Monday, 17 Yanvar 2022 04:27
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Kirayə mənzillərin siyahısına daha bir yaşayış kompleksi əlavə olunub

Kirayə mənzillərin siyahısına daha bir yaşayış kompleksi əlavə olunub

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) satmaq öhdəliyi ilə kirayə mexanizmi üzrə mənzillərin rəsmiləşdirilməsi və təhvil prosesini davam etdirir.

Fonddan YAZTV-ə bildirilib ki, koronavirus pandemiyası ilə əlaqədar ölkədə karantin rejiminin davam etməsinə baxmayaraq, ötən müddət ərzində İKZF-nin razılıq barədə qərarını əldə edən 233 vətəndaş mənzil seçimini edib və onlardan 115-i ilə satmaq öhdəliyi ilə kirayə müqaviləsinin rəsmiləşdirilməsi başa çatıb.

Bugünədək elektron sistem vasitəsilə kirayə mənzil əldə edilməsi üçün müraciət edənlərin sayı aşağıdakı kimidir:

EİKZS-də elektron kabinet yaradanlar

8912

Müraciət formalaşdıranlar

7378

Müraciət göndərənlər

6354

Sənəd təqdim edənlər

1139

Razılıq qərarı alanlar

1056

Razılıq verilməsindən imtina olunanlar

16

Mənzil seçimi edənlər

233

Rəsmiləşdirilmiş müqavilələr

115

 

Qeyd edək ki, təhvil verilən mənzillər istisna olmaqla, hazırda kirayə mexanizmi üzrə mənzil fondunda 541 mənzil var. Vətəndaşların tələbi nəzərə alınaraq may ayında fond tərəfindən yaşayış sahələrinin siyahısı genişləndirilib və daha bir yaşayış kompleksi mənzil fonduna daxil edilib. Yeni kompleks Sumqayıt şəhəri, Bulvar küçəsi ünvanında (dənizkənarı park ərazisində) yerləşir. Qeyd olunan kompleks üzrə 74 mənzil vətəndaşlara təklif olunur. Kompleksdə sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün yüksək standartlara cavab verən zəruri şərait mövcuddur.

Bir daha bildiririk ki, fond tərəfindən satmaq öhdəliyi ilə kirayə təklif edilən mənzillər vətəndaşların istirahəti üçün geniş həyətyanı sahəyə malik, əsas infrastruktur obyektlərə yaxın komplekslərdən ibarətdir. Komplekslərdə yerləşən bütün mənzillər yeni və müasir tikinti materiallarından istifadə olunmaqla yüksək səviyyədə təmir olunaraq kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz, elektrik sayğacları ilə təchiz olunub, mülkiyyət hüquqları isə dövlət qeydiyyatına alınıb. Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı fondun internet səhifəsindən (www.mcgf.gov.az), habelə “1549” Çağrı mərkəzinə zəng etməklə, həmçinin “Elektron ipoteka və kredit zəmanət” sistemindən (EİKZS) istifadə ilə bağlı məlumatı sistemdə yerləşdirilmiş təlimatla – http://mcgf.gov.az/menu/204 tanış olmaqla əldə etmək mümkündür. Eyni zamanda, vətəndaşlar fond tərəfindən satmaq öhdəliyi ilə kirayəyə verilməsi nəzərdə tutulan yaşayış sahələrinin yerləşdiyi ərazi, sayı, sahəsi və digər məlumatlarla http://mcgf.gov.az/menu/202 vasitəsilə tanış ola bilərlər.

Bakı-Sumqayıt yolunda yeni qovşaq inşa olunacaq

Bakı-Sumqayıt yolunda yeni qovşaq inşa olunacaq

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Sumqayıt yolununda avtomobil axınının qarşısını almaq üçün yeni təklif hazırlayıb.

Bu barədə agentliyin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. Onun sözlərinə görə, artıq yeni təklifin layihəsi də hazırlanıb:

“Yeni hazırladığımız təklif Binəqədi rayonun Sulutəpə qəsəbəsi ərazisindəki dairə üzərində yol qovşağının tikintisidir. Bu yol qovşağının tikintisi həmin ərazidə tıxacları aradan qaldırılmasına yardım edə bilər. Əgər təklif qəbul edilərsə, Hökməli, Müşviqabad qəsəbələri və ümumilikdə Şamaxı istiqamətinə gedən və gələn avtomobillər dairənin üzərindəki yol qovşağından keçməklə hərəkət edəcəklər”.

A.Nəcəfli bildirib ki, artıq təkliflə yanaşı yol qovşağının layihəsi də hazırlanıb: “Layihə və smeta sənədləri hazırlanıb aidiyyəti qurumlara təstiq üçün göndərilib. Layihə təstiqlənəndən sonra dərhal tikinti işlərinə başlanacaq”. (Trend)

Bakı Nəqliyyat Agentliyi sərnişinlərə xəbərdarlıq etdi

Bakı Nəqliyyat Agentliyi sərnişinlərə xəbərdarlıq etdi

Dövlətin həyata keçirdiyi profilaktik və sanitar maarifləndirmə tədbirlərinə baxmayaraq qapalı məkanlarda, xüsusən iaşə müəssisələrində, ictimai nəqliyyatda infeksiyanın yayılmasına şərait yaradan hallara yol verildiyi müşahidə olunur.

Bu barədə "YAZTV"ə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib. 

Qeyd olunub ki, dayanacaqlarda, nəqliyyat mübadilə mərkəzlərinin ərazisində gözləyərkən və avtobuslarda səyahət edərkən tibbi maskadan istifadə olunmur.

Bu kimi sosial məsuliyyətdən kənar davranışlar sərnişindaşımaların təşkili baxımından olduqca təhlükəlidir. Mövcud vəziyyət sürücülər və dispetçerlər arasında yoluxma riskini ciddi şəkildə artırır ki, bu da nəticə etibarı ilə marşrut xətlərinin fəaliyyətinin dayanmasını qaçılmaz edir.

Bu cür xoşagəlməz halların yolverilməzliyini qeyd edərək bir daha sərnişinləri anlayışlı və sosial məsuliyyətli olmağa dəvət edirik. Bildiririk ki, ictimai nəqliyyatda koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlərə birmənalı riayət olunmalıdır.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən də ictimai nəqliyyatda maskadan istifadə məcburidir. Qoruyucu maskadan istifadə etməyən sərnişinlərin ictimai nəqliyyatda hərəkəti məhdudlaşdırılacaq.

Daha bir tikinti şirkətinin təsisçiləri barədə cinayət işi başlandı

Daha bir tikinti şirkətinin təsisçiləri barədə cinayət işi başlandı

“Konstra” Mənzil Tikinti Kooperativinin təsisçilərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciətlər araşdırılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən YAZTV-ə verilən məluta görə, aparılmış araşdırmalarla “Orxan TİT” MMC-nin (hazırda “Şəhər İncisi Yaşayış Kompleksi”) sifarişçisi olduğu Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 13/15 saylı ünvanda tikilməkdə olan çoxmərtəbəli yaşayış binasındakı 143 mənzil və 345 m2 qeyri-yaşayış sahəsi, eyni zamanda 13 qarajın podratçı “Konstra” MTK-nin təsisçiləri tərəfindən satış hüquqları olmadığı halda vəzifə səlahiyyətlərindən sui-istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə ayrı-ayrı şəxslərə qanunsuz sataraq əldə edilmiş pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin və qanuni mənafeləri pozulmuş vətəndaşların dairəsinin tam müəyyənləşdirilməsi, habelə vurulmuş ziyanın ödətdirilməsi istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycanda 1, 5 və 50 manatlıq pul nişanları yenilənir

Azərbaycanda 1, 5 və 50 manatlıq pul nişanları yenilənir

2019-cu ildə Azərbaycan Mərkəzi Bankı (AMB) dövriyyədən 7,7 milyard manatlıq 423 milyon ədəd pul nişanını çıxarıb, əvəzində 9,7 milyard manatlıq 507 milyon ədəd pul nişanını dövriyyəyə buraxıb.

YAZTV  bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, ümumilikdə ötən il tədavüldə olan nağd pul kütləsi 24,4% (2 milyard manat və yaxud 83,7 milyon ədəd) artaraq hesabat dövrünün sonuna 10,4 milyard manat təşkil etmişdir. 2019-cu ilin sonuna AMB-nin nağd pul üzrə strateji ehtiyatları 19,6 milyard manat təşkil edib.

İqtisadiyyatın 2021-ci ilin sonunadək nağd pulun strukturuna olan tələbatını tam ödəmək məqsədilə 2019-cu ildə yenilənmiş dizayna və mühafizə sisteminə malik 10 manatlıq (400 milyon manat) və 1, 3 və 5 qəpiklik (1,7 milyon manat) istehsal olunaraq ölkəyə gətirilib, 1, 5 və 50 manatlıq pul nişanlarının (3,36 milyard manat) istehsalı prosesləri isə davam edir.

Sürücülərin DİQQƏTİNƏ: Sabahdan bu prospekt təmirə bağlanır

Sürücülərin DİQQƏTİNƏ: Sabahdan bu prospekt təmirə bağlanır

İyunun 1-dən səhər saatlarından Abşeron rayonu, Heydər Əliyev prospektində hərəkət qısamüddətli məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən YAZTV-ə verilən məlumata görə, yolun bağlanması aparılan təmir-tikinti işləri ilə əlaqədardır.

Buna görə də sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.

BNA vətəndaşlara tibbi maska paylayıb

BNA vətəndaşlara tibbi maska paylayıb

Bakı Nəqliyyat Agentliyinin (BNA) həyata keçirdiyi aksiya çərçivəsində könüllülər tərəfindən bu dəfə "Gənclik" metrostansiyası ətrafında yerləşən dayanacaqlarda və avtobuslarda vətəndaşlara koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair təlimat broşürləri və maskalar paylanılması, eləcə də sərnişinlərin maarifləndirilməsi həyata keçirilib.

YAZTV xəbər verir ki, bu barədə Agentlikdən verilən məlumatda deyilir.

Bildirilir ki, aksiya qarşıdakı günlərdə də davam edəcək və "Nəqliyyat Könüllüləri" səhər və axşam pik saatlarında daha çox sərnişin axını müşahidə olunan dayanacaq məntəqələrində sərnişinlərə maska və maarifləndirici broşürlər paylayacaqlar.

ARDNF valyuta hərraclarındakı satışını 56% artırıb

ARDNF valyuta hərraclarındakı satışını 56% artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 3 637 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.

YAZTV Fonda istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 56,2% çoxdur.

Təkcə may ayında isə ARDNF-in valyuta satışının məbləği 334 milyon dollar təşkil edib. Bu isə ötən ilin may ayına nisbətən 5,2% azdır.

“Naxçıvan” gəmisi təmir olundu - FOTOLAR

“Naxçıvan” gəmisi təmir olundu - FOTOLAR

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus “Naxçıvan” gəmi-bərəsi əsaslı təmir olunub. “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir işləri planlaşdırılmış şəkildə və yüksək keyfiyyətlə həyata keçirilib.

YAZTV xəbər verir ki, gəmi-bərənin baş və köməkçi mühərrikləri, nasos və separatorları əsaslı təmir olunub. Boru quraşdırma işləri yerinə yetirilib. Gəmi üzrə gövdə qaynaq, avtomatika işləri görülüb, elektrik avadanlıqları təmir olunub, yeni kompressorlar quraşdırılıb.

Bundan başqa, gəmi-bərənin yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir edilib, yeni mebellər quraşdırılıb.

“Naxçıvan” gəmi-bərəsinin sualtı və suüstü hissəsi, vaqon göyərtəsi, üst göyərtəsi də təmizlənərək rənglənib.

Dəniz-sınaq yoxlamasından uğurla çıxan gəmi-bərə yenidən istismara qaytarılıb.

Məlumat üçün bildirək ki, uzunluğu 154.55, eni isə 18.3 metr olan “Naxçıvan” gəmi-bərəsinin maksimal sürəti 15 uzeldir.

Qeyd edək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Xəzərdə yeganə bərə operatorudur.

 


 

Azərbaycan Qazaxıstana alüminium profil ixracına başladı

Azərbaycan Qazaxıstana alüminium profil ixracına başladı

Sumqayıt Texnologiyalar Parkı (STP) Qazaxıstanın Almatı şəhərinə ilkin olaraq 20 ton məhsul göndərib.

STP-dən YAZTV-ə verilən məlumata görə, əməkdaşlıq çərçivəsində imzalanan müqavilə mütəmadi satışı nəzərdə tutur. STP fəaliyyəti ərzində Qazaxıstana bir sıra ixrac əməliyyatlarını reallaşdırsa da, bu alüminium profillərin həmin ölkəyə ilk ixracıdır. Azərbaycan istehsalı alüminium profillərin Qazaxıstan bazarında satışlarının zamanla artacağı gözlənilir.

Texnopark ötən ay Qazaxıstanla yanaşı Misir, Türkiyə və Ukraynaya da alüminium profil və pəstah məhsulları ixrac edib. Sadalanan ölkələr ilə yanaşı, STP bu günə kimi Danimarka, Polşa, Estoniya və Yunanıstan kimi ölkələrə alüminium profil və pəstahların ixracını həyata keçirdib.

Sumqayıt Texnologiyalar Parkı alüminium profillərin ixracını genişləndirmək məqsədilə xarici bazarları araşdırmağa davam edir. Hazırda Ukrayna, Rusiya və İspaniyada potensial müştərilərlə danışıqlar aparılır. Yaxın gələcəkdə bu ölkələrə də ixrac etmək ehtimalı və potensialı böyükdür.

Alüminium profil və pəstah məhsulları Texnoparkın Alüminium və Mis Profilləri zavodunda istehsal olunur. 2014-cü ildə istismara verilən zavodda alüminium profillərin istehsalı, toz boya, alüminium əritmə və pəstahalma, mis əritmə sahələri fəaliyyət göstərir. Toz boya sahəsinin aylıq layihə gücü 240 tondur. Alüminium əritmə və pəstahlama sahəsinin illik istehsal gücü isə 30000 ton təşkil edir.

Qeyd edək ki, regionda texnoparkların yaradılmasında pioner olan Sumqayıt Texnologiyalar Parkı müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. Park 2009-cu il dekabr ayının 22-də dövlət başçısı İlham Əliyev tərəfindən istismara verilib. Zavodlar kompleksi neft və qaz, tikinti, energetika və kənd təsərrüfatı sənayesi üçün geniş çeşiddə məhsullar istehsal edir. Kabel, polimer boru, elektrik avadanlıqları, metal konstruksiyalar, qəliblər, press formalar və ştamplar bu məhsullardandır.

Ukrayna dairəsindəki yeni piyada keçidi yaxın günlərdə istifadəyə veriləcək

Ukrayna dairəsindəki yeni piyada keçidi yaxın günlərdə istifadəyə veriləcək

Bakının Xətai rayonunda, Ukrayna dairəsində inşa edilən yerüstü piyada keçidində tikinti işləri başa çatdırılıb.

Bu barədə YAZTV-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. Onun sözlərinə görə, hazırda keçiddə son tamamlanma işləri görülür: "Keçiddə işlər yekunlaşmaq üzrədir. Keçidin tikinti-quraşdırma işləri başa çatıb, ətraf ərazilərdə abadlaşdırma işləri aparılır. Yaxın vaxtlarda keçid istifadəyə veriləcək".

Xatırladaq ki, Ukrayna dairəsi üzərində inşa olunan iri yerüstü piyada keçidinin uzunluğu 76.50 metrdir. Keçidin daxili hündürlüyü 3.0 metr, keçidaltı qabariti 5.50 metrdir. Piyada keçidi 2 giriş-çıxışdan ibarətdir. Metal konstruksiyalı keçiddə 2 ədəd lift quraşdırılıb. Tikinti aliminium kompozit panel bəzək və şüşə örtükdən ibarətdir.

Paytaxtın bu küçəsində hərəkət məhdudlaşdırılacaq

Paytaxtın bu küçəsində hərəkət məhdudlaşdırılacaq

Aparılan təmir işləri ilə əlaqədar İstiqlaliyyət küçəsi ilə BMT-nin 50 illiyi küçəsinin kəsişməsində bu gün avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən YAZTV-ə bildirilib ki, buna görə də, sürücülərdən alternativ olaraq Lermontov və Bünyad Sərdarov küçələrindən istifadə etmələri xahiş olunur.