Monday, 17 Yanvar 2022 04:35
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
ARDNF-nin 2019-cu ildə fəaliyyətinə dair qərarlar qəbul edilib

ARDNF-nin 2019-cu ildə fəaliyyətinə dair qərarlar qəbul edilib

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurası ARDNF-nin 2019-cu ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun (“PraysvoterhausKupers Audit Azərbaycan” MMC) rəyini nəzərə almaqla, ARDNF-nin 2019-cu ildə fəaliyyəti barədə illik hesabatını məqbul hesab edib.

Bu barədə YAZTV-ə ARDNF-dən bildirilib.

Eyni zamanda Müşahidə Şurası müstəqil auditorun və ARDNF-nin 2019-cu il büdcəsinin icrası barədə Hesablama Palatasının rəylərinə əsasən, habelə ARDNF-nin 2019-cu il büdcə gəlirlərinin 19 030,6 milyon manat və yaxud 123,2% səviyyəsində, büdcə xərclərinin isə 11 588,6 milyon manat və ya 99,9% səviyyəsində icra edildiyini nəzərə alaraq, Fondun 2019-cu il büdcəsinin icrasının təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi barədə qərar qəbul edib.

Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2019-cu il tarixli Sərəncamı ilə ARDNF-nin Müşahidə Şurasının 7 nəfərdən ibarət yeni tərkibi təsdiq edilib. ARDNF-nin Müşahidə Şurasına Azərbaycan Respublikasının Baş naziri cənab Əli Əsədov sədrlik edir. Müşahidə Şurasının üzvlərinin sırasına - Azərbaycan Respublikasının Milli Məclis sədrinin müavini Adil Əliyev, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycan Respublikasının Maliyyə naziri Samir Şərifov, Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Elman Rüstəmov daxildir.

Azərbaycanda yeni investisiya fondu yaradıla bilər

Azərbaycanda yeni investisiya fondu yaradıla bilər

“Azərbaycanda daxili və xarici mənbələr hesabına yeni investisiya fondunun yaradılması istiqamətində danışıqlar aparılır”.

YAZTV xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Nazir həmçinin deyib ki, Azərbaycanın tranzit potensialının daha da artması gözlənilir: “Ələtdəki Yeni Bakı limanında Orta Asiyadan yeni növ yüklərin daşınmasına şərait yaradılır. İnanırıq ki, limanın tranzit potensialı daha da artacaq”.

Vergiyə toplanan hər 4 manatdan 3-ü özəl sektordan yığılır - Nazir

Vergiyə toplanan hər 4 manatdan 3-ü özəl sektordan yığılır - Nazir

Vergiyə yığılan hər 4 manatdan 3-ü özəl sektordan yığılır.

YAZTV-nin məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib: "İndiyə qədər tərəfimizdən idarə edilən bir sıra biznes layihələri var. Pandemiya təsiri altında olan bir sıra sahələr müəyyən edilib. Həmin sahələrə pandemiyadan az zərər çəkməsi üçün maliyyə dəstəyi verilib.

"Azərişıq" ölkəyə yeni smartkart qurğuları gətirib

"Azərişıq" ölkəyə yeni smartkart qurğuları gətirib

Bu gün "Azərişıq" ASC ölkəyə gətirdiyi "SMART card reader" cihazlarının təqimatını keçirib.

YAZTV xəbər verir ki, təqdimatı qurumun İnformasiya texnologiyaları departamentinin rəisi Qalib Həmidov edib.

O deyib ki, yeni cihazlar smartkartların ev şəraitində yüklənməsinə şərait yaradacaq: "Bilirsiniz ki, son aylarda koronavirus pandemiyası ilə bağlı ölkəmizdə işlər aparılır. "Azərişıq" olaraq biz də bu işlərə öz töhfəmizi verməyə çalışdıq. Belə ki, "Azərişığ"ın mobil əlavəsinə etdiyimiz yenilikdən sonra "SMART card reader" cihazını telefona qoşmaqla ödəniş etmək olur. Hazırda yalnız android əməliyyat sistemli telefonlar üzərindən bu mümkündür. Amma yaxın günlərdə iOS platforması üzərindən də bunu etmək mümkün olacaq".

"Azərişıq" təmsilçisinin sözlərinə görə, bu avadanlıqlar 300 mindən çox abunəçinin işini asanlaşdıracaq: "Hazırda "Azərişığ"ın 550 minə yaxın smartkart tipli sayğacı olan abunəçisi var. Həmin abunəçilərin istifadəsində olan smartkartlar iki cürdür. Hazırda yalnız onlardan bir qrupu bunu istifadə edə biləcək. Bu isə təxminən 300 mindən bir qədər artıq abunəçi deməkdir. Qarşıdakı günlərdə isə digər növ smartkart sayğaclarında da bunu istifadə etmək mükün olacaq.

Hazırda "SMART card reader"lərdən təxminən 3 000 ədəd gətirilib. Onların qiyməti 18-20 manat civarında olacaq. Abunəçilər bu cihazları "ASAN kommunal" və "ASAN xidmət" mərkəzlərindən əldə edə biləcəklər".

Nazir: Əmək müqavilələrinin sayı 210 min artıb

Nazir: Əmək müqavilələrinin sayı 210 min artıb

2019-cu il yanvarın 1-də qeyri-dövlət qeyri-neft sektorunda 539 min 972 əmək müqaviləsi bağlanıb.

YAZTV xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov iyunun 30-da keçirdiyi brifinqdə deyib.

Nazir qeyd edib ki, cari il iyunun 26-da bu rəqəm 751 min 705 olub. Başqa sözlə desək, qeyri-dövlət qeyri-neft sektorunda 18 ay ərzində əmək müqavilələrinin sayında 210 min artım olub.

“AzerGold” irihəcmli ixrac əməliyyatlarını davam etdirir

“AzerGold” irihəcmli ixrac əməliyyatlarını davam etdirir

Koronavirus (COVID-19) pandemiyası dövründə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydalara uyğun növbəli iş rejimində bütün sahələr üzrə fasiləsiz fəaliyyətini davam etdirir.

QSC-dən YAZTV-ə bildirilib ki, mövcud şəraitdə “AzerGold” alternativ daşınma yolu ilə ikinci irihəcmli ixrac əməliyyatını reallaşdırıb. Qiymətli metalların kəskin qiymət artımı fonunda “Çovdar” filiz emalı sahəsində hasil olunan qızıl və gümüşdən istehsal edilmiş növbəti 36 ədəd gümüş və qızıl qarışıq tərkibli xəlitə İsveçrədə saflaşdırıldıqdan sonra satışa çıxarılıb. Cari il ərzində baş tutan altıncı ixrac əməliyyatı nəticəsində 6 703.97 unsiya qızıl, 15 273.95 unsiya gümüşün satışından, ümumilikdə 12 milyon 84 min 658.62 ABŞ dolları (20 milyon 543 min 919.65 manat) həcmində vəsait ölkə iqtisadiyyatına cəlb edilib. Bununla cari ilin birinci yarımilində həyata keçirilən ixrac əməliyyatları nəticəsində ölkə iqtisadiyyatına cəlb olunan vəsait 43 milyon 250 min 507.23 ABŞ dollarına (73 milyon 525 min 862.29 manat) yüksəlib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 41 faiz artım deməkdir.

Elektron kredit platforması təqdim edilib

Elektron kredit platforması təqdim edilib

Sahibkarlar üçün elektron kredit platformasının təqdimatı olub. Bu gündən platforma sahibkarların ixtiyarına verilir.

YAZTV xəbər verir ki, bu barədə Sahibkarlığın İnkişafı Fondunun idarə heyəti sədri vəzifəsinin icraçısı Samir Hümbətov iyunun 30-da keçirilən brifinqdə deyib.

“Bu platforma biznes kreditlərinin verilməsi üzrə ilk dəfə İqtisadiyyat Nazirliyində yaradılıb. Hazırda 15 bank bu platformaya qoşulub”, - deyə o qeyd edib.

Ötən il SOCAR-ın ümumi dövriyyəsi 83,8 milyard manat olub

Ötən il SOCAR-ın ümumi dövriyyəsi 83,8 milyard manat olub

SOCAR 2019-cu il üçün konsolidasiya edilmiş maliyyə hesabatlarını açıqlayıb.

Şirkətdən YAZTV-ə bildirilib ki, hesabat ilində SOCAR-ın ümumi dövriyyəsi (gəlirləri) 83,8 milyard manat təşkil edib. Bu göstəricinin mühüm hissəsi üçüncü tərəflərin neft və neft məhsulları ilə aparılan ticarət əməliyyatlarının payına düşür. Ötən il üçüncü tərəflərdən alınıb-satılan xam neft və neft məhsullarının ümumi dövriyyəsinin məhdudlaşdırılmasına baxmayaraq, ticarət əməliyyatlarının effektivliyi və onların mənfəət nisbəti artırılıb.

Yeni qatarların ikisi bu gün xəttə buraxıldı - FOTOLAR

Yeni qatarların ikisi bu gün xəttə buraxıldı - FOTOLAR

Bu ayın əvvəlində Rusiyadan gətirilərək Bakı metropoliteninin vaqon parkına əlavə edilmiş daha 4 yeni qatardan ikisi artıq xətdədir. Ötən müddət ərzində 81-765.B/766.B seriyalı yeni ən son nəsil vaqonların “Nərimanov” elektrik deposunda sazlanması və sınaqları üzrə işlər tamamlanaraq, istehsalçı "Transmaşholdinq" Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan "Metrovaqonmaş” müəssisəsinin müvafiq razılığı alınaraq, aktlaşdırılıb və “Bakı Metropoliteni” QSC sədrinin əmri ilə xəttə buraxılıb.

YAZTV xəbər verir ki, bununla hazırda metropoliten xətlərində hərəkət edən ən müasir tipli vaqonlardan ibarət qatarların sayı 13-ə çatdırılıb.

Digər iki qatarda sazlama işləri tamamlanmaq üzrədir. Yaxın günlərdə müvafiq sınaq və tənzimlənmə tədbirlərindən sonra hər iki qatarın xəttə verilməsi gözlənilir.

Mikayıl Cabbarov: Sənaye zonalarında yeni müəssisələr açılacaq

Mikayıl Cabbarov: Sənaye zonalarında yeni müəssisələr açılacaq

Ölkəmizdə fəaliyyət göstərən sənaye zonalarında yeni müəssisələr açılacaq.

YAZTV xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov iyunun 30-da keçirdiyi mətbuat konfransında deyib.

"Sumqayıt Kimya Sənaye Parkında (SKSP) 150-200 milyon dollarlıq layihələrin başlanması üçün danışıqlar aparılır. Sentyabrda SKSP-da yeni nəsil layihələrə başlanıla bilər”, - deyə nazir qeyd edib.

"AzerTelecom"un rəhbər heyətində yeni təyinatlar olub

"AzerTelecom"un rəhbər heyətində yeni təyinatlar olub

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provayderi "AzerTelecom" şirkətin rəhbərliyində yeni təyinatlar olub.

Bu barədə YAZTV-ə şirkətdən bildirilib.

Belə ki, 2017-cı ildən "AzerTelecom" şirkətinin baş icraçı direktoru Fuad Allahverdiyev şirkətin Direktorlar Şurasının sədri vəzifəsinə təyin edilib. Digər qərara əsasən isə şirkətin baş icraçı direktoru vəzifəsinə 2018-ci ildən "AzerTelecom"un baş icraçı direktorunun əməliyyatlar üzrə müavini Ana Nakaşidze təyin olunub.

“Qlobal, regional və lokal miqyasda etibarlı tərəfdaş kimi tanınan "AzerTelecom" şirkəti son illərdə mühüm uğurlara imza atıb, ölkənin dayanıqlı və sürətli internet xidməti ilə təmin olunmasına öz töhfəsini verməkdədir. Biz Azərbaycanın İKT sektorunun dayanıqlı inkişafına və ölkəmizin regional rəqəmsal mərkəzə çevrilməsinə istiqamətlənən layihələrin reallaşdırılmasını davam etdirəcəyik. Mən yeni baş icraçı direktor xanım Ana Nakaşidzeyə fəaliyyətində uğurlar arzulayıram və onun şirkətimizin inkişafına töhfə verəcəyinə inanıram”, - deyə Fuad Allahverdiyev qeyd edib.

“"AzerTelecom" şirkəti internet xidməti təminatçıları və bazarda fəaliyyət göstərən operatorlara yüksək keyfiyyətli və dayanıqlı xidmətlər göstərməklə Azərbaycanda bu sahənin inkişafında mühüm rola sahibdir və bundan sonra da bu inkişafda vacib rol oynamağı planlaşdırır. Qlobal internet xidmətləri hər bir iqtisadiyyatın uğuru üçün həyati əhəmiyyətli bir faktora çevrildiyindən şirkətimiz hazırkı dəyişən çağırışlar və imkanlar mühitində inkişaf üçün davamlı şəkildə yeni imkanları araşdırır. Mən inanıram ki, bu illər ərzində şirkətimizin böyüməsini dəstəkləyən heyətimiz hazırkı çağırışlar dönəmində də mühüm nailiyyətlər qazanacaqdır”, - deyə Ana Nakaşidze bildirib.

"AzerTelecom" Azərbaycanın telekommunikasiya operatorudur. Şirkət ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan "Bakcell" şirkətinin törəmə müəssisəsidir. "AzerTelecom" Azərbaycanı beynəlxalq internet şəbəkəsi ilə birləşdirir və telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir. Hazırda "AzerTelecom" şirkəti Azərbaycanın rəqəmsal mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” (ADH) proqramını icra edir.

Bakı metrosunda yeni vaqonların sayı 65-ə çatdırıldı

Bakı metrosunda yeni vaqonların sayı 65-ə çatdırıldı

"Bakı Metropoliteni" QSC bu gün 2 yeni qatarını xəttə buraxacaq.

Bunu YAZTV-ə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, həmin qatarlar "Həzi Aslanov" - "Dərnəgül" istiqamətində hərəkət edəcək.

"Digər iki qatarın da xəttə buraxılması üçün sazlanma işləri gedir. Təxminən iyulun ilk yarısında onlar da sərnişinlərin istifadəsinə veriləcək", - metro rəsmisi qeyd edib.

Xatırladaq ki, hazırda metronun vaqon parkı 280 vaqondan ibarətdir. Onun 55-i yeni nəsil vaqonlardır. Bu gün xəttə çıxacaq vaqonlarla birlikdə bu say 65-ə çatdırılacaq. Növbəti qatarlarla birlikdə isə bu rəqəm 75 olacaq.

Ötən ilin oktyabr ayında "Bakı Metropoliteni" Rusiyanın ”Transmaşholdinq” QSC-yə daxil olan “Metrovaqonmaş” ASC ilə yeni vaqonların (qatarların) alınmasına dair yeni müqavilə imzalayıb. Müqavilənin şərtinə görə, qarşıdakı 3 ildə, hər il 20 vaqon yaxud 4 qatar olmaqla ümumilikdə, 60 vaqon və yaxud 12 qatarın Bakıya gətirilməsi nəzərdə tutulub.