Monday, 17 Yanvar 2022 05:55
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Azərbaycanda aqrar sektor 4%-ə yaxın böyüyüb

Azərbaycanda aqrar sektor 4%-ə yaxın böyüyüb

Bu ilin yanvar-may aylarında Azərbaycanda 2 165,1 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib.

YAZTV  Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,6% çoxdur.

Məlumata görə, son 1 ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsulların dəyəri 5,3% artaraq 443,2 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 3,2% artaraq 1 721,9 milyon manat təşkil edib.

Naxçıvana uçuşların vaxtı açıqlandı

Naxçıvana uçuşların vaxtı açıqlandı

“Daxili uçuşlar iyunun 15-dən sonra bərpa edilməsi nəzərdə tutulur”.

YAZTV-nin verdiyi xəbərə görə, bu sözləri Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib.

“İlkin mərhələdə Naxçıvana həftədə iki dəfə reys nəzərdə tutulur. Sonrakı mərhələdə reyslərin sayı artırıla bilər.

Uçuşlar zamanı xüsusi qaydalar tətbiq ediıəcək. Bu qaydalar, qrafik və başqa təfərrüatlar haqda bu həftənin cümə axşamı günü mülki aviasiyasının nümayəndələri ictimaiyyətə ətraflı məlumat verəcəklər”, - deyə Məmmədov bildirib.

Azərbaycanda taxıl sahələrinin 11,4 faizində biçin başa çatıb

Azərbaycanda taxıl sahələrinin 11,4 faizində biçin başa çatıb

Azərbaycanda taxıl sahələrinin 11,4 faizində biçin başa çatıb. İyunun 9-dək 115328 hektar sahədə biçin aparılıb. Bunların 114472 hektarı arpa, 856 hektarı buğda sahələridir.

Kənd Təsərrüfatı Nazirliyindən YAZTV-ə verilən məlumata görə, ümumilikdə bu günə qədər sahələrdən 344545,6 ton məhsul yığılıb ki, bunun 341855,6 tonu arpa, 2690 tonu buğdadır. Orta məhsuldarlıq arpa üzrə 29,9 sent/ha, buğda üzrə 31,4 sent\ha təşkil edir. Hazırda 36 rayonda taxıl biçini davam edir. Bişin əsasən Aran bölgəsində, qismən isə dağətəyi rayonların aran hissəsində aparılır.

Bugünədək ən yüksək məhsuldarlıq Sabirabad rayonunda seydə alınıb. Rayonda arpa üzrə orta məhsuldarlıq 38,1 sentner təşkil edir. Salyan (38 sentner), İmişli (37,9 sentner), Saatlı (37,8 sentner), Samux (37,8 sentner), Ağdam (36,7 sentner) və Tərtər (34,2 sentner) rayonlarının arpa sahələrində də yüksək məhsuldarlıq müşahidə olunur.

Biçin prosesində 1154 kombayn iştirak edir. Bunlardan 419-u “Aqrolizinq” ASC-nin rayon bölmələrinin balansında olan kombaynlardır. “Aqrolizinq” tərəfindən əlavə olaraq biçin getməyən dağlıq və dağtəyi rayonlardakı bölmələrdən Aran zonasına 186 kombayn dislokasiya olunub. Biçin prosesinə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan 549 kombayn cəlb olunub.

Qeyd edək ki, bu il Azərbaycanda 1010208 hektar sahədə payızlıq taxıl əkini aparılıb. Sahələrindən 640977,6 hektarında buğda, 369240,4 hektarında apra əkini aparılıb. Biçin prosesinə ümumilikdə 1700-dən artıq kombaynın cəlb olunması nəzərdə tutulur.

İstehlak bazarında qiymətlər açıqlanıb

İstehlak bazarında qiymətlər açıqlanıb

Yanvar-may aylarında istehlak qiymətləri indeksi 2019-cu ilin eyni dövrünə nisbətən 102,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105,5 faiz, qeyri-ərzaq məhsulları üzrə 101,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 101 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən YAZTV-ə bildirilib ki, mayda istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,5 faiz, əvvəlki ilin may ayına nisbətən 102,9 faiz olub. Cari ilin mayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 98,7 faiz, əvvəlki ilin eyni ayına nisbətən 105,7 faiz təşkil edib. Cari ilin may ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox ucuzlaşma təzə balığın, pasterizə olunmamış üzlü südün, yoqurtun, tərkibində qursaq mayası olan bərk və yumşaq pendirin, yumurtanın, kərə və zeytun yağlarının, alçanın, çiyələyin, qozun, kələmin, xiyarın, pomidorun, göyərtinin, bibərin, badımcanın, göy lobyanın, çuğundurun, yerkökünün, sarımsağın, soğanın, kartofun, təzə göbələyin, quru noxudun, bahalaşma isə əsasən yumru düyünün, qarabaşaq və manna yarmasının, mal ətinin, qatılaşdırılmış şəkərli südün, süfrə marqarininin, limonun, bananın, almanın, armudun, mərcinin, təbii balın, müxtəlif içli şokoladlı konfetlərin, çayın, qəhvənin, arağın, pivənin qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Mayda qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, əvvəlki ilin eyni ayına nisbətən 101,4 faiz təşkil edib. Cari ilin mayında əvvəlki aya nisbətən ayrı-ayrı qeyri-ərzaq məhsullarından daha çox bahalaşma pambıq parçaların, boyaların, divar kağızlarının, mətbəx üçün oturacaq dəstlərinin, kondisionerlərin, ventilyatorların, qan təzyiqini ölçmək üçün elektron aparatların, minik avtomobilləri üçün şin və amortizatorların, ucuzlaşma isə əsasən kəsilmiş taxtaların, sementin, elektrik çaydanlarının, mobil telefonların qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. Bu ilin mayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100 faiz, əvvəlki ilin eyni ayına nisbətən 100,4 faiz təşkil edib.

Mayda 195-2 Çağrı mərkəzinə 3700-dən çox müraciət ünvanlanıb

Mayda 195-2 Çağrı mərkəzinə 3700-dən çox müraciət ünvanlanıb

Mayda İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı mərkəzinə 3700-dən çox müraciət olub.

Nazirliyin mətbuat xidmətindən YAZTV-a bildirilib ki, Çağrı mərkəzinə daxil olan müraciətlər əsasən, ölkəmizdə pandemiyadan zərərçəkmiş sahibkarlara dövlətin maliyyə-iqtisadi dəstək tədbirləri, vergi güzəştləri və tətilləri, tibbi maska və spirtlə təminat, lisenziyaların verilməsi, güzəştli kreditlərin, investisiya təşviqi və təsdiqedici sənədlərin alınması mexanizmi, həmçinin İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə dair digər məsələləri əhatə edib. Çağrı mərkəzinə daxil olmuş müraciətlərin əksər hissəsi operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər üzrə nazirliyin aidiyyəti strukturları tərəfindən qanunvericiliyə uyğun tədbirlər görülüb və müraciət edən şəxslərə cavab verilib.

Azərbaycan mayda gündəlik 557,2 min barrel xam neft hasil edib

Azərbaycan mayda gündəlik 557,2 min barrel xam neft hasil edib

Cari ilin may ayında ölkə üzrə gündəlik neft (kondensantla birlikdə) hasilatı 650 min barrel olub. Bunun 557,2 min barrelini xam neft, 92,8 min barrelini isə kondensat təşkil edib. 557,2 min barrel xam neftin 437,6 min barreli “Azəri-Çıraq-Günəşli” (AÇG), 119,6 min barreli isə SOCAR (Azneft” İB, birgə müəssisələr (BM) və əməliyyat şirkətləri (ƏŞ) üzrə hasil olunub.

Energetika Nazirliyindən YAZTV-ə bildirilib ki, “OPEC+” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 9,7 milyon barrel ixtisarı prosesi çərçivəsində Azərbaycan mayda sutkada xam neft hasilatını 160,8 min barrel azaldıb. Beləliklə Azərbaycan 164 min barrel həcmində olan öhdəliyini mayda 98 faizdən çox yerinə yetirib.

“Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan cari ilin may-iyun-iyul aylarında xam neft istehsalını sutkada 554 min barrel həcmində saxlamalıdır. Öhdəliklərin icrası məqsədilə gündəlik xam neft hasilatı 2018-ci ilin oktyabr ayındakı səviyyələrdən, AÇG-də 567 min barreldən azaldılaraq 434 min barreldə, SOCAR (Azneft” İB, BM və ƏŞ) üzrə isə 151 min barreldən ixtisar edilərək 120 min barrel həcmində saxlanılmalıdır.

Qeyd edək ki, aprelin 12-də “OPEC+” ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 milyon barrel, Azərbaycanda isə 164 min barrel azaldılmasını nəzərdə tutur. OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iyunun 6-da keçirilən 11-ci iclasında isə bu kvotaların müddətinin daha bir ay - iyulun sonunadək uzadılmasına dair qərar qəbul edilib.

Prezident Qobustanda yol tikintisinə 4,1 milyon manat ayırıb

Prezident Qobustanda yol tikintisinə 4,1 milyon manat ayırıb

Prezident İlham Əliyev Qobustan rayonunun Bakı–Şamaxı–Yevlax (88 km)–Ərəbqədim–Göydərə avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

YAZTV xəbər verir ki, sərəncamda qeyd edilir ki, iki min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Bakı–Şamaxı–Yevlax (88 km)–Ərəbqədim–Göydərə avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

Nazirlər Kabinetinə tapşırılır ki, bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Bugünkü valyuta hərracında tələb 52,7 milyon dollar olub

Bugünkü valyuta hərracında tələb 52,7 milyon dollar olub

İyunun 9-da Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

AMB-dən YAZTV-ə bildirilib ki, hərracda tələb 52,7 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Manatın ortaçəkili məzənnəsi isə 1,7000 səviyyəsində formalaşıb.

Pandemiyaya görə sahibkarlara verilən yardımın məbləği açıqlanıb

Pandemiyaya görə sahibkarlara verilən yardımın məbləği açıqlanıb

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, 07 iyun tarixinə İqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş 28.319 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 114.290 fərdi (mikro) sahibkar, cəmi 142.609 vergi ödəyicisi müraciət edib.

Bu barədə YAZTV-ə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 208.799 işçini əhatə edən 24.169 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib.

Digər vergi ödəyiciləri üzrə araşdırmalar davam edir. İndiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 95,77 mln. manat, o cümlədən 2-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 47,88 mln. manat təşkil edir. İyunun 7-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 23.584 vergi ödəyicisinə 203.121 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 87,71 mln. manat, o cümlədən, 2-ci ay üzrə (50%) 40,25 mln. manat vəsaitin köçürülməsi təmin edilib.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 114.290 vergi ödəyicisindən müraciət daxil olub, 106.771 müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 61,54 mln. manat təşkil edir. İyunun 7-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq 60,83 mln. manat vəsaitin 101.698 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.

Qeyd edək ki, maliyyə dəstəyi proqramı çərçivəsində müraciətlərin nəticəsi və vəsaitin bank hesabına köçürülməsi barədə bildiriş vergi ödəyicilərinin İnternet Vergi İdarəsindəki (www.e-taxes.gov.az) elektron kabinetlərinə və SMS şəklində mobil telefonlarına göndərilir. Yaranan suallarla bağlı vergi ödəyiciləri Dövlət Vergi Xidmətinin “195” Çağrı Mərkəzinə və uçotda olduqları yerli vergi orqanlarına müraciət edə bilərlər.

Bakıda avtobuslarda kondisionerlərin işləməsinə məhdudiyyət qoyuldu

Bakıda avtobuslarda kondisionerlərin işləməsinə məhdudiyyət qoyuldu

Mövcud pandemiya şəraitində avtobuslarda sərinləndirmə sistemlərinin işə salınması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi bölməsi TƏBİB-lə məsləhətləşmələr aparılır.

Bakı Nəqliyyat Agentliyindən YAZTV-ə verilən məlumata görə, TƏBİB-in tövsiyəsinə əsasən avtobuslarda havanı daxildə dövr etdirən sərinləndirmə sistemlərinin olduğundan onların işə salınmasına məhdudiyyət qoyulub: "Havanın daxildə dövr olunması COVID-19 infeksiyasının yayılma riskini artırır.

Həmçinin, bildiririk ki, avtobuslarda havalandırma sisteminin işə salınması ilə əlaqədar TƏBİB-lə müzakirələr davam etdirilir. Beynəlxalq təcrübə də nəzərə alınmaqla müəyyən qaydalar üzərində iş aparılır. Yekun qərar və qaydalar qəbul olunacaq və bu barədə əlavə məlumat veriləcək.

Buna qədər isə avtobuslarda pencərələri açıq saxlamaqla təbii havalandırmanın təmin olunması ilə bağlı göstəriş verilib.

Qeyd olunanları nəzərə alaraq sərnişinlərimizdən məsələlərə anlayışla yanaşmalarını xahiş edirik."

Azərbaycanda qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Azərbaycanda qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Azərbaycanda qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb.

YAZTV-nin məlumatına görə, iyunun 9-da qızılın qiyməti iyunun 8-i ilə müqayisədə 12,6395 manat artaraq 1 unsiya üçün 2885,886 manat təşkil edib.

Gümüş 0,0899 manat ucuzlaşaraq 1 unsiya üçün 29,8742 manata bərabər olub.

Platinin qiyməti 8,4065 manat artaraq 1418,7775 manat, palladiumun qiyməti 96,067 manat artaraq 3430,7615 manat təşkil edib.

BP ilin sonuna qədər işçilərini ixtisar edəcək

BP ilin sonuna qədər işçilərini ixtisar edəcək

Böyük Britaniyanın enerji şirkəti BP koronavirus pandemiyasının vurduğu zərəri azaltmaq üçün bu ilin sonuna qədər işçi qüvvəsinin 15%-ni ixtisar etməyi planlaşdırır.

YAZTV  bu barədə “Reuters”ə istinadən xəbər verir.

Məlumata görə, ixtisarlar şirkətin bərpa olunan enerjiyə keçid üçün nəzərdə tutulan genişmiqyaslı planının bir parçası olaraq həyata keçiriləcək.

Qeyd edək ki, BP-nin Baş icraçı direktoru Bernard Luni işçilərinə bu ilin sonuna qədər 10 min nəfəri ixtisar etməyi planlaşdırdıqlarını bildirsə də, qurumun sözçüsü hadisə ilə bağlı “Reuters”ə açıqlama verməkdən imtina edib.