Monday, 29 May 2023 09:43
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
DİM aprelin 2-də növbəti imtahanlar keçirəcək

DİM aprelin 2-də növbəti imtahanlar keçirəcək

 

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 2-də növbəti imtahanlar keçirəcək.

DİM-dən YAZTV-ə bildirilib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən 2023-cü il aprelin 2-də:

1. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;

3. Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;

4. Mart ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı;

5. Eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;

6. Buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin XI sinif məzunları üçün buraxılış imtahanı keçiriləcək.

İmtahanlar Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Abşeron, Qazax, Şəmkir, Bərdə, Sabirabad, Göyçay, Kürdəmir, Salyan, Cəlilabad, Xaçmaz rayonlarında və Naxçıvan Muxtar Respublikasında keçiriləcək.

Bu imtahanlarda iştirak edəcək şəxslər buraxılış vərəqəsini DİM-in saytından çap edib götürə bilərlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası” da təqdim olunur. Burada iştirakçılara imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahanlar saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Abituriyentlər (şagirdlər) imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanda 27 min 864 (Bakıda 8887, Naxçıvanda 1562, Gəncədə 2172, Şəmkirdə 658, Qazaxda 801, Sumqayıtda 1443, Abşeronda 1033, Mingəçevirdə 1087, Şəkidə 1275, Bərdədə 1530, Göyçayda 638, Kürdəmirdə 582, Şirvanda 748, Sabirabadda 805, Salyanda 947, Lənkəranda 1471, Cəlilabadda 607, Xaçmazda 1618) nəfərin iştirakı nəzərdə tutulur. İmtahanlarda 64 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib.

İmtahanların idarə olunması üçün 118 ümumi imtahan rəhbəri, 337 imtahan rəhbəri, 2657 nəzarətçi-müəllim, 360 buraxılış rejimi əməkdaşı və 118 bina nümayəndəsi ayrılıb.

Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçirilib

Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçirilib

Fevralın 12-də Dövlət İmtahan Mərkəzi (DİM) 11 şəhər və rayonda ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçirib.

DİM-dən YAZTV-ə bildirilib ki, imtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahan keçirilən binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub.

Sınaq imtahanında abituriyentlərə ixtisas qruplarına uyğun olaraq hər fənnə aid 30 test tapşırığı (ümumilikdə 90 tapşırıq) təqdim olunub. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3 ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır.

Yazılı cavab vermək tələb olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

Qeyd: I ixtisas qrupu üzrə RK və Rİ, III ixtisas qrupu üzrə isə DT və TC altqruplarının hər ikisini seçmiş abituriyentlər fevralın 19-da müvafiq olaraq informatika və coğrafiyadan əlavə imtahan verəcəklər.

Azərbaycan Dövlət Aqrar Universitetində 2022/2023-cü tədris ilinin qış imtahan sessiyası start götürüb

Azərbaycan Dövlət Aqrar Universitetində 2022/2023-cü tədris ilinin qış imtahan sessiyası start götürüb

Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” 16.12.2022-ci il tarixli F-721 nömrəli əmrinə əsasən Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) də yanvar ayının 5-dən təhsilin hər iki səviyyəsində əyani təhsil forması üzrə ixtisaslarda 2022/2023-cü tədris ilinin qış imtahan sessiyası başlanıb.

Tələbələrin biliyinin qiymətləndirilməsində müxtəlif formaların tətbiqinin əhəmiyyətini nəzərə alaraq, imtahanların qəbulu 821 qrup üzrə test və 469 qrup üzrə yazılı formada təşkil ediləcək. Həmçinin, cari ildən tələbələrdən bəzi fənnlər üzrə məxfi test imtahanları da götürüləcək.

Universitetin rektoru vəzifəsini icra edən Zəfər Qurbanov imtahanların gedişini izləyərək, tələbələrə uğurlar arzu edib. O bildirib ki, universitetdə nəzarət komissiyası yaradılıb, nəzarətçi qrupların bölgüsü aparılıb. Bütün texniki-təşkilati işlər yüksək səviyyədə başa çatdırılıb. Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən asılı olaraq yarana biləcək narazılıqların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədi ilə Qərargah fəaliyyət göstərəcək.

Bütövlükdə imtahanların şəffaf və obyektiv keçirilməsi üçün universitetdə lazımi şərait yaradılıb. 

BDU Elmi Kitabxanasında Beynəlxalq Ana Dili Gününə həsr olunan sərgi

BDU Elmi Kitabxanasında Beynəlxalq Ana Dili Gününə həsr olunan sərgi

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasında 21 Fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunan sərgi təşkil edilib.

BDU-dan YAZTV-ə bildirilib ki, sərgidə müxtəlif dillərdən bəhs edən 50-yə yaxın kitab, dərslik və dərs vəsaiti nümayiş etdirilib. Həmçinin görkəmli şəxslərin ana dilimiz haqqında fikirləri, dilçi alimlərimizin Azərbaycan dilinin tarixi, daxili qanunauyğunluqları, poetik üslubu, əsrlərdən günümüzə qədər gəlib çatan zənginliyi və dərinliyindən xəbər verən dəyərli nəşrləri yer alıb.

Sərgidə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinin dövlət dili statusuna yüksəldilməsi, dilimizin xarici təsirlərə məruz qalmadan qorunub saxlanılmasında əvəzsiz rolu xüsusi işıqlandırılır. Nizami Xudiyevin “Heydər Əliyev və Azərbaycan dili”, Salatın Əhmədovanın “Heydər Əliyevin dil siyasəti” adlı kitabları oxucular tərəfindən xüsusi maraqla qarşılanıb.

Beynəlxalq Ana Dili Gününə həsr olunmuş sərgidə türk, rus, ingilis, alman, fransız, yapon, Çin, ərəb, qədim Roma dilləri, həmçinin Qafqazda yaşayan tatların dilinə aid bir çox nəşrlər də yer alıb.

ADAU-da Ulu Öndərin 100 illik yubileyi münasibətilə dəyirmi masa keçirilib

ADAU-da Ulu Öndərin 100 illik yubileyi münasibətilə dəyirmi masa keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan “Taxıl bitkilərində sort və hibridalma, onların toxumçuluğu, naliyyətlər və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad olunub.
Çıxış edən rektor vəzifəsini icra edən Zəfər Qurbanov bildirib ki, Aqrar Universitetdə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə qəbul olunan tədbirlər planı çərçivəsində işlər uğurla həyata keçirilir. Universitet-sənaye əməkdaşlığının əhəmiyyətindən danışan Z.Qurbanov kadr hazırlığı prosesində fermer və müəssisələrlə birgə görülən layihələrin vacibliyini diqqətə çatıdırıb.
Taxıl və paxlalı bitkilər sahəvi laboratoriyasını müdiri Firuddin Qurbanov taxıl bitkilərində sort və hibridalma, onların toxumçuluğu, naliyyətlər və perspektivlər mövzusunda çıxış edib.
Sonra tədbirdə iştirak edən fermer və müəssisə nümayəndələrinin mövzu ətrafında fikirləri dinlənilib.
Dəyirmi masadan sonra Azərbaycan Dövlət Aqrar Universiteti ilə “AGROVİT” MMC arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb.
Memorandumun məqsədi müxtəlif təcrübə proqramlarının, seminar, dəyirmi masa və konfransların təşkil edilməsi həmçinin, gənc kadrların xüsusilə aqronomluq sahələrində fəaliyyət proseslərinə cəlb olunmasıdır.
Tədbir iştirakçıları sonda universitetin toxumçuluq sahələrinə baxış keçiriblər.

Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə: qeydiyyat davam edir

Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə: qeydiyyat davam edir

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və inzibati rəhbər (A növü) vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanlarında iştirak etmək üçün qeydiyyat davam edir.

Dövlət İmtahan Mərkəzindən (DİM) YAZTV-ə bildirilib ki, imtahanların yanvarın 15-də keçirilməsi nəzərdə tutulur. İnzibati rəhbər (A növü) vəzifələr üzrə müsabiqənin test imtahanında iştirak etmək üçün qeydiyyat yanvarın 12-si saat 11:00-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 100 yer ayrılıb.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı AB, AC, BA qrupları üzrə yanvarın 15-i saat 10:00-da kompüter vasitəsilə, BB qrupu üzrə isə saat 11:00-da kağız daşıyıcılar vasitəsilə keçiriləcək. Test imtahanında iştirak etmək istəyən namizədlərin qeydiyyatı Mərkəzin internet portalında BB qrupu üzrə yanvarın 6-sı saat 11:00-dək, AB, AC, BA qrupları üzrə isə yanvarın 12-si saat 11:00-dək həyata keçiriləcək.

Xatırladaq ki, imtahanlarda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini (şəxsi kabineti olmayanlar) yaratmalıdırlar. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat www.payment.dim.gov.az saytında verilib) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında müvafiq olaraq “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” və ya “Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi” xidmətləri vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

Ümumi müsahibəyə 36 vakant vəzifə çıxarılıb.

Ümumi müsahibəyə 36 vakant vəzifə çıxarılıb.

Yanvarın 6-da elan edilmiş ümumi müsahibələrin keçirilmə qrafiki müəyyən olunub.

Dövlət İmtahan Mərkəzindən (DİM) YAZTV-ə bildirilib ki, ümumi müsahibəyə 12 dövlət orqanında mövcud olan 36 vakant vəzifə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 119 namizədlə 119 müsahibənin keçirilməsi planlaşdırılır.

Ən yüksək müsabiqə müraciəti vəziyyəti Bakı Apellyasiya Məhkəməsinin Aparatı, Analitik şöbə, aparıcı məsləhətçi (1 vakant yer üzrə 26 namizəd), İqtisadiyyat Nazirliyi, Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsi, Beynəlxalq iqtisadi təşkilatlarla əməkdaşlıq sektoru, məsləhətçi (1 vakant yer üzrə 20 namizəd) üzrə yaranıb.

Müsahibələrin fevralın 22-dən martın 1-dək keçirilməsi nəzərdə tutulur. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in saytından əldə edə bilərlər.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul olunmur, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.

Namizəd müsahibə keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin nömrəsini seçib açılan müraciət formasında "İMTİNA" düyməsini basmaqla müsahibədə iştirakdan imtina edə bilər.

Namizədlərdən müsahibənin başlanma vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.

Bərpaolunan enerji istiqamətində tədris proqramları müzakirə edilib

Bərpaolunan enerji istiqamətində tədris proqramları müzakirə edilib

Azərbaycan-Fransız Universitetində (UFAZ) “TotalEnergies” şirkətinin Azərbaycandakı bərpaolunan enerji biznesinin inkişafı üzrə baş mütəxəssisi Çingiz Orucov ilə bərpaolunan enerji istiqamətində UFAZ-ın gələcək tədris proqramları müzakirə olunub.

Bu barədə YAZTV-ə UFAZ-dan məlumat verilib.

Müzakirə zamanı UFAZ-ın icraçı direktoru Vazeh Əskərov və Baş katibi Yelizaveta Bydanova qonağa ixtisaslar, tədris prosesi və elmi sahədə əməkdaşlıq barədə ətraflı məlumat veriblər.

Ölkədə ilk dəfə "Aqrar Startaplar Forumu" keçirilib

Ölkədə ilk dəfə "Aqrar Startaplar Forumu" keçirilib

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Aqrar İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə Gəncədə “Aqrar Startaplar Formu” keçirilib.

Forumun keçirilməsində məqsəd aqrar innovasiyaların fermerlər, sahibkarlar və gənclər arasında təbliği və təşviqi, regionlarda aqrar startapların inkişafı, rəqəmsal texnologiyalardan istifadə etməklə aqrar sahədə məhsuldarlığın yüksəldilməsinə dəstək olmaqdır.

Forumun açılışında çıxış edən ADAU-nun rektoru vəzifəsini icra edən Zəfər Qurbanov son illər ərzində işğaldan azad olunan ərazilərdə aqrar sahədə həyata keçirilən layihələrdən danışıb. O deyib ki, innovativ lahiyə və startapların xüsusilə gənclər arasında təbliği vacibdir. Forumda keçirilən innovasiya sərgisindən danışan Z. Qurbanov bildirib ki, “Aqrar Startaplar Formu”da 19 stenddə respublikanın müxtəlif yerlərindən startaplar nümayiş olunur. 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov belə tədbirlərin keçirilməsinin vacibliyini vurğulayaraq forumun işinə uğurlar arzu edib.

Tədbirdə aqrar innovasiyalarla bağlı videoçarx nümayiş olunub.

Sonra çıxış edən Aqrar İnnovasiyalar Mərkəzinin direktoru Anar Cəfərov, Gəncə Dövlət Universitetinin rektoru Yusib Yusibov, Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsini icra edən Yaşar Ömərov, millət vəkili Müşfiq Cəfərov da “Aqrar Startaplar Formu”nun keçirilməsinin yüksək qiymətləndiriblər.

Sonda Forum panel müzakirələrlə davam edib. “Regional İnkişaf” İctimai Birliyi, “İ2B:İdeyadan biznesə” layihəsinin rəhbəri Rəşad Əzizovun moderatorluğu ilə 3 ayrı mövzuda 12 nəfər mütəxəssisin çıxışı dinlənilib.

 

 

 

Hindistan “iPhone” telefonlarının əsas istehsalçı ölkəsinə çevrilə bilərmi?

Hindistan “iPhone” telefonlarının əsas istehsalçı ölkəsinə çevrilə bilərmi?

“Apple” kompaniyası COVID-19 epidemiyası və artan geosiyasi gərginlik fonunda mühüm təchizat zəncirlərini təmin etmək üçün nəzərlərini Çindən kənara yönəldir. YAZTV CNN telekanalına istinadla xəbər verir ki, bu kontekstdə Hindistan dünyanın ikinci ən böyük iqtisadiyyatına cəlbedici potensial alternativ olaraq ortaya çıxıb. Pekinin böyük regional rəqibi yaranmış fürsətdən istifadə etməkdə heç də uduzmur. Hindistanın ən yüksək səviyyəli nazirlərindən biri keçən ay Kaliforniyada yerləşən şirkətin Cənubi Asiya ölkəsindəki istehsalını ümumi istehsalın dörddəbirinə çatdırmaq istədiyini söyləyib.

Hindistanın ticarət və sənaye naziri Piyuş Goyal bildirib ki, “Apple” artıq məhsullarının 5-7 faizini onun ölkəsində istehsal edir. "Səhv etmirəmsə, kompaniya Hindistanda istehsalı 25 faizə çatdırmaq niyyətindədir”, - deyə o məlumat verib.

“Apple” kompaniyasının təchizatçılarından biri olan “Foxconn” Çində ciddi tədarük problemindən sonra Hindistandakı əməliyyatlarını genişləndirmək istəyir. ABŞ-ın elektronika nəhəngi illərdir ki, “iPhone”, “iPad” və digər məşhur məhsulların kütləvi istehsalı üçün Çindəki geniş istehsal şəbəkəsinə arxalanırdı. Lakin onun bu asılılığı keçən ilin dekabrında Pekinin sərt “Sıfır COVID” strategiyası ilə daha da azalıb. Əvəzində, “Apple” ötən ilin ortalarından etibarən Hindistana investisiya istiqamətində səylərini ikiqat artırıb. Lakin Asiyanın üçüncü ən böyük iqtisadiyyatı birdən-birə Çini tam əvəz edə bilməyəcək. “Counterpoint” bazar iqtisadiyyatı araşdırması firmasının tədqiqat direktoru Tarun Pathak bildirib ki, nəzəri cəhətdən bunu etmək olar, lakin bu, bir gecədə baş verməyəcək".

"Apple” kompaniyasının Çindən asılılığı bu ölkənin bütün elektronika istehsalı sisteminə 20 ilə yaxın qoyulan sərmayələrin nəticəsidir. Kompaniyanın mobil telefonlarının təxminən 95 faizi Çində istehsal olunur.

Magistraturaya qəbul olmaq istəyənlər üçün keçirilmiş sınaq imtahanının nəticələri elan edilib

Magistraturaya qəbul olmaq istəyənlər üçün keçirilmiş sınaq imtahanının nəticələri elan edilib

Dövlət İmtahan Mərkəzi (DİM) magistraturaya qəbul olmaq istəyənlər üçün yanvarın 29-da keçirilmiş sınaq imtahanının nəticələrini bu gün saat 17:00-dan etibarən elan edib.

DİM-dən YAZTV-ə bildirilib ki, hər bir iştirakçı Mərkəzin internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Bakalavrlar imtahan nəticələri barədə məlumatı, iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Qeyd edək ki, sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 566 nəfərdən 28 nəfər imtahana gəlməyib.

Nazir 150 mindən çox müəllimə SMS göndərdi

Nazir 150 mindən çox müəllimə SMS göndərdi

Elm və təhsil naziri Emin Əmrullayev 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimləri təbrik edib. 

YAXTV xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi Cəsarət Valehov bildirib. 

Ətraflı

O qeyd edib ki, nazirin adından 150 mindən çox müəllimin əlaqə nömrəsinə təbrik mesajı göndərilib.

Təbrik mesajında müəllimlərə təşəkkür olunub: “Dəyərli Azərbaycan müəllimi! Övladlarımızın işıqlı gələcəyi naminə fədakar əməyinizə görə Sizə təşəkkür edir, şərəfli və məsuliyyətli fəaliyyətinizdə uğurlar arzulayıram. Beynəlxalq Müəllimlər Gününüz mübarək!”