Monday, 17 Yanvar 2022 04:27
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Neftin ucuzlaşması davam edir

Neftin ucuzlaşması davam edir

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2020-ci ilin sentyabr müqaviləsinin dəyəri 0,30% azalaraq 1 barelə görə 42,95 dollar təşkil edib.

YAZTV-nin məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında avqustda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,37% azalaraq 40,47 dollar təşkil edib

“AzInTelecom” virtual hakatonuna dəstək verdi

“AzInTelecom” virtual hakatonuna dəstək verdi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC “Hackhathon Azerbaijan”ın keçirdiyi virtual hakatona dəstək verib.

YAZTV xəbər verir ki, su ekologiyası mövzusunda Azərbaycanda bir ilk olan “Aquahack” hakatonunu “Hackathon Azerbaijan” Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin İnkişaf Proqramı (UNDP) ilə birgə təşkil edib.

“AzInTelecom” bu kimi korporativ sosial məsuliyyət layihələrinə hər zaman önəm verir, ölkənin bu günü və gələcəyinə öz qatqısını verməyə çalışır.

Qeydiyyat prosesində “Aquahack”da iştirak üçün 328 nəfər müraciət edib, nəticə etibarilə 68 komanda qeydiyyatdan keçib. Onlardan 61 komanda, yəni 207 nəfər seçim mərhələsinə buraxılıb. Sonda isə müsabiqə tələblərinə cavab verən 49 komanda yarışda iştirak hüququ əldə edib.

Hakatonda məişətdə və sənayedə suyun istifadəsinin səmərəliliyinin artırılması, ona qənaətlə bağlı maarifləndirmə metodlarının aşkarlanması, su təchizatı infrastrukturunun səmərəli istifadəsinin təmin olunması, eləcə də su ehtiyatlarının idarə olunması ilə bağlı ideyalar işlənib.

Bir neçə gün öncə yekunlaşan yarışın qalibləri elan olunub. 1-ci yerin qalibi olan “Arducoman” komandasına 5 000 AZN, 2-ci yeri tutan “Aquahackermaks” komandasına 3 000 AZN, 3-cü yerin sahibi “Satetlite” komandasına isə 2 000 AZN məbləğində mükafat təqdim ediləcək.

Balaxanı yeni turizm məkanına çevrilir

Balaxanı yeni turizm məkanına çevrilir

Balaxanı qəsəbəsinin yeni turizm marşrutu kimi müəyyənləşdirilməsi və tuzim məkanına çevrilməsi üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Dövlət Turizm Agentliyi və "Bakı Abadlıq Xidməti" MMC birgə əməkdaşlıq edəcək.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən YAZTV-ə verilən məlumata görə, iyulun 3-də KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Dövlət Turizm Agentliyinin direktoru Fuad Nağıyev və "Bakı Abadlıq Xidməti" MMC-nın direktoru Binnət Əli Qasımov Balaxanıda aparılan abadlıq işləri, qəsəbənin turizm imkanları ilə tanış olub, əməkdaşlıq çərçivəsində görüləcək tədbirlərlə bağlı müzakirələr aparıblar.

Bu əməkdaşlıq çərçivəsində hər üç qurum Balaxanının yeni turizm məkanına çevrilməsi, turizm yönümlü sahibkarlığın təşviqi və yeni turizm obyektlərinin yaradılması, qəsəbənin daha da abadlaşdırılması istiqamətində səlahiyyətləri çərçivəsində səylərini birləşdirəcəklər. Belə ki, Dövlət Turizm Agentliyi Balaxanının yeni turizm məkanı kimi tanıdılmasına, turizm marşrutuna salınmasına dəstək olacaq. KOBİA Balaxanıda turizm sahəsində yeni sahibkarlıq subyektlərinin, xüsusilə sənətkarlıq, xidmət və ticarət istiqamətlərində biznesin qurulmasını təşviq edəcək, bu sahədə biznes təşəbbüslərinin reallaşdırılmasına dəstək göstərəcək. “Bakı Abadlıq Xidməti” MMC isə Balaxanı qəsəbəsində həyata keçirilən abadlıq tədbirlərini daha da genişləndirəcək.

Eyni zamanda birgə əməkdaşlıq Balaxanı sakinləri arasında turizm yönümlü sahibkarlığın təşviqinə, məşğulluğa, eləcə də qəsəbənin tarixi abidələrinin tanıdılmasına və daha da abadlaşmasına öz töhfəsini verəcəkdir.

Qeyd edək ki, Balaxanı tarixi-mədəni abidələrlə zəngindir. Burada turizm yönümlü sahibkarlığın, xüsusilə sənətkarlıq üzrə xalçaçılıq, duluçuluq, milli geyimlərin hazırlanması, xidmət sektorunda kiçik iaşə obyektlərinin, hostellərin yaradılması, ticarət üzrə suvenir, keramik qablar, xalça, musiqi alətləri, şirniyyat satışı və s. sahələri təşviq etmək üçün imkanlar mövcuddur. Belə ki, Balaxanıda bu istiqamətlər üzrə 100-ə yaxın kiçik obyektin fəaliyyəti təşkil oluna bilər.

Balaxanının yeni turizm məkanına çevrilməsi istiqamətində fəaliyyətin səmərəli və sistemli təşkili üçün konseptual sənədin hazırlanması da təklif olunur.

Azərbaycana daha çox hansı ölkələrdən sifarişlər daxil olur?

Azərbaycana daha çox hansı ölkələrdən sifarişlər daxil olur?

Azexport.az portalı dünyanın 15-dək beynəlxalq elektron ticarət platformasına inteqrasiya olunub. İnteqrasiya olunan platformalarda yerləşdirilən Azərbaycan məhsulları hər gün dünyanın istənilən nöqtəsində nümayiş olunur.

YAZTV-nin məlumatına görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalının meneceri Ayxan Qədəşov bildirib ki, bu baxımdan portalın fəaliyyətə başladığı gündən etibarən ənənəvi olan ölkələrlə yanaşı yeni ölkələrdən də sifarişlər daxil olmağa başlayıb.

Onun sözlərinə görə, yeni ölkələr sırasına Səudiyyə Ərəbistanı, Hindistan, Qətər, Flippin, Dominikan və digər Amerika qitəsi və bir sıra Avropa ölkələrini aid edə bilərik:

“Təbii ki, bu ölkələr hazırda Azərbaycan bazarını öyrənirlər və zaman keçdikcə ölkələrlə ticarət əlaqələri daha da genişlənir və artıq həmin ölkələrdən yeni idxalçılar da Azərbaycan mallarına maraq göstərməyə başlayır.

Hətta həmin ölkələrə qonşu olan ölkələrdən də sifarişlər daxil olmaqa başlayır. Məsələn, ötən illərdə İsrailin ən böyük biyan kökü idxalçısı olan “Licorice Group” şirkəti Azərbaycana dəvət olundu, Azərbaycanda biyan emalı ilə məşğul olan şirkət nümayəndələrinin görüşü təşkil olundu. Artıq Azərbaycandan biyan kökü məhsulu İsrailə uğurla ixrac olunur, həmçinin, İsrailin digər biyan kökü idxalçıları da Azərbaycan malı almaq üçün Azexporta müraciət edib”.

Daha bir yol əsaslı şəkildə təmir edilir

Daha bir yol əsaslı şəkildə təmir edilir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyətə malik küçə və prospektlərində təmir-tikinti işləri davam etdirilir.

Agentlikdən YAZTV-ə bildirilib ki, vətəndaşların rahat gediş-gəlişini təmin etmək, o cümlədən nəqliyyat sıxlığının azaldılması istiqamətində dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsində təmir işləri aparılır.

Sözügedən küçə Biləcəri qəsəbəsinin əsas yollarından biri hesab olunur və qəsəbə sakinlərinin Binəqədi-Biləcəri avromobil yoluna, o cümlədən şəhər mərkəzinə və Sumqayıt şəhəri istiqamətinə rahat gediş-gəlişini təmin edir.

Sözügedən küçə uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunması nəticəsində yol boyu çalalar və torşəkilli çatlar əmələ gəlmişdi. Bu isə gediş-gəlişdə problemlərə səbəb olurdu.

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ümumi uzunluğu 2.7 km, eni isə 12 metr olan yol boyu tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllıqla yenidənqurma və bərpa işləri həyata keçirir.

Artıq layihə çərçivəsində küçənin 1.1 km-lik hissəsində təmir işləri yekunlaşdırılıb. Hazırda küçənin qalan 1.6 km-lik hissəsində əsaslı təmir-tikinti işləri görülür.

Aparılan təmir-tikinti işləri çərçivəsində köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, köhnə səki daşları sökülərək 3.2 km uzunluğunda yeni səki daşları ilə əvəz edilir, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılır, əks-dolğu işləri görülür və hamarlayıcı lay asfalt-beton örtüyü döşənir.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən daha sonra yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülür. Asfaltlanma işləri ümumilikdə 20 min kv.m-ə yaxın sahəni əhatə edir.

Bundan başqa, aparılan təmir işləri zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi də bərpa olunur, yeni yağış barmaqlıqları quraşdırılır, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunur, yol birləşmələri təmir edilir.

Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə müasir yol infrastrukturu yaradılıb vətəndaşların istifadəsinə veriləcək.

Bütün işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır. Təmir-tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Azərbaycan və İndoneziya enerji əməkdaşlığına dair memorandum imzalayacaq

Azərbaycan və İndoneziya enerji əməkdaşlığına dair memorandum imzalayacaq

Azərbaycanın Energetika naziri Pərviz Şahbazov və diplomatik fəaliyyəti başa çatan İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bey Fananie arasında video-konfrans formatında görüş keçirilib.

Energetika Nazirliyindən YAZTV-ə verilən məlumata görə, Energetika naziri Hüsnan Bey Fananienin ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə, o cümlədən enerji əməkdaşlığının inkişafına töhfə verən fəaliyyətini yüksək qiymətləndirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə, həmçinin Azərbaycan və İndoneziyanın enerji sahəsində əməkdaşlığının mövcud vəziyyəti və perspektivlərinə dair müzakirələr aparılıb. SOCAR ilə "Pertamina" şirkəti arasında investisiya və neft-qaz yataqlarının inkişafı üzrə əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Bildirilib ki, "Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İndoneziya Respublikasının Energetika və Mineral Ehtiyatlar Nazirliyi arasında enerji əməkdaşlığına dair Anlaşma Memorandumu" imzalanmaya hazırdır. Sənədin İndoneziyanın Energetika və Mineral Ehtiyatlar nazirinin Azərbaycana səfəri zamanı imzalanmasının məqsədəuyğunluğu diqqətə çatdırılıb.

İqtisadiyyat Nazirliyi: 5336 obyektdə sanitar-epidemioloji tələblər pozulub

İqtisadiyyat Nazirliyi: 5336 obyektdə sanitar-epidemioloji tələblər pozulub

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində monitorinqləri davam etdirir.

Nazirliyin mətbuat xidmətindən YAZTV-ə bildirilib ki, xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə iyulun 4-5-də keçirilən monitorinqlərdə Binəqədi rayonunda “Bizim market”də, “Sev al market”də, “Tayqa mağazası”nda, “Aptek-Azeri Med”də, Xətai rayonunda “Nur market”də, "İslam market”də, “Bazarstore”da, “Sevimli dad” mağazasında, “Bumbuz pivə” ictimai iaşə obyektində, Xəzər rayonunda “Elit market”də, “Elvin Market”də, “Araz Market”də, “Rahat Market”də, “Mərdəkan market”də, “Sərfəli market”də, “Gəncə təndiri” ictimai-iaşə obyektində, Nəsimi rayonunda “Alvadı market”də, “Sünbül market”də, “Zeytun Aptek”də, Səbail rayonunda "Cadoro shop" mağazasında, “Billur market”də, “Continental market”də, “AL market”də, “Express market”də, “Bolmart”da, Yasamal rayonunda “Laləli market”də, “Fuad market”də, “Ləzzət şirniyyat” mağazasında, “32 çeşid ət mağazası”nda, “Əmi oğlanları” meyvə-tərəvəz dükanında, “Köz döner”, “Pakdad dönər” və “Nənəmin təndiri” ictimai-iaşə obyektlərində, “N.MED Center klinika”da, Suraxanı rayonunda “Ballı market”də, meyvə-tərəvəz bazarında, Sabunçu rayonunda “Super market”də, “Seyid market”də, “Kanal market”də, Nərimanov rayonunda “Araz market”də, “Dolu market”də, "İstanbul market”də, “Xəzər market”də, “Metromart” mağazasında, Nizami rayonunda “Grandmart” və “Az Qranata” mağazalarında, “Happy market” və “Oba Market”də, “Dokta Aptek”də, “Zeytun Aptek”də, Qaradağ rayonunda “Turan market”də, Gəncə şəhərində “Al market” və “Oba market”də, Abşeron rayonunda “Zeynəb market”də, “Saf market”də, “Ailə market”də, “El market”də, “Şok market”də, “Gənclik market”də, Şamaxı rayonunda Mehman Eyyubova məxsus “Market”də, Vidadi Qocayevə və Elçin Rəhimova məxsus ət dükanlarında, Elşad Nəcəfova məxsus məişət avadanlıqlarının təmiri xidmət obyektində, Rəvan Qəhrəmanova məxsus “Rose Park Ailəvi Məkan” ictimai-iaşə obyektində, Füzuli rayonunda “Əli Market”də, “Sədərək Ucuzluq” mağazasında, Bərdə rayonunda “Neptun 16” mağazasında, Orxan Bəxtiyarova məxsus ət dükanında, Ramin Cəfərova və İsmayıl İsmayılova məxsus meyvə-tərəvəz dükanlarında, Mübariz Alıyevə məxsus “Yem satışı” mağazasında, Xaçmaz rayonunda "Relax" xidmət obyektində, "Qlobus" məktəb ləvazimatlarının satışı mağazasında, ümumilikdə, monitorinq aparılmış 743 obyektin 277-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.

Nəzarət tədbirləri zamanı xidmət personalının və istehlakçıların qoruyucu vasitələrdən istifadəsinin, sosial məsafənin gözlənilməsinin, marketlərə istehlakçıların məhdudiyyətli girişinin, ticarət obyektinin dezinfeksiyaedici vasitələrlə təmin olunmasının zəruriliyi bir daha sahibkarların diqqətinə çatdırıb və tələblərin pozulması hallarına yol veriləcəyi halda, ciddi tədbirlərin görüləcəyi barədə məlumatlandırılıblar.

Qeyd edək ki, mayın 22-dən iyulun 6-dək monitorinq aparılmış 11 min 291 sahibkarlıq subyektində 5336-da zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb. Monitorinqlər davam edir.

Bakıda ekspress avtobuslar yenidən fəaliyyətə başladı

Bakıda ekspress avtobuslar yenidən fəaliyyətə başladı

Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırıldığından bu gündən etibarən M1, M2, M3, M4, M5, M6 və M7 ekspres xətlərinin fəaliyyəti bərpa olunub.

YAZTV xəbər verir ki, bütün ekspres xətlər üzrə avtobusların iş qrafiki əvvəllər olduğu kimi saat 07:00-dan 20:00-dək müəyyən edilib.

Gündəlik müntəzəm marşrut xətlərinin iş qrafiki isə dəyişməz olaraq qalır. Həm müntəzəm, həm də ekspres marşrut xətləri üzrə avtobuslararası intervallar sərnişin axınına uyğun tənzimlənəcək.

Mövcud epidemik vəziyyətdə sərnişindaşımaların tənzimlənməsində başlıca məqsəd, həyat fəaliyyətinin təmin edilməsi baxımından zəruri hesab olunan sahələrdə (xüsusi xidmət sahələri, ərzaq mağazaları və s.) çalışan vətəndaşların daşınmasını təmin etməkdir.

“Şərq Tərəfdaşlığı” ölkələrinin Telekommunikasiya Tənzimləyiciləri Şəbəkəsinin iclası keçirilib

“Şərq Tərəfdaşlığı” ölkələrinin Telekommunikasiya Tənzimləyiciləri Şəbəkəsinin iclası keçirilib

“Şərq Tərəfdaşlığı” (ŞT) ölkələrinin Telekommunikasiya Tənzimləyiciləri Şəbəkəsinin (EaPeReg) 15-ci plenar iclası “COVID-19” pandemiyası ilə əlaqədar onlayn formatda keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən YAZTV-ə verilən məlumata görə, iclasa 45 iştirakçı – 18 ölkənin telekommunikasiya sahəsi üzrə Tənzimləmə qurumlarının təmsilçiləri (6 ŞT ölkəsi və İsveç, İrlandiya, Almaniya, Polşa, Portuqaliya, Xorvatiya, Macarıstan, Çexiya, Latviya, Litva, Rumıniya, Makedoniya), Beynəlxalq Telekommunikasiya İttifaqı, Avropa Komissiyası, Dünya Bankı və “Ernst & Young” məsləhətçi şirkətinin nümayəndələri qatılıblar.

Videotədbir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin açılış nitqi ilə başlayıb. Nazir müavini ilk növbədə tədbirin keçirilməsinin əhəmiyyətindən danışıb. O, iyunun 18-də “Şərq Tərəfdaşlığı” ölkələrinin videokonfrans formatında keçirilən sammitində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin “Şərq Tərəfdaşlığı”nın fəal tərəfdaşı və Avropa İttifaqı ilə əməkdaşlığın Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən olduğunu qeyd etdiyini iştirakçıların diqqətinə çatdırıb.

Plenar iclasın gündəliyinə əsasən, “EaPeReg”in 2020-ci ilin birinci yarım ili üzrə fəaliyyəti, Ekspert İşçi Qruplarının hesabatları, telekom tənzimləyicilərinin müstəqilliyinin qiymətləndirilməsi və digər məsələlər müzakirə olunub.

Bundan əlavə, Şəbəkənin fəaliyyətinin genişləndirilməsi istiqamətində İşçi qrupların sədrləri tərəfindən müzakirəyə çıxarılan bir sıra təkliflər dinlənilib, müəyyən tövsiyələr verilib.

Tədbirin sonunda “EaPeReg”in növbəti plenar iclasının payızda Polşada keçirilməsi ilkin olaraq qərara alınıb.

Qeyd edək ki, “EaPeReg”in qaydalarına uyğun olaraq Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) Şəbəkənin 2020-ci il üzrə

sədr müavini seçilib və ilin sonuna kimi Şəbəkənin gündəlik fəaliyyətinə rəhbərlik edəcək. NRYTN sədr müavini olaraq “EaPeReg”in plenar iclasının təşkilati məsələlərinə rəhbərlik və ev sahibliyi edib.

KOBİA sahibkarlara müraciət edib

KOBİA sahibkarlara müraciət edib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) KOB dostlarının xidmətlərindən istifadə etmək istəyən sahibkarlara müraciət edib.

KOBİA-dan YAZTV-ə bildirilib ki, müvafiq rayon və şəhərlərdə fəaliyyət göstərən KOB-lar sahibkarlıq fəaliyyəti ilə bağlı dəstək və xidmətlər, o cümlədən pandemiyadan zərərçəkmiş sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri barədə KOB dostlarına onlayn müraciət edə bilərlər. Sahibkarlar KOB dostlarının əlaqə vasitələri ilə bu keçiddən tanış ola bilərlər - https://smb.gov.az/nav/kob-dostu.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2020-ci il 3 iyul tarixli Qərarına uyğun olaraq, sərt karantin rejiminin tətbiq edildiyi bölgələrin sırasına Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları da daxil edilib. Bu rayonlarda, həmçinin daha əvvəl sərt karantin rejiminin tətbiq olunduğu Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək karantin rejimi uzadılıb. Bu şəhər və rayonlarda fəaliyyət göstərən KOB dostları iyulun 20-dək mikro, kiçik və orta sahibkarlıq subyektlərinə məsafədən, onlayn xidmətlər göstərəcək.

İqtisadiyyat Nazirliyi hüquqi və fiziki şəxslərə müraciət edib

İqtisadiyyat Nazirliyi hüquqi və fiziki şəxslərə müraciət edib

Məlum olduğu kimi, “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarı ilə ölkə ərazisində fəaliyyətinə icazə verilmiş iş və xidmət sahələri müəyyən edilib. Həmin sahələrdə çalışan işçilərin işə çıxması üçün icazələrin verilməsi Nazirlər Kabinetinin müvafiq Qərarı ilə müəyyən edilən və Dövlət Statistika Komitəsinin “İqtisadi fəaliyyət növlərinin təsnifatı”na əsasən fəaliyyəti icazə verilən sahələrə uyğun şəkildə işəgötürənlərin “icazə.e-gov.az” portalına müraciəti əsasında həyata keçirilir. İcazələr həmçinin Nazirlər Kabinetinin 2020-ci il 25 iyun tarixli 220 nömrəli Qərarına əsasən işçi sayına məhdudiyyət tətbiq edilmiş fəaliyyət sahələri üzrə tələblər nəzərə alınmaqla verilir.

İcazə sistemindən sui-istifadə hallarının qarşısının alınması, vətəndaşlarımızın infeksiyaya yoluxma riskinin azaldılması məqsədilə öncədən bir neçə dəfə xəbərdarlıq edildiyi kimi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən iyulun 5-dən etibarən, Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarı ilə fəaliyyətinə icazə verilən sahələrə aid olmayan fiziki şəxslərin, habelə işçi heyətinin məhdud şəkildə iş çıxarılmasına olan tələblərə əsaslanaraq bu həddi keçən qurumlar üzrə icazələrin bir hissəsi ləğv olunub. İqtisadiyyat Nazirliyi bir daha hüquqi və fikziki şəxslərin nəzərinə çatdırır ki, icazələrin bir hissəsinin ləğv edilməsi ilə əlaqədar fəaliyyətinə icazə verilən sahələrdə çalışan hüquqi və fiziki şəxslər icaze.e-gov.az portalına daxil olmaqla işçi heyətinin qeydiyyatl ilə bağlı məsələləri müəyyən edilmiş qaydalar çərçivəsində yenidən tənzimləməlidirlər. İcazələrin verilməsi zamanı əmək müqaviləsi ilə çalışan işçilərin sayı və təsnifat kodu əsas götürülür. Növbəti həftə ərzində işə çıxacaq əməkdaşlar barədə məlumatlar işəgötürən tərəfindən əvvəlcədən portala daxil olunmalıdır.

Nazirlər Kabinetinin müvafiq qərarları ilə fəaliyyətinə icazə verilməmiş sahələr üzrə sistemə müraciət edilməsi mümkün deyildir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən fəaliyyətinə icazə verilən və xüsusi karantin rejiminin tətbiq edildiyi şəhər və rayonlarda uçotda olan və ya təsərrüfat subyekti (obyekti) həmin şəhər və rayonlarda yerləşən vergi ödəyicisinin siyahısı “icazə.e-gov.az” portalına daxil edilməsi üçün real vaxt rejimidə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim edilir. İyulun 5-i 17.00-a olan məlumata görə, artıq “icazə.e-gov.az” portalında 38.348 işəgötürən tərəfindən 453.781 işçi sayına icazə alınıb.

İcazələrin tənzimlənməsi ilə bağlı yaranan xüsusi hallar üzrə hüquqi və fiziki şəxslər İqtisadiyyat Nazirliyinə müraciət edə bilərlər.

İşəgötürən tərəfindən portala daxil edildikdən sonra narıncı zonaya aid olan ərazidə hərəkət etmək icazəsi olan şəxslər işəgötürən tərəfindən verilmiş ezamiyyə vərəqələri əsasında həmin zonanı tərk edə bilərlər.

Daha 26 nəfər gəmi ilə Qazaxıstana yola salındı

Daha 26 nəfər gəmi ilə Qazaxıstana yola salındı

COVID-19 pandemiyasının yayılma təhlükəsi səbəbindən sərnişinlər üçün sərhədlərin bağlanmasına görə Azərbaycanda qalan daha 14 Qazaxıstan vətəndaşı və bu ölkədə yaşamaq hüququ olan 11 Azərbaycan və 1 Rusiya vətəndaşı bu gün Qazaxıstana yola salınıblar.

YAZTV-nin məlumatına görə, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin “Professor Gül” bərə gəmisi ilə yola salınan vətəndaşlar hər zaman olduğu kimi ilk olaraq Bakı Limanında COVID-19 pandemiyası ilə bağlı virusa qarşı test keçiblər və testin nəticəsi bütün sərnişinlərdə neqativ çıxıb.

Xatırladaq ki, cari ilin 13 may tarixindən Qazaxıstanda karantin dövründə sərhədin keçilməsinə dair yeni qaydalar qüvvəyə minib və bu səbəbdən Kurık limanı ölkə vətəndaşları və ölkədə yaşamaq icazəsi olan xarici vətəndaşların qəbulunu bərpa edib. Son 2 ay ərzində isə ümumilikdə 140 Qazaxıstan vətəndaşı və 86 xarici ölkə vətəndaşı Bakı Limanından yola salınmışdır.