Friday, 28 Yanvar 2022 20:38
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Biləsuvarda iki məktəblini avtomobil vurub

Biləsuvarda iki məktəblini avtomobil vurub

Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

YAZTV-nin məlumatına görə, hadisə rayonun Əsgərabad kəndində baş verib.

Belə ki, kənd sakinləri 2005-ci il təvəllüdlü Əmirov Kənan Nizami oğlunu və 2005-ci il təvəllüdlü Qəhrəmanov Coşqun Ələddin oğlunu "VAZ 2107" markalı minik avtomobili vurub.

Məktəblilər ağır vəziyyətdə rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. (report az)

Gəncədə avtomobil qəzası olub, xəsarət alanlar var

Gəncədə avtomobil qəzası olub, xəsarət alanlar var

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi olub.

YAZTV-nin məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində, yanacaqdoldurma məntəqələrinin birinin qarşısında qeydə alınıb.

Avtomobil qəzası zamanı xəsarət alanların olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırmalara başlanılıb. (report az)

Ötən il təbii və texnogen mənşəli hadisələr nəticəsində 55 nəfər ölüb

Ötən il təbii və texnogen mənşəli hadisələr nəticəsində 55 nəfər ölüb

2021-ci il ərzində Azərbaycan ərazisində 15 247 təbii və texnogen mənşəli hadisə baş verib.

Bu barədə YAZTV-yə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, bu da 2020-ci il ilə müqayisədə 467 hadisə və ya 3% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 55 nəfər həlak olub, 206 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 51 nəfər xilas edilib, 821 nəfər təxliyə olunub.

Baş Prokurorluq: "Məktəb direktorunun səs yazısı ilə bağlı fakt araşdırılır"

Baş Prokurorluq: "Məktəb direktorunun səs yazısı ilə bağlı fakt araşdırılır"

Ağstafa rayonunun Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru Mətanət Məmmədovanın sosial şəbəkələrdə yayılan səs yazısı ilə bağlı fakt rayon prokurorluğunda araşdırılmağa başlanılıb.

Bu barədə YAZTV-yə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Məlumat verilib ki, qeyd edilən faktla bağlı hazırda araşdırma aparılır.

Xatırladaq ki, sosial şəbəkələrdə M.Məmmədovanın səs yazısı yayılıb. O, rəhbərlik etdiyi təhsil müəssisəsində işləyən müəllimdən əlavə dərs saatları müqabilində pul istəyir. Müəllim isə imkanının olmadığını söyləyir.

Baş Prokurorluq: Evdə meyiti aşkarlanan tağım komandiri ürək çatışmazlığından vəfat edib

Baş Prokurorluq: Evdə meyiti aşkarlanan tağım komandiri ürək çatışmazlığından vəfat edib

Yanvarın 27-də "N" saylı hərbi hissədə tağım komandiri vəzifəsində xidmət edən 1995-ci il təvəllüdlü İsmayıllı Eşqin Etibar oğlunun meyitinin Culfa rayonunda yaşadığı evdə aşkar edilməsi ilə bağlı Culfa rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə YAZTV Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, eləcə digər zəruri tədbirlər həyata keçirilib.

İlkin məlumata əsasən, Eşqin İsmayıllı ürək çatışmazlığı səbəbindən vəfat edib.

Ötən il Azərbaycanda partlayışlarda 12 nəfər həlak olub

Ötən il Azərbaycanda partlayışlarda 12 nəfər həlak olub

2021-ci il ərzində Azərbaycanda 77 partlayış hadisəsi baş verib.

Bu barədə YAZTV-yə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, bu da 2020-ci il ilə müqayisədə 5 hadisə və ya 6% azdır. Partlayışlar zamanı 12 nəfər həlak olub, 76 nəfər xəsarət alıb.

Azərbaycan MN: "Ermənistan ordusu Tovuzu istiqamətindəki mövqelərimizi atəşə tutub"

Azərbaycan MN: "Ermənistan ordusu Tovuzu istiqamətindəki mövqelərimizi atəşə tutub"

Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 27-si saat 20:58-dən 23:00-dək dövlət sərhədinin Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə YAZTV-yə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Ordumuzun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən müvafiq tədbirlər görülüb.

Azərbaycan Ordusunun sıralarında şəxsi heyət və hərbi texnika baxımdan itki yoxdur.

Əməliyyat şəraiti Azərbaycan Ordusunun tam nəzarəti altındadır.

Hafiz Məmmədovla bağlı həbs qərarı verildi - Rəsmi

Hafiz Məmmədovla bağlı həbs qərarı verildi - Rəsmi

Məşhur iş adamı, “Bakı” futbol klubunun keçmiş prezidenti Hafiz Məmmədovun Dövlət Vergi Xidmətinin Yasamal istintaq şöbəsində saxlanıldığı barədə məlumat yayılıb. 

YAZTV məlumatı dəqiqləşdirmək üçün Dövlət Vergi Xidmətinə sorğu ünvanlayıb. Sorğumuza cavab olaraq bildirilib ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində iş adamı Məmmədov Hafiz Məcid oğlunun bilavasitə faktiki rəhbərliyi həyata keçirdiyi müəssisələr üzrə yaranmış külli miqdarda vergi və məcburi dövlət sosial sığorta haqlarının ödəməkdən yayındırılması faktları üzrə cinayət işi başlanıb.

Başlanmış cinayət işi çərçivəsində Hafiz Məmmədov istintaqa gəlməkdən boyun qaçırdığından, onun barəsində ittiham elan edilməsi üçün şəxsin tutulması ilə bağlı axtarış haqqında qərar qəbul edilib.Yasamal rayon məhkəməsinin qərarı ilə Hafiz Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Ötən il Azərbaycanda 2 mindən çox yanğın baş verib

Ötən il Azərbaycanda 2 mindən çox yanğın baş verib

2021-ci il ərzində baş vermiş yanğın hadisələrinin təhqiqatı aparılmış yanğınların sayı 2 092 olub.

Bu barədə YAZTV-yə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildiirlib ki, yanğın hadisələri zamanı 38 nəfər həlak olub,129 nəfər xəsarət alıb.

Yasamalda beş nəfər dəm qazından zəhərlənib

Yasamalda beş nəfər dəm qazından zəhərlənib

Bakının Yasamal rayonunda beş nəfər dəm qazından zəhərlənib.

YAZTV xəbər verir ki, hadisə rayonun müxtəlif ərazilərində qeydə alınıb.

Ş.M.Xiyabani küçəsində 1984-cü il təvəllüdlü Səfərova Kamilla Aleksandr qızı, 1977-ci il təvəllüdlü Məmməd Rafiq Elbəyi oğlu, 2001-ci il təvəllüdlü Kazımlı Pərvanə Ceyhun qızı, 2-ci Alatava ərazisində 2001-ci il təvəllüdlü İmanova Rüqəyya Məhərrəm qızı və Mustafa Sübhi küçəsində 2000-ci il təvəllüdlü Alməmmədova Aygün Hafiz qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisələrin təfərrüatı araşdırılır.(report.az)

Eldəniz Səlimovun apellyasiya şikayətinə bu tarixdə baxılacaq

Eldəniz Səlimovun apellyasiya şikayətinə bu tarixdə baxılacaq

Milli Məclisin həbsdə olan deputatı Eldəniz Səlimovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

YAZTV xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsinində keçiriləcək ilkin baxış iclası fevralın 7-nə təyin edilib.

Şikayət Məhəmmədəli Rzayevin sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, 2021-ci il iyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisin deputatı E.Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanılıb.

İstintaqla qeyd edilən tarixdə E.Səlimovun qohumuna məxsus olan restoranda Xaçmaz Rayon Polis Şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi Qrupunun inspektoru, polis leytenantı Zaur Mirzəyevin bir neçə gün öncə öz xidməti vəzifəsini icra edərək həmin restoranda xüsusi karantin rejimi qaydalarının pozulması ilə əlaqədar etdiyi qanunamüvafiq hərəkətləri özünə hörmətsizlik kimi qiymətləndirərək Zaur Mirzəyevin ünvanına nalayiq ifadələr işlətməklə sonuncunun sifət və baş nahiyəsinə yumruq və başı ilə zərbələr vurmaqla sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

E.Səlimov Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan E.Səlimov apellyasiya şikayəti verib.

Baş Prokurorluğun adından saxta hesablar yaradan şəxslərə xəbərdarlıq edilib

Baş Prokurorluğun adından saxta hesablar yaradan şəxslərə xəbərdarlıq edilib

Baş Prokurorluğun adından saxta hesablar yaradan şəxslərə xəbərdarlıq edilib.

Bu barədə YAZTV-yə qurumun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş Prokurorluğun Mətbuat Xidməti tərəfindən sosial şəbəkələr və kütləvi informasiya vasitələri üzrə aparılan daimi monitorinq nəticəsində feysbuk sosial şəbəkəsində qurumun və bəzi tabe rayon (şəhər) prokurorluqlarının adından feyk (saxta) hesabların açılması müəyyən edilib.

Qeyd edilib ki, Baş Prokurorluğun mavi nişan (blue sign) vasitəsi ilə təsdiqlənmiş feysbuk, instaqram, yutub, teleqram sosial şəbəkərindəki rəsmi səhifələrindən başqa hər hansı digər hesabları mövcud deyildir: "Odur ki, vətəndəşlarımızdan ayıq-sayıq olmaqla yalnız rəsmi sosial media səhifələrimizi izləməyi tövsiyə edirik.

Eyni zamanda, dövlət qurumlarının adından saxta hesabların yaradılmasının yolverilməzliyi barədə xəbərdar etməklə bu kimi neqativ hallara yol vermiş şəxslər barəsində qanunvericiliklə nəzərdə tutulan tədbirlərin görüləcəyi bildirilir".

Baş Prokurorluğun sosial şəbəkələrdəki rəsmi səhifələri:
Feysbuk səhifəsi – (link: https://www.facebook.com/prokurorluq/)
İnstaaram səhifəsi – (link: https://www.instagram.com/prokurorluq/)
Teleqram kanalı – (link: https://t.me/prokurorluq)
“Yutub kanalı – (link: https://www.youtube.com/user/prokurorluq )
Tviter səhifəsi – (link: https://twitter.com/prokurorluq )