaqqı, pensiya, sosial müavinət, təqaüd və digər sosial ödənişlər artırılacaq - SƏRƏNCAM

Əməkhaqqı, pensiya, sosial müavinət, təqaüd və digər sosial ödənişlər artırılacaq - SƏRƏNCAM

Prezident İlham Əliyev Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

YAZTV-nin məlumatına görə, sərəncamda deyilir:

Ölkə əhalisinin rifah halının yaxşılaşdırılması aparılan sosial-iqtisadi siyasətin mühüm prioritetlərindən biridir. Son illərdə bu istiqamətdə ciddi irəliləyişlərə nail olunmuş, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində ardıcıl addımlar atılmışdır. Bu məqsədlə 2019-cu ildə iki sosial islahat zərfi qəbul olunaraq icra edilmiş, müavinət və təqaüdlərin məbləğinin orta hesabla 92%, əmək pensiyasının minimum məbləğinin 72%, minimum əməkhaqqının 92%, dövlət büdcəsindən maliyyələşdirilən qurumlarda işləyənlərin əməkhaqlarının orta hesabla 50% artırılması təmin edilmişdir. Görülmüş tədbirlər nəticəsində 2018-ci ilin əvvəli ilə müqayisədə orta aylıq nominal əməkhaqqının məbləğində 39%, əmək pensiyalarının orta məbləğində 60%, sosial müavinətlərin orta məbləğində 2 dəfə, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin orta məbləğində isə 2,2 dəfə artım əldə olunmuşdur.

2021-ci ildə ölkəmiz COVID-19 pandemiyasının yaratdığı sarsıntıları geridə qoyaraq, inamlı şəkildə iqtisadi bərpa yoluna qayıtmışdır. Bu, dünya miqyasında pandemiyaya qarşı peyvəndlərin ərsəyə gətirilməsi, ölkəmizdə isə insanlarımızın bu xəstəlikdən qorunması istiqamətində dövlət tərəfindən əhatəli və effektiv sosial-iqtisadi tədbirlərin, xüsusilə genişmiqyaslı peyvəndləmə kampaniyasının keçirilməsi, həmçinin 2020-ci ildə əhalinin sosial baxımdan həssas qruplarına maliyyə və sosial dəstək göstərilməsi, eləcə də pandemiyadan zərər çəkmiş iqtisadi sahələrdə fəaliyyət göstərən sahibkarlara, qurumlara vergi və bank-kredit güzəştlərinin verilməsi sayəsində mümkün olmuşdur. Bununla yanaşı, qeyd olunmalıdır ki, dünya iqtisadiyyatında bərpa meyillərinin güclənməsi müşahidə olunmaqdadır. Lakin dünya miqyasında iqtisadi fəallığın bərpası və məcmu tələbin artması templərinin vaxtilə dayandırılmış istehsal, nəqliyyat-logistika və təchizat güclərinin iqtisadi dövriyyəyə qaytarılması sürətini xeyli üstələməsi beynəlxalq bazarlarda bir çox əmtəələrin qiymətlərinin əhəmiyyətli dərəcədə qalxmasını şərtləndirərək yeni çağırışlar yaratmışdır.

Bu vəziyyət ölkəmizə idxal olunan əmtəələrin, o cümlədən bir sıra ərzaq məhsullarının qiymətlərinin artımına səbəb olur və nəticə etibarilə sosial baxımdan ən həssas əhali qruplarının rifah halına mənfi təsir göstərir.

Beynəlxalq bazarlardakı proseslərin ölkədaxili qiymətlərə sirayət etməsinin ölkə əhalisinə, xüsusilə həssas əhali qruplarına mənfi fəsadlarını yumşaltmaq və əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

- Əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasının təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

- Bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

“Pis sülh yaxşı müharibədən yaxşıdır” - Putin Qarabağ haqda

“Pis sülh yaxşı müharibədən yaxşıdır” - Putin Qarabağ haqda

“Rusiyanın sülhməramlı kontingenti Dağlıq Qarabağda əldə olunan barışığın zəmanətçisidirlər”.

YAZTV xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Müstəqil Dövlətlər Birliyininin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında çıxışı zamanı deyib.

“Bizim yardımımızla humanitar yüklərin çatdırılması, hər iki tərəfdə ərazilərin minalardan təmizlənməsi həyata keçirilir, həyat təminatı sistemi bərpa olunur”, - deyə V. Putin qeyd edib.

Bununla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın çıxışlarını şərh edən Putin bildirib ki, bütün bunlar bir daha “pis sülh, yaxşı müharibədən yaxşıdır” deyimini bir daha təsdiq edir.

İstanbulda Türk Şurasının mediaforumu keçiriləcək

İstanbulda Türk Şurasının mediaforumu keçiriləcək

İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) mediaforumu keçiriləcək.

YAZTV xəbər verir ki, tədbirdə Türk Şurasına üzv ölkələr - Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, müşahidəçi dövlət Macarıstanla yanaşı Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətindən olan media nümayəndələri, akademiklər, dövlət qurumları və təşkilatlarının yüksək vəzifəli şəxsləri, sosial media fenomenləri, universitet tələbələri olmaqla 250 nəfərin iştirakı gözlənilir.

Tədbirin oktyabrın 22-dən 24-dək keçirilməsi nəzərdə tutulur.

Prezident mədəniyyət xadimlərini təltif edib

Prezident mədəniyyət xadimlərini təltif edib

Prezident İlham Əliyev Azərbaycan Respublikasının mədəniyyət xadimlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

YAZTV xəbər verir ki, sərəncamla Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilibər:

3-cü dərəcəli “Əmək” ordeni ilə

Ələsgərov Arif Məmməd Hüseyn oğlu

İsgəndərov Zeynalabdin Əli oğlu

Qurbanov Eldar Hacı Baba oğlu

Məmmədov Tahir Hidayət oğlu

Rzayev Asif Hüseyn oğlu

Tərəqqi” medalı ilə

Abbasov Emil İnqlab oğlu

Abbasova-Budaqova Afaq Nurəhməd qızı

Abdullayev Samir İmran oğlu

Babayeva İnarə Əhməd qızı

Bağırzadə Bəhram Arif oğlu

Dadaşov Faiq Nadir oğlu

Əliyev Ələkbər Hüseynbala oğlu

Əliyev Kənan Sabir oğlu

Əlizamanlı Şəmistan Hüseyn oğlu

Fətəliyev Zakir Məhərrəm oğlu

Hacıyev Faiq Əjdər oğlu

Heydərova Ülviyyə Sədaqət qızı

Həsənzadə Nigar Ağa qızı

Hüseynov Rəsul İsmayıl oğlu

Hüseynova Nuriyyə İsmayıl qızı

Xəlilov Bəhram Fərhad oğlu

İbrahimova Nigar Rəfael qızı

İmaməliyev Nəriman Məcid oğlu

İmanov Cabir Qorxmaz oğlu

İmanov Tahir Qorxmaz oğlu

İsayev Pünhan Baba oğlu

Kərimov İmran Mustafa oğlu

Korovin Vadim Arnoldoviç

Qasımova Fərqanə Alim qızı

Mansurov Ənvər Arif oğlu

Məhərrəmova Aytən Əhliman qızı

Məmmədov Nəriman Qəhrəman oğlu

Məmmədzadə Azər Arif oğlu

Mirsəlimov Mehti Ramiz oğlu

Rəhmanov Nazim Şamil oğlu

Rzayev İbrahim Şarza oğlu

Rzazadə Xəyal Məhəmməd oğlu

Tağıyev Qəhrəman Fərman oğlu

Topçiyev Emil Namik oğlu

Vaynşteyn Timur Leonidoviç.

Prezident İlham Əliyev: Ermənistan Şuşa şəhərində işğala qədər mövcud olan 17 məscidin 16-sını dağıdıb

Prezident İlham Əliyev: Ermənistan Şuşa şəhərində işğala qədər mövcud olan 17 məscidin 16-sını dağıdıb

Ermənistan Şuşa şəhərində işğala qədər mövcud olan 17 məscidin 16-sını dağıdıb. Bir məscid “tolerantlıq” nümayiş etdirmək üçün saxlanılıb və İrandan olan qondarma mütəxəssislərin yardımı ilə onu fars məscidi kimi təqdim etməyə cəhd göstərilib.

YAZTV-nin məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu barədə Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında bildirib.

Prezident İlham Əliyev vurğulayıb ki, işğal edilmiş ərazilərdə evlər və binalar kərpic-kərpic sökülüb, Ermənistana və İrana satılıb:

“Təbiətə də böyük ziyan vurulub, 60 min hektara yaxın meşə qırılıb, doğranıb, Ermənistana və İrana satılıb”.

Müdafiə Nazirliyi vətəndaşlara MÜRACİƏT ETDİ

Müdafiə Nazirliyi vətəndaşlara MÜRACİƏT ETDİ

Azərbaycan Ordusunun bölmələri istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının Seyfəli poliqonunda utilizasiyasını davam etdirir.

Bu barədə  Müdafiə Nazirliyindən bildirilib.

"Aparılan partlayış işləri ilə əlaqədar bir daha əhalini təşvişə düşməməyə çağırır və bildiririk ki, narahatlığa heç bir əsas yoxdur", - nazirlikdən qeyd edilib

Ermənistan yalan məlumatlar yayaraq növbəti təxribatlarına zəmin yaratmağa çalışır - MN

Ermənistan yalan məlumatlar yayaraq növbəti təxribatlarına zəmin yaratmağa çalışır - MN

Azərbaycan Ordusunun bölmələrinin Arazdəyən yaşayış məntəqəsi istiqamətində guya atəş açması barədə Ermənistan tərəfinin yaydığı əsassız məlumatlar həqiqətə uyğun deyil və tamamilə yalandır.

Bu barədə Müdafiə Nazirliyindən (MN)  verilən məlumatda deyilir.

"Qarşı tərəf bu kimi yalan məlumatlar yayaraq növbəti təxribatlarına zəmin yaratmağa çalışır. Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri istənilən təxribatların qarşısını qətiyyətlə alacaqdır" - deyə, nazirlik qeyd edir.

Qanunsuz erməni silahlıları tərəfindən növbəti təxribata cəhd olundu

Qanunsuz erməni silahlıları tərəfindən növbəti təxribata cəhd olundu

Oktyabrın 15-də səhər saatlarında qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən mülki tibbi yardım maşınından istifadə etməklə Ağdərə istiqamətində bölmələrimizə qarşı növbəti terror-təxribat cəhdi qeydə alınıb.

Bu barədə YAZTV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Hərbi qulluqçularımızın sayıqlığı və görülən tədbirlər nəticəsində bu cəhdin qarşısı alınıb və maşında hərəkət edən silahlılar geriyə dönməyə məcbur ediliblər.

Bildiririk ki, mülki tibbi yardım maşınından hərbi məqsədlər üçün istifadə edilməsi qəti yolverilməzdir, terrorçulara xas olan metoddur və beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulmasıdır. Bir daha xəbərdarlıq edirik ki, istənilən terror-təxribat xarakterli fəaliyyətlərin qarşısı tərəfimizdən dərhal və qətiyyətlə alınacaqdır.

XİN şəhid olan hərbçimizlə bağlı məlumat yaydı

XİN şəhid olan hərbçimizlə bağlı məlumat yaydı

“Bu gün Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Həmzəyev Əfqan Bəhram oğlu həlak olub. Bu terror-təxribat əməlini kəskin şəkildə qınayırıq”.

YAZTV xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Qeyd olunub ki, Ermənistanın dəstəklədiyi qanunsuz erməni silahlı dəstələri tərəfindən törədilən bu təxribat Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəliklərinin kobud pozulmasıdır və bölgədəki vəziyyətin gərginləşdirilməsinə xidmət edir:

“Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirildiyi bir vaxtda erməni silahlı dəstələrinin törətdiyi bu təxribat Ermənistan tərəfinin revanşist mövqeyini nümayiş etdirməklə yanaşı, Rusiya sülhməramlılarının fəaliyyətinə əngəl törətmək cəhdlərini göstərir”.