Sunday, 25 Oktyabr 2020 18:09
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
16.67°C

Bakı

Rütubətlilik: 92%
Külək: SW9.32 KM/S
"Qarabağın gözəl təbiətini gözlərimizlə görmüşük"

"Qarabağın gözəl təbiətini gözlərimizlə görmüşük"

YAZTV Xalq artistləri professor Fidan Qasımova və professor Xuraman Qasımovanın cəbhə bölgəsində baş verən hadisələrə həsr etdikləri “Ya Qarabağ, ya ölüm!” məqaləsini təqdim edir:

2020-ci ilin 27 sentyabrda ölkənin kütləvi informasiya vasitələrindən Ali Baş Komandan, prezident, cənab İlham Əliyevin xalqa müraciətini dinlədik. Açıq desək, o gündən bəri prezidentin qərarlı çıxışı qulaqlarımızda səslənir. Hər kəlməsi yadımızdadır. Çox təsiredici bir müraciət idi, hər sözü həqiqətdir! Hər ikimiz hələ də o müraciətin təsiri altındayıq.

Bu il bütün dünya pandemiya adlı qorxunc bir virusla mübarizə apardı. Yüz minlərlə insan bu virusdan xəstələnib, dünyalarını dəyişdilər. Pandemiya hələ də davam edir. Dünya Səhiyyə Təşkilatı bütün münaqişələri dondurdu ki, virusla mübarizə aparsın. Buna rəğmən iyul ayında Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozaraq Azərbaycan torpaqlarında öz alçaq, separatçı əməllərini Tovuz rayonunun kəndləri ətrafında işğal təxribatını başladılar.

30 ilə yaxındır ki, Ermənistan heç bir haqları olmadan, bizim gözəl, zəngin bölgəmiz sayılan tarixi Dağlıq Qarabağ iddiası ilə Azərbaycana hücum edərək torpaqlarımızı 20 faizini işğal ediblər. Həmin bölgələri yaxşı xatırlayırıq. Fidan xanım və mən Maestro Niyazinin rəhbərlik etdiyi simfonik orkestrlə yaradıcılığımızın hələ ilk illərində tez-tez ölkəmizin müxtəlif rayon və bölgələrində konsertlərlə çıxış edərdik.

Qarabağın gözəl təbiətini gözlərimizlə görmüşük. Dağlıq Qarabağ tarixən Azəbaycanındır. Ermənilərin heç bir hüquq normalara sığmayan iddiası absurd bir yalandır! İllər boyu ermənilər özlərinin uydurduqları "dənizdən-dənizədək dövlət" utopik fikrilə yaşayırlar. Bu fikri bütün dünyaya təlqin etmək istəyirlər. Onlar desələr ki, "Sakit okeandan başlayaraq Yapon dənizinədək" torpaqlar ermənilərin olub, buna da təəccüblənmərik. Bu kimi iddialara düşmüş xəstə bir xalqla üz-üzəyik.

Azərbaycan Prezidenti, cənab İlham Əliyevin də bəyan etdiyi kimi, Dağlıq Qarabağ Azərbaycandır! Bu sözlər artıq xalqımızın şüarına dönüb, bəli, bu belədir və belə də olacaq. Prezidentimizin müraciətindən sonra xalqın ruhu, inamı yüksəkdir. Prezidentimizin qərarı ilə ordumuz hücuma keçdi. Biz Qasımova bacıları prezidentimizin daima yanındayıq. Və onun xalqa açıq müraciətində hər bir cümləsi ilə tam razıyıq. Apardığı doğru strategiyanı dəstəkləyirik və ona minnətdarlığımızı bildiririk! Xalqımızın, prezidentimizin və ordumuzun yanında olmağa, separatçı, faşist işğalçılardan torpaqlarımızı azad etməyə hazır olmağa çağırırq!

Gənc yaşlarındaykən özümüz də yaradıcı rəqiblərimizlə döyüşmüşük. Hər beynəlxalq müsabiqə özü də bir savaşdır, döyüş meydanıdır. Rəqiblərin arasında müxtəlif ölkələri təmsil edən iştirakçılar olub. Məsələn, Yunanıstan kimi ölkədə mənim əsas rəqibim erməni ifaçısı olub. Qeyd edim ki, bəli, o illərdə biz ölkələrarası savaş halında deyildik, amma mən oradan Vətənimə qələbə ilə döndüm. Erməni ifaçısı məğlub oldu. Mən isə ölkəmə qızıl medal ilə qayıtdım.

Onu da demək istəyirəm ki, həmin ifaçı məni qələbə münasibəti ilə heç təbrik də etmədi.

Artıq xalqımızda yüksək əhval-ruhiyyə gündən-günə yüksəlir. Hər kəs könüllü olaraq torpaqlarımızı düşmən işğalçılarından azad etməyə hazırdır! Yaxşı xatırlayıram, 2002-ci ildə hər ikimizə - Fidan xanıma və mənə unudulmaz bəstəkarımız Vasif Adgözəlov tərəfindən təklif olunmuşdu, onun bəstələdiyi eyniadlı “Natəvan” operasında "Xan qızı Natəvanın" obrazını ifa edək. Maraqlı və məsuliyyətli təklif idi. Əsərlə tanış olandan sonra qərara gəldik ki, bu obrazı mən, Xuraman Qasımova ifa edəcəm.

Ümumiyyətlə, Qarabağ torpağı xalqımıza çox tarixi şəxsiyyətlər bəxş edib. Üzeyir Hacıbəyli, Xan Şuşinski, Bülbül... Onların arasında görkəmli ictimai xadim, xeyirxah insan, böyük şairə - Xan qızı Natəvanın xüsusi tarixi rolu olub. Bu obrazı ifa etmək üçün mən bir müddət Qarabağ tarixini öyrəndim.

Natəvanın bu torpaqlarda nə dərəcədə böyük işlər gördüyünü, yaradıcılığı ilə tanış oldum, çox faciəvi, dramatik şəxsi həyatının olduğunu öyrəndim. Bu məlumatlardan sonra obraz üzərində ciddi çalışmağa başladım. 2003-cü ilin noyabrında operanın premiyerası keçirildi.

Mən fəxr edirəm ki, opera səhnəsində bu obrazı ilk dəfə ifa etmək mənə nəsib oldu. Nə dərəcədə alındı, tamaşaçılar xatırlayarlar. Opera Natəvanın: "Torpaqdan heç zaman heç kimə pay olmaz!", "Şuşadan nigaranam!", "Şuşanı azad edin!" sözləri ilə bitir.

Biz erməniləri Qarabağ torpağında qaçqın kimi məskunlaşdırdıq, onlar isə torpaqlarımızı zorla mənimsəyib, həmin əraziləri özlərinki kimi dünyaya tanıtdırırlar. Azərbaycanın Qarabağda olan mədəni abidələrini məhv edir, tarixi izlərimizi silib pozmağa çalışırlar. Açıq vandalizmə yol verirlər.

Tarixi heç bir zaman unutmaq mümkün deyil. Azərbaycanın haqq yolunda savaş etdiyi bütün dünyaya yaxşı məlumdur. Dünya ictimaiyyəti Qarabağı ermənilərin dövləti kimi qəbul etmir.

Azərbaycanı dəstəkləyən xarici ölkələrə, ilk növbədə qardaş Türkiyəyə dərin sevgimizi bildirirək təşəkkür edirik. Azərbaycan bu problemi sülh yolu ilə bitirməyə çalışırdı. Lakin ermənilər heç bir şərtləri qəbul etməyərək, danışıqlar prosesini qəsdən uzadırdılar. Azərbaycan xalqının Tovuz hadisələrindən sonra artıq səbri tükəndi.

Ölkə rəhbərimizin ədalətli təklifləri ATƏT-in Minsk qrupu tərəfindən qəbul edilmirdi. Adətən, azərbaycanlılar sülhpərvər, ürəyiaçıq, qonaqpərvər, eyni zamanda mərd, müdrik, qeyrətli, dözümlü xalqdır. Lakin haqsızlığın da dərəcəsi var. Biz nə savaş tərəfdarıyıq, nə insan itkisi, nə də qan tökülməsini istəyirik. Ermənilər sanki qəsdən dəfələrlə provakasiyalara yol verərək dinc əhali yaşayan rayonlarımızı atəşə tutdular.

Bundan başqa, 45 yaşlı generalımız Polad Həşimovu və onunla birlikdə cavan hərbçilərimizi itirdik. Xalq Qarabağı azad etmək naminə artıq ayağa qalxdı. Son günlərdə cəbhə bölgələrində əsgərlərimizin hücum uğurlarını görərək, onlarla qürur duyuruq. “Cəbhəyə dəstək”, “Əsgərlərimizə dəstək” şüarları, xalqın yüksək vətənpərvərlik ruhunu gündən-günə artır. Buna ürəkdən sevinirik.

Bəllidir ki, hər bir savaşda qələbə də, itki də ola bilər. Təəssüf ki, itkilər də var. Tək əsgərlər arasında yox, eyni zamanda dinc əhali və gənclər arasında da torpaq uğrunda canını verməyə hazır igidlərimiz minlərcədir. Həlak olan qəhrəmanlarımızın qanı yerdə qalmayacaq. Allah itirdiyimiz əsgərlərimizə qəni-qəni rəhmət etsin!

Analarıməz itkidən yox, qələbə sevincindən gözyaşı töksünlər! Gün gəlsin, ordumuz qələbə çalanda Qarabağda, Şuşada dahi Üzeyir Hacıbəylinin "Koroğlu" uvertürası səslənsin. Amin!

Ermənilər tariximizi saxtalaşdırmağa çalışırlar

Ermənilər tariximizi saxtalaşdırmağa çalışırlar

Ermənistan tərəfindən işğal olunan Şuşa şəhərində yerləşən Yuxarı Gövhər ağa məscidi 1883-1884-cü illərdə İbrahimxəlil xanın qızı Gövhər ağanın tapşırığı ilə memar Kərbəlayı Səfixan Sultanhüseyn oğlu Qarabaği tərəfindən inşa edilmişdir. İndiki məscidin yerində hələ Pənahəli xanın dövründə qarğı və qamışdan bir məscid tikilibmiş. Pənahəli хanın tikdirdiyi qarğı məscid 1768-ci ildə İbrahimxəlil xan tərəfindən daşla əvəz edilmişdi.


Mədəniyyət Nazirliyindən YAZTV-ə verilən məlumata görə, daha sonra həmin məscidin yerində müasir dövrümüzə qədər gəlib çatmış “Yuхarı Gövhər ağa” məscidi kimi tanınan həmin bina inşa edilmişdir.


Təmir-bərpa işləri adı altında ermənilər məscidin daxili interyerində ciddi dəyişikliklər edərək tariximizi saxtalaşdırmağa çalışırlar. Məscidin internet resurslarında yayılmış şəkilləri də bunu təsdiqləyir.

Kiyevdə keçirilən etnomədəni festivalda ölkəmiz uğurla təmsil olunub

Kiyevdə keçirilən etnomədəni festivalda ölkəmiz uğurla təmsil olunub

Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən etnomədəni festivalda Azərbaycan diasporu da təmsil olunub. Yerli meriyanın təşəbbüsü ilə baş tutan tədbirdə Ukraynada yaşayan müxtəlif xalqların nümayəndələri iştirak ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən YAZTV-ə verilən məlumata görə, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) dəstəyilə təşkil olunan Azərbaycan pavilyonunda milli xalçalar, geyimlər, kitablar, musiqi alətləri və rəsm əsərləri nümayiş etdirilib. Pavilyonun tərtibatı, xalqımızın milli musiqi, rəqs və məxbəx nümunələri festival iştirakçıları və qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Festivalda Nicat Mirzəyevin başçılıq etdiyi "Qafqaz" ansamblı milli rəqslərimizi ifa edərək tədbirə xüsusi ovqat qatıb.

UABD rəhbəri Hikmət Cavadov bildirib ki, Bakının qədim və müasir görüntülərinin əks olunduğu tərtibatda rəssam Əsgər Cavadovun böyük əməyi var və festivalın gedişində azərbaycanlı rəssam arzu edənlərə ustad dərsi də keçib. "Əməyi keçən hər kəsə, xüsusilə də Əsgər Cavadova və Nicat Mirzəyevə minnətdarlığımızı bildiririk. Fikrimizcə, bu festivalda Azərbaycan diasporu yüksək səviyyədə iştirak edib" - deyə H.Cavadov vurğulayıb.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi adlı şəxsin şəkli.Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi adlı şəxsin şəkli.Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi adlı şəxsin şəkli.Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi adlı şəxsin şəkli.

“Qarabağ – mədəniyyətimizin beşiyi”: Şuşa qalası

“Qarabağ – mədəniyyətimizin beşiyi”: Şuşa qalası

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə dağıdılan, talan edilən mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər, Azərbaycan xalqının Qarabağda saxtalaşdırmaya və mənimsənilməyə məruz qalan zəngin mədəni irsi ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə ictimailəşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən “Qarabağ – mədəniyyətimizin beşiyi” adlı layihəyə davam edir.

YAZTV xəbər verir ki, layihə çərçivəsində növbəti material Şuşa qalasına həsr edilib.

Şuşa qalası - Azərbaycanın Şuşa şəhərini əhatə edən qala divarlarıdır.

Qarabağ xanı Pənahəli xan Bayat qalası və Şahbulaq qalasının əlverişsiz coğrafi mövqeyini nəzərə alaraq 1753-cü ildə Şuşa qalasının bərpa edilməsi haqqında qərar verir və Qarabağ xanlığının mərkəzi bura köçürülür. Qala bərpadan sonra uzun müddət mənbələrdə Pənahabad adlandırılır.

Şuşa qalası Azərbaycan memarlığının ən gözəl incilərindən biridir. Qala Arran memarlıq məktəbi üslubunda inşa edilib. Qalanın üç qapısı var. Onlardan Gəncə qapısı öz yüksək memarlıq xüsusiyyətləri ilə seçilir. Qala dairəvi mühafizə bürclərinə malikdir. Qala yaxınlığında qalanı xarici aləmlə əlaqələndirən yüksək memarlıq keyfiyyətləri olan körpü də inşa edilib ki, bu körpü də Qala körpüsü kimi tanınır.

Qeyd edək ki, layihə çərçivəsində mədəni irsimizə qarşı vandalizm aktları, əzəli yurd yerlərimizdəki abidələr, tarixi həqiqətlərin yerli və dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün hazırlanan məlumatların müxtəlif dillərdə qlobal internet məkanında, o cümlədən sosial şəbəkələrdə yayılması nəzərdə tutulur.

“Avropa İrs Günləri” layihəsi çərçivəsində bir sıra tədbirlər keçiriləcək

“Avropa İrs Günləri” layihəsi çərçivəsində bir sıra tədbirlər keçiriləcək

 Sentyabrın 24-dən oktyabrın 4-dək “Avropa İrs Günləri” layihəsi çərçivəsində mədəni irsimizin təbliği məqsədilə maarifləndirici tədbirlər təşkil olunacaq. Rayon icra hakmiyyətləri ilə birgə Respublika ərazisində yerləşən tarix-mədəniyyət abidələrinin ətrafında təmizlik, abadlıq işləri aparılacaq, həmçinin tarix-mədəniyyət qoruqlarında mədəni irsin mühafizəsi və təbliğinə həsr olunmuş vebinarlar təşkil olunacaq.

Mədəniyyət Nazirliyindən YAZTV-ə verilən məlumata görə, “COVID 19” pandemiyası ilə əlaqədər olaraq, planlaşdırılan tədbirlər rayonlar üzrə növbəli şəkildə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında Operativ Qərargahın qərar və tövsiyyələri əsasında, müəyyən edilmiş sanitar–epidemiolji normalara uyğu şəkildə keçiriləcək.

Hər il sentyabr-oktyabr aylarında Avropa Şurasının və Avropa İttifaqının birgə layihəsi olan “Avropa İrs Günləri” çərçivəsində silsilə tədbirlər keçirilir. “Avropa İrs Günləri” qitə sakinlərinin iştirak etdiyi ən irimiqyaslı mədəniyyət hadisəsi hesab olunur. Layihənin əsas məqsədi yerli və əcnəbi ziyarətçilərin mədəni irs obyektlərinə cəlb etmək, tarix və mədəniyyət abidələrinin qorunması məsələlərinə geniş ictimaiyyətin diqqətini yönəltmək və milli mədəni irsi təbliğ etməkdir. Pandemiya zamanına təsadüf edən builki “Avropa İrs Günləri” çox mühüm və aktual bir məsələyə – “İrs və təhsil” mövzusuna həsr edilmişdir.

Azərbaycan Respublikası 2001-ci ildə Avropa Şurasına üzv qəbul olunduqdan sonra ölkəmiz bu təşkilat tərəfindən mədəniyyət sahəsində həyata keçirilən layihələrdə daha da fəal iştirak etməyə başlamışdır. 2010-cu ildən etibarən “Avropa İrs Günləri” layihəsinin ölkə üzrə milli koordinatorluğu Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilir.

Milli Kitabxana “Əhmədiyyə Cəbrayılov – 100” adlı elektron məlumat bazası hazırlayıb

Milli Kitabxana “Əhmədiyyə Cəbrayılov – 100” adlı elektron məlumat bazası hazırlayıb

Sentyabr ayının 22-də Azərbaycan xalqının igid övladı, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyi tamam olur. Azərbaycan Respublikası Prezidentinin “Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına və Mədəniyyət Nazirliyinin tədbirlər planına uyğun olaraq Milli Kitabxananın əməkdaşları tərəfindən “Əhmədiyyə Cəbrayılov – 100” adlı elektron məlumat bazası hazırlanıb.

Nazirlikdən YAZTV-ə verilən məlumatda bildirilib ki, elektron məlumat bazası rəsmi sənəd, əfsanələşən partizan ömrü, mükafatları, haqqında nəşrlər, xatirəsinin əbədiləşdirilməsi, fotoqalereya və videoqalereya bölmələrindən ibarətdir. Elektron məlumat bazasındakı resurslar tam mətni ilə təqdim olunur.

Nuru Paşanın həyatından bəhs edən animasiya filmi hazırlanıb

Nuru Paşanın həyatından bəhs edən animasiya filmi hazırlanıb

Türkiyədə Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın həyatından bəhs edən animasiya filmi hazırlanıb.

YAZTV xəbər verir ki, ekran əsərində Nuru Paşanın həyat hekayəsi, İstanbulda qurduğu silah fabriki, ölkə iqtisadiyyatına verdiyi töhfələr və rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakının erməni-bolşevik işğalından azad edilməsindəki rolundan bəhs edilir.

Qeyd edək ki, Türkiyənin Müdafiə Sənayesi Nazirliyi tərəfindən tarixi şəxsiyyətləri gələcək nəsillərə daha yaxından tanıtmaq məqsədilə reallaşan layihə çərçivəsində il film Nuru Paşaya həsr olunub. (Azərtac)

Musiqli Teatr həftəsonu maraqlı tamaşalarla çıxış edəcək

Musiqli Teatr həftəsonu maraqlı tamaşalarla çıxış edəcək

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı sentyabr ayının son həftəsi maraqlı tamaşalar təqdim edəcək.

Teatrın mətbuat xidmətindən YAZTV-ə bildirilib ki, sentyabrın 25-də “Qafqazlı qardaşqızı”, 26-da “Mən dəyərəm min cavana”, sentyabrın 27-də “Paris Notr-Dama ithaf” tamaşaları nümayiş ediləcək.

Qeyd edilən səhnə əsərləri sənət ocağının “facebook” səhifəsi vasitəsilə onlayn göstəriləcək. (Azərtac)

Açıq səma altında tamaşa nümayiş olunub

Açıq səma altında tamaşa nümayiş olunub

Şamaxının Kələxana kəndində yerləşən XVI əsrə aid "Kələxana türbələri"ndə şifahi xalq ədəbiyyatı incilərindən sayılan "Apardı sellər Saranı" xalq dastanı əsasında hazırlanan "Sara" tamaşasıyla Mingəçevir Dövlət Dram teatrı həm də 52-ci teatr mövsümünü açıq elan etdi.

Mədəniyyət Nazirliyindən YAZTV-ə verilən məlumata görə, açıq havada, səma altında tarixi abidələrdən fon kimi istifadə olunub. Bu dəfə adət etdiyimiz kimi dekorasiyalar dekoratorlar tərəfindən tamaşa üçün xüsusi olaraq hazırlanmayıb, tarixi memarlıq abidələri canlı dekorasiya rolunu oynayıb.

Canlı dekorasiyadan istifadə edilərək açıq səma altında oynanılan bu tamaşa teatr tarixində ilk idi.

Tamaşanın qurluşundan tutmuş nümayişinə qədər Nazirlər Kabineti Yanında Operativ Qərargahın bütün şərt və tələblərinə əməl edilmişdi. Mizanlardan başlayaraq premyera öncəsinə kimi Operativ Qərargahın tövsiyələri, tələbləri nəzərə alınıb. Tamaşadan öncə tibbi personalın iştirakı ilə yaradıcı heyət yoxlanışlardan keçib və premyeraya icazə verilib.

Tamaşada respublikanın xalq artisti Ella Yaqubova, əməkdar artist Şıxı Yaqubov, tərəqqi medallı Aydın Quliyev və teatrın gənc aktyorları rol alıblar.

Çəkilişlər AzTV-nin “Mədəniyyət” kanalında yayımlanacaq.  

“Böyük qəzəl ustadı Əlağa Vahid” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub

“Böyük qəzəl ustadı Əlağa Vahid” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub

Azərbaycanın görkəmli qəzəl ustası Əlağa Vahidin xatirə günü ilə əlaqədar Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Böyük qəzəl ustadı Əlağa Vahid” adlı virtual sərgi hazırlanıb.

Kitabxanadan YAZTV-ə bildirilib ki, virtual sərgidə böyük qəzəlxanın həyat və yaradıcılığı haqqında materiallar, fotolar, müəllifi olduğu və haqqında yazılan kitablar, məqalələr təqdim olunub.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Boyuk_qezel_ustadi_Elaga_Vahid/index.html linkdən istifadə edə bilərlər.

Azərbaycan şeirinin müxtəlif növlərində, o cümlədən istər əruz, istərsə də heca vəznində eyni ustalıqla yazan Əlağa Vahid öz məharətini ayrı-ayrı mövzularda qələmə aldığı qəzəl və şeirlərinin nümunəsində dəfələrlə sübut edib. Əlağa Vahidin qəzəllərində ana dilimizin gözəlliyi, özünəməxsusluğu əsas yer tutur. Qəzəlləri klassik şeirimizdə olan ərəb-fars sözlərindən xeyli dərəcədə təmizlənmiş, Azərbaycan türkcəsinin şirinliyini özündə yaşadan sözlərlə, ifadələrlə zəngindir.

Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş virtual sərgi keçiriləcək

Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş virtual sərgi keçiriləcək

Mədəniyyət Nazirliyi Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə sentyabrın 25-i saat 17:00-da əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100 illiyi münasibətilə virtual sərgi keçirəcək.

YAZTV xəbər verir ki, tədbir ölkə başçısının Əhmədiyyə Cəbrayılovun 100 illiyi münasibətilə imzaladığı müvafiq Sərəncama əsasən hazırlanmış tədbirlər planına uyğun olaraq təşkil ediləcək.

Sərgi xalqımızın qəhrəmanlıq ənənələrini Azərbaycanın hüdudlarından uzaqlarda layiqincə yaşatmış, İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun xatirəsini yad etmək məqsədilə həyata keçirilir.

Əhmədiyyə Cəbrayılov bəşəriyyətin XX əsrdə məruz qaldığı qorxunc faşizm təhlükəsindən xilas edilməsi və nasizm üzərində qələbə qazanılmasında böyük xidmətlər göstərmiş Azərbaycan xalqının mərd oğlu kimi rəşadətli döyüş yolu keçib. 1941-ci ildə müharibənin başlanması ilə ölkənin müdafiəsi üçün könüllü surətdə cəbhəyə yollanan Əhmədiyyə Cəbrayılov daha sonralar Fransa Müqavimət hərəkatında fəal iştirak edib. Əhmədiyyə Cəbrayılovun yüksək bacarıqla həyata keçirdiyi çoxsaylı kəşfiyyat əməliyyatlarındakı misilsiz şücaətləri layiqincə qiymətləndirilib. Fransa dövlətinin orden və medalları ilə təltif edilmiş həmvətənimizin, eyni zamanda Müqavimət hərəkatı iştirakçıları sırasında xatirəsi əbədiləşdirilib. Əhmədiyyə Cəbrayılovun Vətənimizin suverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə canını fəda edərək uca şəhidlik mərtəbəsinə yüksəlmiş oğlu Mikayıl Cəbrayılov Azərbaycanın ilk Milli Qəhrəmanlarındandır.

Sərgidə ailə arxivindən götürülmüş fotolar, Azərbaycan Dövlət Rəsm Qalereyasının fondundan seçilmiş İkinci Dünya müharibəsi dövrünə aid rəsm əsərləri nümayiş ediləcəkdir.

Təqdimatda Mədəniyyət Nazirliyi tərəfindən keçirilən Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş vətənpərvərlik mahnı müsabiqəsinin qalibi gənc bəstəkar Tural Məmmədliyə məxsus “Zəfər müjdəsi” marşı istifadə edilib.

Sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izləmək mümkündür.

Bakı mühüm beynəlxalq tədbirə ev sahibliyi edəcək

Bakı mühüm beynəlxalq tədbirə ev sahibliyi edəcək

Bakı şəhəri “Avropa Kəllə-Üz-Çənə Cərrahları Cəmiyyəti”nin 2023-cü ildə keçiriləcək 3-cü Regional Konfransına ev sahibliyi edəcək.

Dövlət Turizm Agentliyindən YAZTV-ə bildirilib ki, bu barədə qərar sentyabrın 17-də “Avropa Kəllə-Üz-Çənə Cərrahları Cəmiyyəti”nin 42 ölkədən olan yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə onlayn şəkildə keçirilən səsvermə nəticəsində qəbul olunub.

Həmçinin 2017-ci ildə “Azərbaycan Ağız və Üz-Çənə Cərrahları Cəmiyyəti”nin sədri kimi fəaliyyətə başlayan Çingiz Rəhimov təşkilatın Şərqi Avropa üzrə regional nümayəndəsi seçilib.

Bakının namizədliyinin elan edildiyi ilk gündən Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu və Azərbaycan Konqreslər Bürosu tərəfindən aparılan uğurlu təbliğat işi, həmçinin paytaxtın turizm və təşkilatçılıq imkanlarının peşəkar şəkildə təqdim edilməsi konfransın Azərbaycanda keçirilməsi hüququnun əldə edilməsi ilə nəticələnib.

Azərbaycan Konqreslər Bürosu tərəfindən irimiqyaslı tanıtım, təbliğat və marketinq kampaniyasının aparılması, professor Çingiz Rəhimovun göstərdiyi təşəbbüsün hərtərəfli dəstəklənməsi 1000-dən çox xarici iştirakçısı olması gözlənilən konfransın ölkəmizə cəlb olunmasına öz töhfəsini verib.

İşgüzar turizmin inkişafı üzrə bu nailiyyətin əldə edilməsinə Azərbaycan Respublikası Nazirlər Kabineti, Xarici İşlər Nazirliyi, eləcə də Səhiyyə Nazirliyi tərəfindən böyük dəstək göstərilib.

“Bu cür irimiqyaslı beynəlxalq tədbirlər nəinki ölkəmizin və onun işgüzar turizm imkanlarının tanıdılmasına xidmət edir, eyni zamanda müxtəlif sahələrin inkişafına da öz töhfəsini verir”, - Azərbaycan Konqreslər Bürosunun direktoru Sevda Əliyeva bildirib.

1970-ci ildə əsası qoyulmuş Avropa, eləcə də dünyanın bir sıra başqa ölkələrində yüksək nüfuza malik olan “Avropa Kəllə-Üz-Çənə Cərrahları Cəmiyyəti” kəllə-üz-çənə cərrahiyyəsində müasir üsulların tətbiq olunması üzrə ixtisaslaşaraq sözügedən cərrahiyyə növü ilə bağlı yenilikləri çatdırmaq üçün hər iki ildən bir dünyanın müxtəlif ölkələrində beynəlxalq səviyyəli konfranslar keçirərək üzvlərini bir araya toplayır.

Xatırladaq ki, Azərbaycan Turizm Bürosunun tabeliyində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosunun əsas məqsədi ölkəmizin işgüzar turizm imkanlarını tanıtmaqla irimiqyaslı beynəlxalq səviyyəli tədbirlərin Azərbaycana cəlb edilməsinə nail olmaq, ölkənin işgüzar turizm nüfuzunu gücləndirməkdir.