Saturday, 04 Dekabr 2021 18:38
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
“Azərenerji” SCADA idarəetmə sistemini yeniləyir

“Azərenerji” SCADA idarəetmə sistemini yeniləyir

Enerjisistemin müasir avadanlıqlar və proqram təminatı ilə təchiz ediləcək yeni SCADA sistemi qurulur. Yeni sistem əsas və Ehtiyat Dispetçer İdarəetmə Mərkəzindən, 7 Regional Monitorinq Mərkəzindən ibarət olmaqla, ilkin mərhələdə 21 elektrik stansiyasını və 70 yarımstansiyanı əhatə edəcək.

Bu barədə YAZTV-ə məlumat verən “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev bildirib ki, artıq yeni SCADA sisteminə qoşulacaq enerji obyektlərində müvafiq işlər aparılıb, o cümlədən, yeni avadanlıqların yerləşəcəyi obyektlərdə otaqların təmir-bərpa işləri yekunlaşdırılıb.

Yeni SCADA sistemi layihəsi çərçivəsində müasir dispetçer telefon rabitəsi yaradılır və təhlükəsizlik sistemi isə kiberhücumlara qarşı tam cavab verə biləcək səviyyədə qurulur. Rabitə və telekommunikasiya avadanlıqları xarici ölkələrdən gətirilir. Ümumi uzunluğu 1300 km olacaq əlavə fiber-optik kabelin çəkilişi davam edir. Yeni radiorabitə sisteminin təkmilləşdirilməsi üzrə işlər aparılır.

İsveçrənin ABB şirkəti ilə bağlanmış Müqavilənin şərtlərinə uyğun olaraq 1 avqust 2019-cu il tarixindən layihənin icrasına başlanılıb və yeni SCADA layihəsinin 31 dekabr 2020-ci il tarixində tam başa çatdırılması nəzərdə tutulur.

Yenilənəcək SCADA sistemi müasir idarəetməni nəzərdə tutur və tam avtomatlaşdırılır. Bununla etibarlılıq və təhlükəsizliyi gücləndirilməklə yanaşı qonşu ölkələrin sistem operatorlarının istifadə etdikləri SCADA sistemlərinin məlumat mübadiləsinin, o cümlədən idxal-ixrac əməliyyatlarının yüksək səviyyədə təmin edilməsinə bilavasitə dəstək olur.

“Laçın” tankeri ilk səfərinə yollanıb

“Laçın” tankeri ilk səfərinə yollanıb

Azərbaycanın ilk milli istehsalı olan “Laçın” tankeri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gəmiqayırma Zavodunda tikilib və artıq ilk səfərini həyata keçirir.

YAZTV”nin SOCAR-a istinadən verdiyi məlumata görə, dizel yanacağı ilə yüklənmiş tanker Bakı limanından Kulevi limanına istiqamət alıb. Oradan isə Türkiyəyə doğru yola düşəcək.

Qeyd edək ki, daimi heyəti 14 nəfərdən ibarət gəmi bundan sonra Qara və Aralıq dənizləri hövzələrində maye yükdaşımalar həyata keçirəcək.Tankerin uzunluğu 141, eni 16,9 metrdir.

 “Laçın” gəmisinin istismarına başlanması ilə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO)  Xəzərdən kənarda üzən gəmilərinin sayı 15-ə çatıb. Onlardan 12-i quru yük, 3-ü tankerdir.

Daha bir yol yenidən quruldu - FOTOLAR

Daha bir yol yenidən quruldu - FOTOLAR

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun “20 Yanvar” – “Masazır” dairələri arasında yerləşən hissəsində hər iki istiqamət üzrə aparılan genişləndirmə və yenidənqurma işləri çərçivəsində “20 Yanvar” dairəsi ətrafında aparılan təmir-tikinti işləri yekunlaşdırılıb.

YAZTV xəbər verir ki, aparılan yenidənqurma işləri çəçivəsində “20 Yanvar” dairəsi ətrafında yaşanan sıxlığın aradan qaldırılmasına nail olmaq üçün “20 Yanvar” metrostansiyanın Moskva prospekti ilə Müzəffər Həsənov küçəsinin kəsişməsində olan çıxışının istiqaməti dəyişdirilərək yolun hərəkət hissəsi 10 m-ə qədər genişləndirilib. Nəticədə əlavə hərəkət zolağı yaradılıb və Moskva prospektindən daim sağa hərəkət təmin edilib. Bundan başqa “20 Yanvar” dairəsinin ölçüləri hər bir istiqamət üzrə 8-10 metr kiçildilərək “oval” formaya salınıb.

Layihə çərçivəsində “20 Yanvar” dairəsinə gələn və çıxan yollarda da genişləndirmə və təmir işləri aparılıb. Belə ki, dairədən Moskva prospektinin əsas yoluna doğru və əks istiqamətdə yolun hərəkət hissəsi 1 hərəkət zolağı enində genişləndirilib. Bundan başqa aparılan təmir-tikinti işləri zamanı Müzəffər Həsənov küçəsinin “20 Yanvar” dairəsindən Abbas mirzə Şərifzadə küçəsinə qədər olan hissəsi əsası şəkildə təmir edilib. Təmir işləri zamanı asfalt-beton örtüyün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə yolun yararsız qruntu qazılaraq çıxarılb, əks-dolğu işləri görülüb və yeni yol əsası inşa edilib və küçə boyu 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.

Anoloji təmir-tikinti işləri Həsən bəy Zərdabi küçəsinin “20 Yanvar” dairəsi - Heydər Hüseynov küçəsi arasında yerləşən hissəsində, həmçinin Ziya Bünyadov prospektinin “20 Yanvar” dairəsindən giriş hbissəsində də aparılaraq yekunlaşdırılıb. Artıq sözügedən hissədə aparılan təmir işləri səbəbindən hissə-hissə məhdudlaşdırılan hərəkət tam olaraq bərpa edilib.

Ümumilikdə “20 yanvar” dairəsi və dairə ətrafı yollarda aparılan təmir-tikinti işləri zamanı 4 min kub.metr əks-dolğu işləri görülüb, 19 min kv.m-ə yaxın sahəyə asfalt-beton örtüyünün alt layı, 39 min kv.m-ə yaxın sahəyə isə örtüyün üst layı döşənib, 4 yağış barmaqlığı və 37 kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunub.

Yenidənqurma işləri çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkətində də müəyyən dəyişiklik edilib. Belə ki, Müzəffər Həsənov küçəsindən birbaşa olaraq “20 Yanvar” dairəsinə giriş məhdudlaşdırılıb. Nəqliyyat vasitələrinin axını Həsən bəy Zərdabi küçəsinə yönəldilib. Artıq sözügedən küçədə təkmilləşdirilmiş geridönmə hissədən istifadə olunmaqla dairəyə doğru hərəkət etmək mümkündür. Bu addımın atılmasında məqsəd dairədə yaranan və ləngimələrə səbəb olan konflikt nöqtələrin sayını azaltmaqdır.

Yenidənqurma işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini rəhbərliyinin birbaşa nəzarəti altında aparılıb. Bunun üçün əraziyə kifayət qədər texnika və canlı qüvvə cəlb olunmuşdu.

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

YAZTV-nin məlumatına görə, mayın 21-də qızılın qiyməti mayın 20-i ilə müqayisədə 8,237 manat azalaraq 1 unsiya üçün 2962,1 manat təşkil edib.

Gümüş 3,934 manat ucuzlaşaraq 1 unsiya üçün 29,3508 manata bərabər olub.

Platinin qiyməti 6,307 manat artaraq 1431,247 manat, palladiumun qiyməti 11,883 manat artaraq 3484,193 manat təşkil edib.

ADIF “Amrahbank” və “Atabank”ın kreditorlarına müraciət edib

ADIF “Amrahbank” və “Atabank”ın kreditorlarına müraciət edib

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu "Amrah Bank" və "Atabank" ASC-lərin kreditorlarına müraciət edib.

YAZTV-nin məlumatına görə, müraciətdə deyilir:

“Banklar haqqında” qanunun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:

- kreditorun adı və ünvanı;

- tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;

- tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.

“Amrahbank” və “Atabank” ASC-lərin kreditorlardan xahiş olunur ki, 1 iyul 2020-ci il tarixinə qədər kreditor tələbinin qeydiyyata alınması üçün aşağıda qeyd olunan ünvana müraciət etsinlər:

Bakı şəhəri, Xocalı prospekti 36 A, “Amrahbank”ın baş ofisi. Əlavə məlumat üçün əlaqə nömrəsi: (+99412) 480-28-39.

Bakı şəhəri, Şəmsi Bədəlbəyli küçəsi 102, “Atabank”ın baş ofisi. Əlavə məlumat üçün əlaqə nömrələri: (+99412) 497-87-00.

Bugünkü valyuta hərracında tələb 55,5 milyon dollar olub

Bugünkü valyuta hərracında tələb 55,5 milyon dollar olub

Mayın 19-da Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

AMB-dən YAZTV-ə bildirilib ki, hərracda tələb 55,5 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Manatın ortaçəkili məzənnəsi isə 1,7000 səviyyəsində formalaşıb.

Fermerlərə 7 milyon manat ödəniş edilib

Fermerlərə 7 milyon manat ödəniş edilib

Yazlıq əkinlərinə görə bəyanları monitorinqdən keçən 17 min fermerə 7 milyon manat ödəniş edilib.

Kənd Təsərrüfatı Nazirliyindən YAZTV-ə verilən məlumata görə, bu, yazlıq əkinlər üçün edilən ilk ödənişdir.

Bu ildən etibarən kənd təsərrüfatı məhsulları istehsalçılarının (fermerlərin) subsidiyalara müraciəti və onlara bu sahədə göstərilən xidmətlər yeni “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na əsasən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) vasitəsilə onlayn qaydada həyata keçirilir. Bu günədək EKTİS-də 500 mindən çox fermer qeydiyyatdan keçib. Fermerlərin əkin bəyanlarını düzgün və vaxtında təqdim etmələri onların subsidiya almalarını tezləşdirir.

Qeyd edək ki, EKTİS-də yerləşdirilmiş məlumatlar bir neçə üsulla monitorinq aparmaqla yoxlanılır. Belə ki, əkin sahələri barədə peykdən alınan məlumatlar, yerində monitorinqlər və elektron sistemdə mövcud olan digər sənədlərin çarpazlaşdırılaraq yoxlanması fermerlərin subsidiya müraciətlərinin doğruluğunu qiymətləndirmək imkanı verir. Məlumatlarda heç bir yanlışlıq olmaması, subsidiya müraciətinin tez təsdiqlənməsinə və ödənişlərin dərhal edilməsinə imkan verir.

43 nəfər sərnişin “Professor Gül” gəmi-bərəsi ilə Qazaxıstana yola salındı

43 nəfər sərnişin “Professor Gül” gəmi-bərəsi ilə Qazaxıstana yola salındı

Koronavirus pandemiyası ilə bağlı sərhədlərin bağlanması səbəbindən Azərbaycanda qalan 35 nəfər Qazaxıstan və bu ölkədə yaşamaq icazəsi olan 7 nəfər Azərbaycan, 1 nəfər Rusiya vətəndaşı dəniz yolu vasitəsilə Qazaxıstana yola salınıb.

YAZTV xəbər verir ki, xüsusi karantin rejimində tətbiq olunan yumşalmalar və iki ölkə arasında əldə olunan razılıq əsasında sərnişinlər “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Professor Gül” gəmi-bərəsi ilə 19 may saat 22:30-da Ələt qəsəbəsində yerləşən Bakı limanından Kurık limanına göndərilib.

Sərnişinlərin hər biri yola salınmazdan öncə koronavirusa qarşı testdən keçiblər. Həmin şəxslərdə koronavirus aşkar edilməyib. Sərnişinlərin test xərclərini ASCO üzərinə götürüb.

Azərbaycan MDB-də Enerji Keçidi İndeksi üzrə birincidir

Azərbaycan MDB-də Enerji Keçidi İndeksi üzrə birincidir

Davos İqtisadi Forumu özünün yeni Enerji Keçidi İndeksi (ETI ) üzrə hesabatını dərc edib. 

Bu barədə YAZTV-ə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.

Məlumata görə, Azərbaycan indeks cədvəlində 44-cü mövqedə qərarlaşıb ki, bu da MDB məkanında ən yüksək nəticədir. İndeksdə ölkənin mövqeyi ötən hesabatla müqayisədə 13 pillə yaxşılaşıb. Azərbaycanın 2015-ci illə müqayisədə ümumilikdə 2 %lik artıma nail olunduğu göstərilib.

Ölkənin ETI indeksi üzrə ümumi göstəricisi 58,1%-dir və bu il üzrə qlobal ETI göstəricisindən (55,1%) da daha yüksəkdir. Həmçinin, müvafiq göstərici Moldovada 52,4%, Rusiya Federasiyasında 50,5%, Tacikistanda 49,8%, Qazaxıstanda 48,3%, Ukraynada 43,3%, Qırğızıstanda 42,7%-dir. İndeksin nəticələrinə əsasən Azərbaycan bu mövqeyinə görə Qatar, Misir, İordaniya, Səudiyyə Ərəbistanı, Tunis, Küveyt, İran, Birləşmiş Ərəb Əmirlikləri və Venesuela kimi bol enerji resurslarına malik ölkələri də geridə qoymağı bacarıb.

Qeyd edək ki, ETİ indeksi 2 əsas sub-indeks əsasında formalaşır: enerji sistemlərinin ümumi performans qiymətləndirilməsi və enerji keçidinə hazırlıq üzrə.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin maliyyə analitiki Ayaz Museyibov bildirib ki, müvafiq hesabat gələcək nəsillər üçün təhlükəsiz, dayanıqlı, əlçatan və inklüziv enerji sistemlərinin qurulması üçün əsas meyarları hesablayır və bərpaolunan, alternativ enerji sistemlərinə keçidi nəzərdə tutur: “Davos Forumunun yeni hesabatında ölkələrin enerji sistemləri 40 indikator üzrə 0-100 % aralığında qiymətləndirilib. Hesabatda dünya əhalisinin 90%-dən çoxunu, qlobal enerji təchizatının 93%-i və nominal ümumi daxili məhsulun (ÜDM) 98%-dən çoxunu təşkil edən 115 ölkə əhatə olunub. İndeksin hazırlanmasında 20 beynəlxalq və mötəbər hesab olunan məlumat təchizatçısının informasiyalarına əsaslanılıb”.

Ayaz Museyibov qeyd edir ki, performans qiymətləndirilməsi sub-indeksi üzrə 3 əsas istiqamətdə nailiyyətlər qiymətləndirilib:

- iqtisadi inkişaf və artım,

- enerjiyə çıxış və təhlükəsizlik,

- ətraf mühitin dayanıqlılığı.

“Bu istiqamətlərin hər biri üzrə isə çoxsaylı indikatorlar - enerji sənayesinin rəqabətqabiliyyətliliyi, ÜDM-ə tövhəsi, atmosfer çirklənməsi, adambaşına düşən karbon emissiyası, enerji təchizatının keyfiyyəti, təhlükəsizliyi və enerjiyə çıxış kimi mühüm amillər bərabər xüsusi çəkidə qiymətləndirilib. Enerji sisteminin performansı üzrə Azərbaycan 100 üzərindən 67%-lik göstəriciyə nail olub ki, bu da hesabatda ən yaxşı mövqeyə malik 30 ölkədən biri olaraq qiymətləndirilib”- deyə o bildirib.

ETI indeksinin enerji keçidinə hazırlıq sub-indeksi üzrə qiymətləndirilməsi də 6 əsas istiqamətdə formalaşıb:

- kapital və investisiya,

- tənzimləmə və siyasi loyallıq,

- institutlar və idarəetmə,

- infrastruktur və innovativ biznes mühiti,

- insan kapitalı,

- enerji sisteminin strukturu.

“Bu istiqamətlər isə enerji sektorunda kapital resurslarına çıxış, beynəlxalq öhdəliklərə sadiqlik, şəffaflıq və siyasi sabitlik, qanunların rolu, sabit maliyyələşdirmə, ticarət logistikası, nəqliyyat infrastrukturu, innovativ biznes mühiti, təhsilin keyfiyyəti, bərpaolunan enerji sektorlarında karyera imkanları, yanacaq resurslarından asılılıq və s. kimi çoxsaylı alt-indikatorlardan təşkil olunub və ölkələrin qiymətləndirilməsində bərabər çəkidə istifadə olunub. Bu sub-indeks üzrə Azərbaycanın əldə etdiyi bal 100 üzərindən 49 kimi qiymətləndirilib.

Ümumiyyətlə, hesabatda diqqət çəkən mühüm bir məqam neft idxal edən ölkələrin neft ixrac edən ölkələri bir sıra parametrlər üzrə ötməsidir ki, bu da əsasən ətraf mühitin dayanıqlılığı, yeni enerji infrastrukturuna kapital və investisiya yatırımları və enerji keçidi proseslərinə loyallıq kimi amillərlə bağlıdır. Buna əsas səbəb isə enerji idxalçılarına bərpaolunan enerji resurslarını daha çox prioritetləşdirmək istiqamətində yönələn daxili təzyiqlərlə bağlıdır. Bu baxımdan resurs ixracatçılarının bu sub-indeks üzrə balı ümumilikdə aşağı olsa da, Azərbaycan bu baxımdan Yaxın Şərqin əsas neft ixrac edən ölkələrindən daha üstün mövqeyə malikdir və MDB məkanında da ön mövqedədir” – A.Museyibov vurğulayıb.

Onun sözlərinə görə, enerji sistemlərinə olan tələb son illər qlobal miqyasda xüsusilə artır. Belə ki, 2000-ci illə müqayisədə iqtisadi artım (ÜDM ifadəsində) 60% olubsa, qlobal enerji tələbatı da buna müvafiq olaraq, 40% artıb. Məhz bu səbəbdən hər kəs üçün bərabər şərtlərlə, əlçatan və dayanıqlı enerji sisteminin qurulması xüsusi əhəmiyyətə malikdir. Koronavirus pandemiyasının da təsiri ilə hazırki dövrdə iqtisadi, maliyyə, tənzimləyici və infrastruktur baxımından dayanıqlılıq, sabitlik effektiv enerji sistemlərinə keçid üçün ilkin şərtlərdən hesab olunur.

Günün trendləri də effektiv enerji sistemlərinə keçid və iqtisadi inkişaf arasında birbaşa tətikləyici gücün olduğunu göstərir, yəni enerji keçidi iqtisadi inkişaf üçün faktor olduğu kimi, dayanıqlı iqtisadi inkişaf da enerji keçidi üçün əhəmiyyətli rol oynayır. Yeni enerji sistemlərinə keçidin bir parametri olaraq, enerji təhlükəsizliyi həm də ona görə xüsusilə əhəmiyyətli hesab olunur ki, hazırda təbii qaz neftdən fərqli olaraq, məhdud coğrafi məkanda paylanmışdır və dəyər zənciri də qeyri-adekvat hesab olunur. Bu baxımdan yeni enerji sistemlərinə istiqamətlənmə qlobal səviyyədə əhəmiyyətli hesab olunur. Bərpaolunan enerji növlərinə xərcləmələr artdıqca bu istiqamətdən əldə olunan enerjinin dəyəri də əhəmiyyətli dərcədə artır. Ancaq bununla belə hesabatda dünya ölkələrinə ətraf mühitin dayanıqlı inkişafı, siyasətlərin tənzimlənməsi, texnologiya və maliyyə yatırımlarına istiqamətlənmə də tövsiyə olunur.

Qeyd edək ki, bu il Dünya İqtisadi Forumunda da dünyanın müxtəlif regionlarından olan steykholderlər tərəfindən dayanıqlı iqtisadi inkişafa nail olmanın əhəmiyyəti xüsusi vurğulanıb. Bu baxımdan Azərbaycan iqtisadiyyatının əsas maliyyə mənbəyi karbohidrogen resurslarının istismarı ilə bağlı olsa da, 2016-cı ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Razılaşmasına dair qlobal təşəbbüsə qoşulub. Ümumilikdə isə bu istiqamətdə atdığı uğurlu addımlarla yeni bərpaolunan enerji sistemlərinin, ətraf mühitin qorunmasının və bu kontekstdə dayanıqlı inkişafa nail olmanın ölkəmiz üçün prioritet olmasını göstərib.

“AzerGold” QSC növbəti irihəcmli ixracını həyata keçirib

“AzerGold” QSC növbəti irihəcmli ixracını həyata keçirib

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) koronavirus pandemiyası dönəmində bütün sahələr üzrə fəaliyyətini Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və təlimatlarına uyğun qaydada, fasiləsiz olaraq davam etdirir. Hasilat, geoloji kəşfiyyat, inşaat eləcə də digər fəaliyyət sahələrində işlər plana uyğun, tam qrafik üzrə icra edilir.

QSC-dən YAZTV-ə verilən məlumata görə, pandemiya ilə əlaqədar ölkədə müntəzəm uçuşlara qoyulan məhdudiyyətin davam etdirildiyi bir məqamda dünya bazarlarında qiymətli metalların kəskin qiymət artımını nəzərə alaraq ixrac üçün alternativ daşınmaya müraciət edib. Beləliklə, yerli hava daşıyıcı şirkətinin təklif etdiyi əlverişi şərtlər əsasında çarter reysi vasitəsilə həyata keçirilən ixrac nəticəsində Çovdar filiz emalı sahəsində istehsal edilmiş 36 ədəd qızıl-gümüş tərkibli xəlitə saflaşdırılma və satış məqsədi ilə İsveçrəyə göndərilib.

İxrac nəticəsində 6,769.37 unsiya qızıl, 15,758.29 unsiya gümüşün satışından ümumilikdə 12 165 755,02 ABŞ dolları (20,681,783.53 AZN) həcmində vəsait ölkə iqtisadiyyatına cəlb edilib.

Qeyd edək ki, baş tutan ixrac əməliyyatı nəticəsində qızılın 1 unsiyası 1756.80 ABŞ dolları (2986.56 AZN), gümüş isə 17.34 ABŞ dolları (29.49 AZN) dəyərində satılıb. Bu, “AzerGold” QSC-nin fəaliyyəti dövründə ən yüksək hədd və nəticədə 1 unsiya üzrə bugünə qədər əldə edilmiş ən yüksək məbləğ hesab olunur.

Dünya Bankı 100 ölkəyə təcili maliyyə dəstəyi verib

Dünya Bankı 100 ölkəyə təcili maliyyə dəstəyi verib

Dünya Bankı koronavirusla mübarizə çərçivəsində inkişaf etməkdə olan 100 ölkəyə təcili maliyyə dəstəyi verib.

Bu barədə qurumun hesabatında bildirilir.

Sənədə əsasən, maliyyə dəstəyi bu ilin mart ayından bəri ölkələrin iqtisadi artımını təmin etmək, səhiyyə sistemlərini gücləndirmək, özəl sektorunu qorumaq məqsədi ilə göstərilib.

“Koronavirus təkcə inkişaf etmiş ölkələrdə 60 milyona yaxın insanı həddindən artıq yoxsulluq səviyyəsinə endirə bilər. Dünya Bankı Qrupu və digər donorlar 100 ölkədə maliyyə əməliyyatlarını təmin etmək üçün sürətli və qətiyyətli bir şəkildə hərəkət etdi” - Dünya Bankının prezidenti David Malpass bildirib. (Report)

Birinci rübdə ixrac və idxal olunan məhsulların həcmi açıqlanıb

Birinci rübdə ixrac və idxal olunan məhsulların həcmi açıqlanıb

Yanvar-mart aylarında ixrac və idxal edilən məhsulların həcmi açıqlanıb.

Dövlət Statistika Komitəsindən YAZTV-ə bildirilib ki, bu ilin yanvar-mart aylarında 2019-cu ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 9,4 faiz, şəkər 16,3 faiz, bitki yağları 2,8 dəfə, meyvə və tərəvəz konservləri 44,6 faiz, çay 5,4 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar 2,1 dəfə, kartof 37,3 faiz, pambıq lifi 15,9 faiz, polietilen 15,8 faiz, pambıq ipliyi 40,3 faiz, qara metallardan borular 1,8 dəfə artıb. Təzə meyvə ixracı isə 27,5 faiz, meyvə və tərəvəz şirələri 14,5 faiz, tütün 27,3 faiz, təbii üzüm şərabları və üzüm suslosu 69 faiz, emal olunmamış alüminium 9,8 faiz, bentonit gili 34,8 faiz azalıb.

Ötən ilin birinci rübü ilə müqayisədə cari ilin yanvar-mart aylarında təzə meyvə idxalı 14,6 faiz, bitki yağları 3 faiz, kərə yağı, digər süd yağları və pastaları 49,4 faiz, çay 25,5 faiz, mal əti 9,8 faiz, təzə tərəvəz 1,7 dəfə, minik avtomobilləri 2 dəfə, dərman vasitələri 1,8 dəfə, polad prokatı 1,7 dəfə, qara metallardan borular 1,3 faiz, qara metallardan çubuqlar 1,7 dəfə, hesablama maşınları, blok və qurğuları 1,6 dəfə, rezin şinlər 8,2 faiz, yük avtomobilləri 51,2 faiz, mebellər 6,9 faiz, polietilen 4,1 faiz, paltaryuyan maşınlar 26,8 faiz, avtobuslar 50 faiz, sement və sement klinkerləri 12,1 faiz, məişət soyuducuları 50,2 faiz artıb.

Buğda idxalı isə 59,2 faiz, kartof 3,8 faiz, quş əti və onun əlavə məhsulları 27 faiz, xam şəkər və şəkər 75,2 faiz, siqaret 79,8 faiz, mineral gübrələr 25,3 faiz, qara metallardan künclüklər 11,3 faiz, məişət kondisionerləri 56 faiz azalıb.