Monday, 17 Yanvar 2022 04:53
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
İstanbul-Bakı istiqamətində ekonom sinif üzrə biletin qiyməti 374 manat təşkil edir

İstanbul-Bakı istiqamətində ekonom sinif üzrə biletin qiyməti 374 manat təşkil edir

İyunun 26-da AZAL Bakı-İstanbul-Bakı reysi üçün biletlərin satışına başlanılıb. Təəssüf ki, sosial şəbəkələrdə kənar saytlar tərəfindən biletlərin baha qiyməti əks olunan şəkillər yayılıb.

AZAL-ın mətbuat xidmətindən YAZTV-ə bildirilib ki, İstanbul-Bakı istiqamətində AZAL aviaşirkətinin ekonom sinif üzrə biletinin qiyməti 374 manat təşkil edir.

Bundan əlavə, xaricdə təhsil alan azərbaycanlı tələbələr üçün Bakı-İstanbul və İstanbul-Bakı reyslərində AZAL aviabiletlərə 30 faiz endirim təqdim edir.

AZAL sərnişinlərinə bilet alarkən aviaşirkətin rəsmi saytından istifadə etməyi, biletlərin qiyməti ilə bağlı təxribatlara və qeyri-dəqiq məlumatlara uymamağı tövsiyə edir. Bəzi hallarda, biznes-sinif biletlərinin qiyməti bilərəkdən ekonom sinif biletinin qiyməti kimi göstərilib.

Yuxarıda göstərilənləri nəzərə alaraq, aviaşirkət, təxribatçı hərəkətləri, yəni bilərəkdən qeyri-dəqiq sosial əhəmiyyət daşıyan məlumatların yayılmasını araşdırmaq üçün hüquq-mühafizə orqanlarına müraciət etmək hüququnu özündə saxlayır.

Bu il 571 şəxs daimi yaşamaq üçün Azərbaycana gəlib

Bu il 571 şəxs daimi yaşamaq üçün Azərbaycana gəlib

2020-ci ilin yanvar-aprel aylarında 571 şəxs daimi yaşamaq üçün Azərbaycana gəlib.

Bu barədə YAZTV-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 571 nəfər Azərbaycana gələn, Azərbaycandan isə 328 nəfər gedən qeydə alınıb.

Ölkə üzrə miqrasiya saldosu müsbət 243 nəfər təşkil edib.

Bakıda yeni yarımstansiya tikilib

Bakıda yeni yarımstansiya tikilib

Bakı şəhəri və ətraf qəsəbələrin sosial, iqtisadi, sənaye və digər sahələrin sürətli inkişafını, əhalinin, o cümlədən son illərdə tikilən çoxmənzilli binaların elektrik enerjisinə artan tələbatını qarşılamaq üçün “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti sistem əhəmiyyətli 220/110/10 kilovoltluq tam yeni yarımstansiya tikib.

Qurumdan YAZTV-ə verilən məlumata görə, Baki şəhərinin şimal hissəsindəki 110 kilovoltluq yarımstansiyaları qidalandırmaqla yanaşı paytaxtdakı sistem əhəmiyyətli mövcud 220 kilovoltluq yarımstansiyaların yükünü azaltmağa, bununla da qəzaların qarşısını almağa, itkiləri azaltmağa, dayanıqlığı və etibarlığı artırmağa xidmət edəcək “Böyükşor” adlanan yeni 220 kilovoltluq yarımstansiya istehlakçıların normalara uyğun keyfiyyətli elektrik enerji ilə təchizatında müstəsna rol oynayacaq. Atmosfer şəraitinin təsirinə məruz qalmamaq, ətraf mühiti qorumaq və daha az yer tutmaq üçün qapalı şəraitdə, tam müasir üslubda tikilən “Böyükşor” yarımstansiyasında 3 ədəd 250 meqavolt amper gücündə transformator, 220 və 110 kV-luq qapalı paylayıcı qurğular tikilib. Yarımstansiya məsafədən idarə olunan SCADA dispetçer idarəetmə sisteminə qoşulacaq.

“Böyükşor” yarımstansiyasının sistemə qoşulması ilə Abşeron enerji qovşağını qidalandıran 220 kilovoltluq hava xətlərinin yüklənməsinin, həmçinin bu xətlərdə olan itkilərin azalmasına nail olunacaq. Onu da qeyd edək ki, “Böyükşor” yarımstansiyası qurularkən perspektiv sosial-iqtisadi inkişaf, əhalinin artan tempi nəzərə alınıb.

Qeyd edək ki, son iki ilə qədər Bakı və Abşeron yarımadasında cəmi beş ədəd 220 kilovoltluq yarımstansiya fəaliyyət göstərirdi ki, onların da dördü istismar müddətini başa vurmuşdu. Son iki ildə isə Böyükşor və “Şimal” Elektrik Stansiyasının ərazisində qapalı tipli iki yarımstansiya tikilərək 220 kilovoltluq yarımstansiyaların sayı yeddiyə çatdırılıb.Eyni zamanda istismar müddətini bitirən sistem əhəmiyyətli dörd ədəd 220 kilovoltluq yarımstansiyanın ikisində yenidənqurma işi tamamlanıb, digər iki yarımstansiyada isə yaxın aylarda tamamlanacaq.

"Azərişıq" gücləndirilmiş iş rejiminə keçib

"Azərişıq" gücləndirilmiş iş rejiminə keçib

Ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq “Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə YAZTV-ə qurumun mətbuat xidmətindən məlumat verilib.

İstehlakçılardan yaranan qəza halları ilə bağlı çağrı mərkəzinə müraciət etmələri xahiş olunur: "İstehlakçılardan xahiş edirik ki, yaranan hər hansı çətinliklə bağlı müraciətlərini rəsmi Facebook və Instagram səhifələrimizə, whatsapp nömrəmizə və 24 saat fasiləsiz xidmət göstərən “199” Çağrı Mərkəzimizə yönləndirsinlər".

Bakıda tıxaca səbəb olan əsas yollar genişləndirildi

Bakıda tıxaca səbəb olan əsas yollar genişləndirildi

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7-ci kilometrliyində, Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə metronun “Avtovağzal” stansiyası arasındakı ərazidə əsas yolun hərəkət hissəsi genişləndirərək zolaqların sayı 4-ə çatdırılıb.

YAZTV xəbər verir ki, bu barədə Prezident İlham Əliyevə Bakının Xətai rayonu, Neapol küçəsində yeni yerüstü piyada keçidinin açılışında məlumat verilib.

Bildirilib ki, Bakı şəhərinin şimal girişində xüsusən günün pik saatlarında yaşanan tıxacların aradan qaldırılması məqsədilə icra edilən bu layihə çərçivəsində “20 Yanvar” dairəsində yolun hərəkət hissəsi 10 metrə qədər, magistral yol Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından keçən hissədə isə hər iki istiqamət üzrə 1 hərəkət zolağı enində genişləndirilib.

Qeyd edək ki, 2018-2019-cu illərdə Bakıda və şəhərətrafı yollarda, həmçinin magistrallarda 7 yerüstü və yeraltı piyada keçidi istifadəyə verilib. 2020-ci ilin əvvəlindən indiyədək paytaxtda Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsində yeraltı piyada keçidi, Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində və Neapol küçəsində yerüstü piyada keçidləri inşa olunub. Hazırda Azadlıq prospekti, Qala-Pirallahı, Mərdəkan-Buzovna, Bakı-Sumqayıt yollarında və digər ərazilərdə piyada keçidlərinin inşası yekunlaşmaq üzrədir. Bundan başqa, bir neçə yerdə isə bu cür qurğuların tikintisi davam etdirilir.

Azərbaycan 5 ayda Körfəz ölkələrindən ən çox İrana məhsul göndərib

Azərbaycan 5 ayda Körfəz ölkələrindən ən çox İrana məhsul göndərib

Cari ilin yanvar-may aylarında Azərbaycanın ən çox məhsul ixrac etdiyi Körfəz ölkələri sırasında ilk üçlükdə İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətər qərarlaşıb.

YAZTV Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, İrana ixracın dəyəri 13 milyon dollar, BƏƏ-yə 4,5 milyon dollar, Qətərə isə 939 min dollar olub. İran və Birləşmiş Ərəb Əmirliklərinə ixracın dəyərində azalma, Qətərə isə artım müşahidə edilib.

“Bibiheybət yolu” açıldı

“Bibiheybət yolu” açıldı

Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Bibiheybət məscidi istiqamətində olan yol açılıb.

Bunu YAZTV-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, yol dünən gecədən istifadəyə verilib:

“Dünən gecə yol asfaltlandıqdan sonra istifadəyə verilib. Yoldan şəhərə giriş-çıxış tam bərpa olunub”.

Qeyd edək ki, 2019-cu il noyabrın 24-də Bakının Səbail rayonu, Bibiheybət məscidinin yaxınlığında torpaq sürüşməsi olub və yol yararsız vəziyyətə düşüb. Hadisə şəhərin mərkəzinə doğru gedən istiqamətdə baş verib. Nəticədə yolun asfalt qatı dağılıb. Uçqun təxminən 250-300 metrlik ərazini əhatə edib.

Azərbaycan vətandaşları üçün şəxsi sığorta kabineti yaradılıb

Azərbaycan vətandaşları üçün şəxsi sığorta kabineti yaradılıb

Azərbaycanda COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması ilə bağlı çağırışlar, bu istiqamətdə Mərkəzi Bankın qərar və tövsiyyələri elektron xidmət vasitələrindən istifadənin əhatə dairəsini genişləndirib.

Bu barədə YAZTV-ə İcbari Sığorta Bürosundan məlumat verilib.

Bildirilir ki, sığorta sektorunun inkişafı üçün Mərkəzi Bankın hazırlamış olduğu layihələrin tərkib hissəsi kimi sığorta xidmətlərinə əlçatanlığın təmin edilməsi məqsədi ilə elektronlaşma hədəflərinin yerinə yetirilməsi üzrə İcbari Sığorta Bürosu (İSB) işləri uğurla davam etdirir. Bu məqsədlə İSB sığorta şəhadətnamələri və sığorta hadisələri barədə məlumatların elektron qaydada əldə edilməsi üçün elektron şəxsi kabinet xidmətini vətəndaşların istifadəsinə təqdim edib.

Şəxsi kabinetdən istifadə etmək üçün vətəndaş ilk növbədə İSB-nin rəsmi internet səhifəsinə (www.isb.az) daxil olaraq, “E-xidmət” bölməsindən öz elektron imza avadanlığına uyğun olan “Asan İmza” və ya “e-İmza” düymələrindən birini seçir. Seçdiyi elektron imza növü vasitəsi ilə sistemə daxil olur və şəxsi sığorta kabinetinin “Sığorta məlumatlarım” menyusunda şəhadətnamələrini görür.

Beynəlxalq təcrübəyə əsaslanan şəxsi sığorta kabineti vətəndaşlara sığorta sirri, fərdi məlumatların məxfiliyinin qorunması kimi üstünlüklər verməklə yanaşı sığorta hadisələri zamanı vaxt itkisinin qarşısının alınmasına da kömək edəcəkdir.

Şəxsi sığorta kabinetində ilkin olaraq elektronlaşmış iki sığorta növü – “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta” üzrə məlumatların əldə edilməsi mümkündür.

Vətəndaşlar şəxsi sığorta kabinetinə daxil olaraq avtomobillərinin icbari sığorta tarixçəsi, həmçinin sığorta şəhadətnamələrinin müddəti barədə məlumat əldə edə bilərlər.

Vətəndaşlarımız İSB-nin istifadəyə verdiyi elektronlaşdırılmış digər sığorta növü üzrə işəgötürən tərəfindən hansı dövr ərzində sığortalandığı, müvafiq sığorta məbləği, ödənilən sığorta haqqı və s kimi ətraflı məlumat əldə edə bilərlər. Bu növ üzrə sığorta təminatının mövcud olub-olmaması qeyd olunan kabinetdə öz əksini tapmaqdadır.

Qeyd edək ki, İSB-nin informasiya sistemində 5 icbari sığorta növü mövcuddur: “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”, “Daşınmaz əmlakın icbari sığortası”, “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası”, “Sərnişinlərin icbari fərdi qəza sığortası” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta.” Bu növlərin ikisi artıq elektronlaşdırılaraq istifadəyə verilib, digər növlərin elektronlaşdırılması istiqamətində Mərkəzi Bank və İSB intensiv işlər aparmaqdadır və yaxın vaxtlarda yeniliklərin içtimaiyətə təqdim edilməsi nəzərdə tutulur.

 
Maskasız sərnişinlər metroya buraxılmayacaq

Maskasız sərnişinlər metroya buraxılmayacaq

İyunun 21-i saat 00:00-dan etibarən iyulun 5-dək davam edəcək sərt karantin rejimində “Bakı Metropoliteni” QSC gücləndirilmiş iş rejimində çalışacaq.

Bunu YAZTV-ə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

B.Məmmədovun sözlərinə görə, gün ərzində sərnişin sıxlığı ilə bağlı məlumatlar monitorinq edilərək müvafiq qərarlar veriləcək:

“Əvvəlki günlərdə də olduğu kimi sərt karantin günlərində də Bakı metrosu səhər saat 06:00-dan gecə yarısı saat 00:00-a kimi sərnişinlərin ixtiyarında olacaq. Fəaliyyətimizi Nazirlər Kabineti yanında Operativ Qərargahın qaydalarına, həmçinin tələb və tövsiyələrinə uyğun qurmuşuq. Qoruyucu maskadan istifadə etməyən sərnişinlər birmənalı olaraq stansiyalara buraxılmayacaq. Biz həmçinin sərnişinlərimizə tövsiyə edirik ki, stansiyalarda və vaqonlarda olarkən sosial məsafəni qorusunlar, fərdi gigiyena qaydalarına riayət etsinlər”.
Metropoliten sözçüsü sərt karantin rejimi dövründ icazəsi olmayan sərnişinlərin metroya buraxılmaması ilə bağlı qərarın da polis tərəfindən veriləcəyini qeyd edib.

Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti 19 iyun 2020-ci il tarixli 207 nömrəli Qərarı ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 1 avqust 2020-ci il saat 00:00-dək uzadılmasını qərara alıb.
Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Qərarına əsasən, bu ərazilərdə 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-a qədər bir sıra məhdudiyyətlər tətbiq olunur. Lakin həmin Qərarın əlavəsinin 3.4. bəndinə əsasən, ictimai nəqliyyatın, o cümlədən Bakı Metropoliteninin fəaliyyətinə icazə verilir.

Bakıda marşrutlarda sərnişin sayı 45 faiz azalıb

Bakıda marşrutlarda sərnişin sayı 45 faiz azalıb

Sərt karantin rejiminin tətbiq olunması ilə əlaqədar müntəzəm marşrut xətləri üzrə gündəlik sərnişin axınında azalma müşahidə olunur.

Bu barədə YAZTV-ə Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev deyib.

Onun sözlərinə görə, iyunun 22-də 677 mindən artıq sərnişin səfər sayı qeydə alınıb ki, bu da ötən həftənin ilk iş günü ilə müqayisədə 45 % azalma deməkdir:

"Buna baxmayaraq marşrutlar üzrə gündəlik xəttə çıxan avtobusların sayı olduğu kimi saxlanılıb. Gündəlik olaraq xətələrə 1700-1900 avtobus çıxarılır. Sərnişin təlabatına müavfiq olaraq zərurət olan xətlər üzrə əlavə sayda avtobuslar cəlb edilir. Xəttə çıxan avtobus sayının və avtobuslararası intervalın sərnişin axını və mövcud pandemiya şərtləri nəzərə alınmaqla tənizmlənməsi ilə bağlı daşıyıcılara tapşırıq verilib".

Azərbaycanda minik avtomobilinin istehsalı azalıb

Azərbaycanda minik avtomobilinin istehsalı azalıb

Cari ilin yanvar-may aylarında ölkədə 672 və ya ötən ilin müvafiq dövrünə nisbətən 248 ədəd az minik avtomobili istehsal olunub.

Dövlət Statistika Komitəsindən YAZTV-ə bildirilib ki, 5 ayda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 127,7 milyon manatlıq məhsul istehsal edilib. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,3 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı 37,6 faiz artıb, maşın və avadanlıqların istehsalı isə 8,2 faiz azalıb.

Nazirlik gücləndirilmiş rejimdə işləyəcək

Nazirlik gücləndirilmiş rejimdə işləyəcək

Nazirlər Kabinetinin 19 iyun tarixli müvafiq qərarı ilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində tətbiq olunan sərtləşdirilmiş karantin rejimi günlərində (2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək) də əhali dayanıqlı nəqliyyat, telekommunikasiya və poçt xidmətləri ilə təmin ediləcək.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən YAZTV-ə verilən məlumata görə, nazirlik həmin günlərdə əhalinin nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri, radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsinə dair tabeli qurumlara, rabitə birlik və müəssisələrinə, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verib.

Məsul növbətçilər təşkil edilməklə nəqliyyat, telekommunikasiya, radio-televiziya yayımının fasiləsiz və keyfiyyətli işinin təmin edilməsi, kabel və xətt zədələnmələrinin operativ aradan qaldırılması üzrə müvafiq tədbirlər görüləcək.

Respublika üzrə bütün telekommunikasiya qovşaqları, poçt şöbələri, “Şəbəkə” xidmət mərkəzləri fəaliyyətini davam etdirəcək.

Nazirliyin Aparatında, strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda vəzifə funksiyalarını evdə yerinə yetirmələri mümkün olan işçilər onlayn rejimində işə cəlb olunacaqlar. Texniki dəstək göstərən əməkdaşlar isə növbəli qrafiklə çalışacaqlar. Nazirliyin Aparatında və qurumlarında koronavirusun profilaktikası üzrə bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir. İşçilər mütəmadi olaraq zəruri sayda fərdi qoruma vasitələri (tibbi maskalar, əlcəklər) ilə təmin edilirlər.

Vətəndaşlardan qarşılaşdıqları müvafiq problemlərlə bağlı “1655” nömrəli “Qaynar xətt”lə əlaqə saxlamaları xahiş olunur.